Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar metronun "Gənclik" stansiyasının yaxınlığındakı istirahət parkında açıq havada Ulu Öndərin əziz xatirəsinə həsr edilən "Bir ömrün simfoniyası" adlı klassik musiqi konserti keçirilib.
Paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu "Archi" kamera orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.
Konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video və fotomateriallar nümayiş etdirilib, onun sevdiyi klassik mahnılar səsləndirilib.
Qeyd edilib ki, son illərdə dövlət başçısı cənab İlham Əliyevin ölkəmizin və o cümlədən, paytaxtın inkişafı istiqamətində gördüyü işlər və həyata keçirilən böyük layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. İstifadəyə verilən müasir istirahət parkları və bağlar paytaxtımızı yaşıllıqlar şəhəri edib.
Konsertdə Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Aqşin Əlizadə, Arif Məlikov, Müslüm Maqomayev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı, dünyaşöhrətli Yohannes Brams və Astor Piazzollanın də əsərləri ifa edilib, Ulu Öndərin sevdiyi "Küçələrə su səpmişəm" xalq mahnısı səsləndirilib.
Azərbaycanın mədəniyyət xadimlərinin bir-birindən maraqlı ifaları ilə keçən təntənəli konsert iştirakçıların böyük marağına səbəb olub, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanıb.
Konsertə Müslüm Maqomayevin "Azərbaycan" mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Təhminə VERDİYEVA,
"Azərbaycan"