Zəfər rəmzimiz Şuşa bu gün regionun mühüm siyasi və mədəni mərkəzinə çevrilərək özünün yeni intibah dövrünü yaşayır
"Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir...
...Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib... ...Yəni bu şəhər öz kimliyini qoruya bilmişdir".
Qarabağın xilaskarı İlham Əliyevin bəyan etdiyi kimi, dünya azərbaycanlılarının vətən qibləsi olan Şuşa xalqımızın milli mənliyinin, sarsılmaz ruhunun və qəhrəmanlıq tarixinin simvoludur. 28 illik ayrılıqdan sonra 2020-ci ilin 8 noyabr tarixində öz doğma sahiblərinə qovuşan bu qədim yurd yeri, bu gün artıq regionun mühüm siyasi və mədəni mərkəzinə çevrilərək özünün yeni dirçəliş dövrünü yaşayır.
Dirçəliş salnaməsi
Şuşa şəhərinin Prezident İlham Əliyev tərəfindən mədəniyyət paytaxtımız elan edilməsi də bu diyarın dirçəliş salnaməsinin əsas səhifələrindən oldu.
7 may 2021-ci ildə qəbul edilən bu qərar Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalandı.
Prezidentin sərəncamında vurğulanır ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur: "1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır".
Zəfər qalamız Şuşanın əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Təbii strateji mövqeyi və füsunkar təbiəti ilə seçilən bu şəhər qısa zamanda Qarabağ xanlığının mərkəzi və mühüm ticarət-mədəniyyət ünvanı kimi formalaşıb. 17 məhəlləsi, hər məhəllənin öz məscidi, hamamı və bulağı ilə Şuşa, Şərq memarlığının ən nadir incilərindən biri hesab olunur.
Şuşanın Azərbaycan ruhunu qorumasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. 1970-ci illərdə onun təşəbbüsü ilə 10 avqust 1977-ci ildə Şuşa şəhəri tarix-memarlıq qoruğu elan edilib, şəhər ümumittifaq səviyyəli kurort mərkəzinə çevrilib, Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb, Poeziya Günləri ənənəsinin əsası qoyulub. Bir sözlə, burada azərbaycançılıq məfkurəsi daha da möhkəmləndirilib.
Şuşanın Ulu Öndərin qəlbində hansı uca məqamda olduğunu dahi şəxsiyyətin bu qədim şəhər haqqında dediyi sözlərdən də duymaq olur: "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar.
Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
Qala şəhərimizdə yazılan qəhrəmanlıq dastanı
Vətən müharibəsində Şuşanın azad edilməsi dünya hərb tarixinə düşən ən nadir əməliyyatlardan biridir. Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri sıldırım qayaları yüngül silahlarla dırmaşaraq, əlbəyaxa döyüşlərdə düşməni darmadağın etdilər.
8 noyabr 2020-ci ildə Prezident İlham Əliyevin Şəhidlər xiyabanından səsləndirdiyi "Əziz Şuşa, sən azadsan!" müjdəsi hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu.
2021-ci ildə Zəfər yolu ilə Şuşaya gələn müzəffər sərkərdə İlham Əliyev özü ilə Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün düşmən tərəfindən güllələnmiş büstlərini də Şuşaya gətirdi. Bununla həm də Şuşaya, Qarabağa Azərbaycan ruhunun döndüyünü, bu qədim yurdun tezliklə xoşbəxt günlərə qovuşdurulacağının mesajını verdi.
Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi şəhərin tarixi simasının bərpası və onun beynəlxalq aləmdə təbliği üçün yeni bir mərhələnin başlanğıcı oldu.
Şuşanın dirçəlişi Prezident İlham Əliyevin diqqəti altındadır. Şəhərin baş planı hazırlanarkən onun tarixi görkəminin saxlanılması əsas prinsip kimi götürülüb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşadakı məscidlərimiz və tarixi binalar sürətlə bərpa edilib və bu proses uğurla davam etdirilir.
Şuşada keçirilən "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlər mədəniyyət paytaxtımızı yenidən dünya gündəminə gətirdi.
2021-ci il iyunun 15-də - Qurtuluş Günündə Şuşada Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi bu şəhərin təkcə mədəni deyil, həm də strateji və diplomatik əhəmiyyətini beynəlxalq aləmə nümayiş etdirdi. Bu sənədlə Şuşa həm də türk dünyasının birlik rəmzinə çevrildi.
Azadlığının üzərindən ötən qısa zaman ərzində qoynunda musiqi festivalları, poeziya günləri, beynəlxalq toplantılar düzənlənən musiqimizin beşiyi Şuşanın 270 illik təntənəli yubileyi keçirilib, 2022-ci il Azərbaycanda başdan-başa "Şuşa ili" kimi qeyd olunub. Böyük qələbəmizlə qürur duyan dünya azərbaycanlıları Zəfər qurultaylarını Şuşada keçiriblər.
Şuşada Azərbaycan ruhu
Şuşa müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında yenidən qurulur. Burada aparılan sürətli quruculuq və bərpa işləri sayəsində şəhərə doğma sakinlərinin qayıdışı da artıq reallaşıb. Bu tarixi yurdumuza ilk köç 2024-cü il mayın 10-da baş tutub. Ötən müddətdə 377 ailə, 1411 nəfər doğma yurduna qovuşub.
Şuşanın onilliklərdən sonra öz doğma sakinlərini məhz Ulu Öndərin doğum günündə bağrına basması tarixin ən gözəl ədalət nümunələrindən biridir. Bu köç həm də Azərbaycan ruhunun öz tarixi məskəninə qayıtmasının simvoluna çevrildi.
Həmin gün Şuşa otuz iki illik həsrətdən sonra öz əzəli sakinlərinin ayaq səsləri, uşaq gülüşləri və sevinc göz yaşları ilə yenidən doğuldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya köçən ilk sakinlərlə görüşdəki çıxışı, həm də bir liderin xalqına verdiyi vədin tam mənası ilə yerinə yetirilməsinin təntənəsi idi: "Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim".
Qarabağın xilaskarı İlham Əliyev bütün dünyaya bəyan etdi ki, Şuşa artıq dirçələn, nəfəs alan və öz yeni, möhtəşəm tarixini yazan canlı əfsanədir.
Bu gün Şuşanın küçələrində gəzərkən insanın ruhu qanadlanır. Şəhərin üzərindəki duman artıq kədərin deyil, vüqarın rəmzidir. İndi Şuşada Günəş də fərqlidir, xarıbülbüllər daha vüqarla boy atır. Çünki azad Şuşa artıq öz sahiblərinin nəfəsi ilə isinir, onun məscidlərindən ucalan azan səsi, Cıdır düzündən bütün Qarabağa yayılan muğam sədası Azərbaycan ruhunun bu torpaqlara əbədi qayıdışını təcəssüm etdirir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"