Meksika Deputatlar Palatasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Meksikadakı səfirliyimizin təşkilatçılığı ilə ölkənin tarixi San Lazaro Qanunvericilik Sarayında 28 May – Müstəqillik Günü təntənəli konsert proqramı ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Meksika hökumətinin üzvləri, parlament nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar, akademik və elmi dairələrin, media təmsilçiləri, həmçinin Azərbaycanın dostları və diaspor nümayəndələri iştirak ediblər.
Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan müsəlman Şərqində ilk dünyəvi, parlamentli və demokratik respublika kimi tarixə düşüb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlətçilik ənənələrinin formalaşması, demokratik institutların yaradılması və milli kimliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi irs qoyub.
Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və müasir Azərbaycanın inkişafındakı tarixi rolu xüsusi vurğulayıb.
Tədbirdə Azərbaycan ilə Ermənistan arasında postmünaqişə dövründə sülh və əməkdaşlıq istiqamətində atılan addımlara da toxunulub. Azərbaycanın Avrasiya məkanında strateji nəqliyyat və enerji körpüsü kimi artan əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Səfir çıxışında Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) uğurla təşkil olunub və Meksikanın yüksəksəviyyəli nümayəndə heyəti ilə forumda təmsil olunması məmnunluqla qarşılanıb. Həmçinin Meksikanın WUF14-ə ev sahibliyini qəbul etməsinin Azərbaycan–Meksika əməkdaşlığının inkişafına yeni töhfələr verəcəyi vurğulanıb.
Azərbaycan–Meksika münasibətlərinin son illərdə dinamik inkişaf etdiyi, parlamentlərarası əməkdaşlığın, qarşılıqlı səfərlərin və humanitar əlaqələrin genişləndiyi qeyd olunub. Qeyd edilib ki, Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika–Azərbaycan Dostluq Qrupunun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib.
Sonda Azərbaycan və Meksika xalqları arasında dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Meksika xarici işlər nazirinin müavini Mariya Teresa Merkado Perez Meksika Xarici İşlər Nazirliyi adından Azərbaycan xalqına və hökumətinə Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırıb. Coğrafi uzaqlığa baxmayaraq, bu gün bir-birinə yaxın olan iki xalqın dostluğunun qeyd edildiyini bildirib.
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın qədim dövrlərdən bəri sivilizasiyalar arasında mühüm körpü rolunu oynadığını vurğulayan nazir müavini ölkəmizin fərqli mədəniyyətləri, dilləri və ticarət yollarını birləşdirməsinin Meksika tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, hər iki ölkə mədəniyyətlərarası dialoqun, əməkdaşlığın və beynəlxalq səviyyədə sülhün təşviqinə mühüm töhfə verir. Nazir müavini, həmçinin vurğulayıb ki, Meksika və Azərbaycanı birləşdirən əsas dəyərlərdən biri suverenliyə, milli kimliyə və xalqların ləyaqətinə olan dərin hörmətdir.
Meksika–Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat Dulse Mariya Viyyeqas Quarneros bu tədbirdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu bildirib. Deputat vurğulayıb ki, bugünkü tədbir Azərbaycan ilə Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini nümayiş etdirən mühüm platformadır. Onun sözlərinə görə, Azərbaycan öz tarixi, mədəni və bədii irsinə bağlılığını qoruyaraq, beynəlxalq arenada getdikcə daha fəal rol oynayan ölkəyə çevrilib. Məhz buna görə də qeyd olunan bayram yalnız milli deyil, eyni zamanda, mühüm diplomatik əhəmiyyət daşıyır. Çıxış zamanı Meksika Deputatlar Palatası adından Azərbaycan ilə Meksika arasında əməkdaşlıq, qarşılıqlı anlaşma və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Natiqlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edərək, əməkdaşlıq perspektivlərinin geniş olduğunu qeyd ediblər.
Rəsmi çıxışlardan sonra tədbir iştirakçılarına Azərbaycan və Meksika bəstəkarlarının əsərlərindən ibarət xüsusi konsert proqramı təqdim olunub. Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi, solist Selcan Fermor-Heskethin çıxışı və Meksikada yaşayan həmyerlimiz Nana Babayevanın rəhbərlik etdiyi orkestr kollektivinin iştirakı ilə ərsəyə gələn təntənəli musiqi proqramı qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Konsert proqramı boyunca səsləndirilən əsərlər Azərbaycan və Meksika xalqlarının zəngin musiqi ənənələrini əks etdirərək mədəniyyətlərarası dialoqun inkişafına töhfə verib.
Qeyd edək ki, tədbir Meksika Deputatlar Palatasının rəsmi sosial media kanalları vasitəsilə canlı yayımlanıb və geniş auditoriya tərəfindən izlənilib.