Xalqımız müstəqillik tarixinin ən şanlı, ən qürurlu, ən qüdrətli günlərini yaşayır. Bu gün müasir Azərbaycan 108 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətə çevrilib. Vətən müharibəsindən ötən altıillik zaman kəsiyində həm də 28 May Müstəqillik Gününü bir ayrı əhvalda, təntənədə, coşquda qeyd edirik. Şanlı tariximizin dərinliklərindən gələn azadlıq nərəsi, bu gün Bütöv Azərbaycanın səmalarında əks-səda verir. 108 il əvvəl cümhuriyyət qurucularının vətən üzərində dalğalandırdıqları üçrəngli, ay-ulduzlu bayrağımız bu gün işğaldan azad edilmiş torpaqlarda, Xankəndidə, Şuşada, Xocalıda qürurla dalğalanır.
Dövlətçilik tarixi
Azərbaycanın dövlətçilik tarixi 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə yeni və mütərəqqi bir mərhələyə qədəm qoydu. Müsəlman Şərqində ilk parlamentli respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 aylıq fəaliyyəti dövründə fundamental islahatlara imza atdı.
Azərbaycan Xalq Cümhuriyyəti ən mürəkkəb tarixi şəraitdə milli dövlətçiliyimizin təməllərini ataraq üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirdi. Qısa müddətdə ölkənin parlamenti, hökuməti və idarəetmə aparatı quruldu, sərhədlər müəyyən edildi, milli atributlar - bayraq, himn və gerb təsis olundu. Ordunun yaradılması, ana dilinin dövlət dili elan edilməsi və ilk universitetin açılması xalqın gələcək mədəni-ictimai yüksəlişi üçün mühüm zəmin hazırladı. İnsan bərabərliyi prinsiplərinə sadiq qalan cümhuriyyət dini və etnik fərq qoymadan bütün vətəndaşlara bərabər hüquqlar verdi. AXC-nin beynəlxalq birlik tərəfindən tanınması tarixi əhəmiyyət kəsb etdi. Məhz bu nailiyyət sayəsində 1920-ci ilin bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı.
Ötən əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan məhz bu zəngin irsə söykənərək yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təfəkkürü cümhuriyyət ideallarını müasir reallıqlarla birləşdirərək müstəqilliyimizi sarsılmaz etdi.
Müstəqilliyimizin qorunub saxlanılması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin bərpasında da Ümummilli Liderin xüsusi xidməti olmuşdur. Muxtar respublikanın Ali Sovetinin 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə çağırılan sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar verildi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Hələ SSRİ-nin mövcud olduğu dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi, faktiki olaraq müstəqilliyə gedən yolun ideoloji təməli idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edərək, AXC-nin yarımçıq qalmış dövlətçilik irsini müasir dünyəvi modeldə inkişaf etdirdi. O, hər zaman vurğulayırdı ki, müasir Azərbaycan dövləti 1918-ci il cümhuriyyətinin hüquqi və mənəvi varisidir. Ümummilli Liderin uzaqgörən siyasəti sayəsində Azərbaycan sadəcə dövlətçiliyini bərpa etmədi, həm də xalqımız özünəinamını, milli kimliyini və dövlət rəmzlərini əbədiləşdirdi.
Müstəqillik irsinin davamı
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Onun rəhbərliyi ilə son iyirmi ildə Azərbaycan öz müstəqilliyini iqtisadi qüdrətlə daha da möhkəmləndirib.
Məhz bu uzaqgörən siyasətin məntiqi nəticəsidir ki, müasir Azərbaycan dünyada nüfuzlu dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərbi və diplomatik cəbhədə qazandığı zəfərlərlə cümhuriyyət qurucularının arzularını tamamlayıb. Hazırda Azərbaycan beynəlxalq müstəvidə tam müstəqil siyasət yürüdən azsaylı ölkələrdən biri kimi öz sözünü qətiyyətlə deyir. Ulu Öndərin təməlini qoyduğu və Prezident İlham Əliyevin qətiyyətlə irəli apardığı müdrik siyasət müstəqilliyimizin əbədi və dönməz xarakter almasını təmin edib.
Bu dövrün ən böyük nailiyyəti 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin tam təmin edilməsidir.
Prezident İlham Əliyev müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin təbliğini və qorunmasını hər zaman dövlət siyasətinin mərkəzində saxlayır. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi və 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması bu diqqətin bariz nümunəsidir. Eyni zamanda Prezidentin təşəbbüsü ilə qəbul edilən "Müstəqillik günü haqqında" qanunla mayın 28-nin Müstəqillik Günü elan edilməsi tarixi ədalətin bərpası və dövlətçilik ənənələrinə sadiqlik rəmzidir.
Altıncı ildir ki, Azərbaycan xalqı 28 May Müstəqillik Gününü tarixi zəfərin qüruru ilə, qalib xalq kimi qarşılayır. Bu müqəddəs bayram artıq erməni işğalından azad edilmiş doğma torpaqlarımızda da böyük coşqu ilə qeyd olunur.
Azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin real təzahürü, dövlətimizin sarsılmaz gücünün göstəricisidir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan öz tarixinin heç bir dövründə indiki qədər qüdrətli və əzəmətli olmayıb.
Torpaqlarımızı azad edərək Azərbaycanı bütövləşdirən qalib lider İlham Əliyev hər il 28 May Müstəqillik Günündə xalqımıza xoş müjdələr verməyi, həmin günü tarixə, ikiqat bayrama çevirməyi də ənənəyə çevirib. Dövlətimizin başçısı İlham Əliyevin quruculuğun ilk təməl daşını 28 may 2021-ci ildə Ağdamda qoyması, 2022-ci ildə Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşməsi, 2023-cü ilin Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etməsi, 28 may 2024-cü ildə xocalılılarla Xocalıda görüşü müstəqillik tariximizə yazılmış qızıl səhifələrdir.
Ötən il 28 May Müstəqillik Gününün əlamətdar hadisələrindən biri strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəmzi olaraq yaşıl lentini kəsdikləri bu Beynəlxalq Hava Limanı ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi.
Bəli, ötən əsrin əvvəlində qaldırılan üçrəngli müqəddəs bayraq cəmi 23 ay dalğalansa da, xalqımızın ruhuna əbədi müstəqillik ideyası hopdurdu. 108 il əvvəl Tiflisdə imzalanan İstiqlal Bəyannaməsi ilə başlanan yol, bu gün Şuşada, Xankəndidə, Laçında... dalğalanan bayrağımızla öz məntiqi zirvəsinə çatdı.
Bütöv Azərbaycanın qalib vətəndaşları kimi qeyd etdiyimiz 28 May Müstəqillik Günü bizim üçün həm də milli birliyin və əbədi suverenliyin rəmzidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"