Silahlı Qüvvələr Günü Müzəffər Ali Baş Komandanın və qalib ordunun izi ilə
O gün ayın 26-sı idi - Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün. Vətənin keşiyində mətin dayanan igidlərimizin şərəfinə qeyd etdiyimiz bu əlamətdar gündə yolumuz Qarabağa düşmüşdü. Bu mənalı səfər "Azərbaycan" qəzeti redaksiyası Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutmuşdu. Fərqli şöbələrdə çalışan həmkarlarımızla birlikdə çıxdığımız bu yol sadəcə bir kollektivin səfəri deyildi. Bu, bir vaxtlar işğalda olan torpaqları mənəvi ziyarət, qəhrəmanlıq tariximizə ehtiram, azadlığın qiymətini bir daha duymaq üçün unudulmaz bir fürsət idi. Çünki Qarabağa aparan yolları məhz Azərbaycan əsgərinin rəşadəti, igidliyi və qəhrəmanlığı açıb. Azad nəfəsi bu torpaqlara gətirən, illərin həsrətini sona çatdıran, Qarabağın sükutunu Zəfər nəğməsi ilə əvəz edən isə Müzəffər Ali Baş Komandan İlham Əliyev olub.
Sözsüz ki, bu yolun öz rəmzi mənası vardı. Çünki illər boyu qəhrəman Azərbaycan Ordusunun şücaətindən, əsgərlərimizin fədakarlığından, Vətən uğrunda canından keçən oğullarımızın igidliyindən yazan qələm adamları bu dəfə sözün yox, Zəfərin keçdiyi yollarla addımlayırdılar. Bir vaxtlar cəbhədən gələn xəbərləri həyəcanla yazan əllər indi azad Qarabağın torpağına toxunur, illərlə televiziya ekranlarından seyr etdiklərini öz gözləri ilə görürdülər. Bu günə qədər biz istər 44 günlük savaş vaxtı, istərsə də Böyük Zəfərdən sonra Prezident İlham Əliyevin xalqa müraciətlərini, qələbə xəbərlərini, işğaldan azad olunan şəhər və kəndlərdən verdiyi müjdələri televiziya ekranlarında görmüş, rəsmi çıxışlarını, imzaladığı fərman və sərəncamları qəzet səhifələrində, xəbər saytlarında oxumuşduq. İndi isə biz qələbənin təntənəsini, quruculuğun yüksəlişini, yenidən dirçələn Qarabağı ekranlardan deyil, öz gözlərimizlə görməyə doğru yol alırdıq. Və gördük də...
Yolboyu eyni duyğu hər birimizi müşayiət edirdi: bəzən tarix insana elə anlar yaşadır ki, onları təsadüf adlandırmaq doğru olmur. Zəfəri bizə bəxş edən Müzəffər Azərbaycan Ordusunun şərəfinə qeyd etdiyimiz bu əziz gündə Qarabağa yol almaq qəhrəmanlıqla yoğrulmuş torpağa ehtiramla baş əymək, azadlığın qoxusunu ciyərlərinə çəkmək, hər daşında, qayasında, havasında Zəfərin izini duymaq demək idi. Bizi Qarabağa aparan avtobusun pəncərəsindən baxarkən gözlərimiz önündə tamam başqa bir Qarabağ açılırdı. Sıldırım qayaların sinəsini yararaq uzanan müasir magistrallar, xarabalıqlar üzərində salınan yaşayış məntəqələri, yenidən nəfəs alan kəndlər, yüksələn şəhərlər, üfüqə qədər uzanan tikinti meydançaları bir həqiqəti bütün əzəməti ilə təsdiqləyirdi: bu torpaqlarda artıq müharibənin yox, quruculuğun səsi eşidilir.
Nəhayət, Qarabağ torpağı bizi bağrına basdı. Kollektivimizi müqəddəs torpaqda ilk qarşılayan Azərbaycan polisi oldu. İstər nəzarət-buraxılış məntəqəsində, istərsə də Şuşada və Xankəndidə polislərin mehribanlığı, insanlarla səmimi davranışı diqqətimizi xüsusi çəkdi. Onların peşəkarlığı, ziyarətçilərə təmkinli münasibəti və vətəndaşlara göstərdikləri qayğı bir daha sübut edir ki, Azərbaycan polisi qanunun keşiyində dayanmaqla bərabər, həm də xalqın yanındadır. Onlar 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Qarabağda və Şərqi Zəngəzurda fədakar xidmətləri ilə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. İşğaldan azad olunmuş torpaqlarda təhlükəsizliyin, asayişin təmin olunmasında böyük əməyi olan polis əməkdaşları əsl qəhrəmandırlar.
Biz isə pəncərədən görünən Ağdam mənzərələrini sükut və dəhşət içində seyr edirdik. Yolboyu gözümüzə dəyən viranə qalmış yurd yerləri, dağıdılmış evlərin qalıqları, ömrü yarımçıq qalmış həyətlər illərlə bu torpağın yaşadığı ağrını səssizcə "danışırdı". Bəzi divarlar hələ də ayaqda idi, amma onların da susqunluğu sanki "burada bir zamanlar həyat vardı" deyirdi. Sən demə, düşmən təkcə evləri dağıtmayıb, insanların xatirələrini, uşaqlıq səslərini, ocaqların istiliyini də yerlə yeksan etməyə çalışıb! Amma bacarmayıb! Çünki Vətənin ruhunu dağıtmaq mümkün deyil. Bu gün həmin xarabalıqların yanında yüksələn yeni tikililər, çəkilən yollar və davam edən quruculuq işləri göstərir ki, Qarabağ yenidən dirçəlir, öz doğma nəfəsini geri qaytarır. Xarabalıqlar keçmişin acı həqiqətini xatırladırdısa, ucalan yeni binalar gələcəyin ümidini müjdələyir.
Həmin xarabalıqların fonunda isə Ağdamın yenidən inşa olunması qəlbimizi fərəhlə doldururdu. Bir tərəfdə dağıdılmış evlərin susqun qalıqları, digər tərəfdə isə ucalan çoxmərtəbəli binalar, sıralanan yeni yaşayış kompleksləri və salınan geniş yollar Ağdamın sürətlə canlandığını göstərirdi. Sanki keçmişin ağrısı ilə gələcəyin ümidləri eyni mənzərədə üz-üzə dayanmışdı. Bu mənzərə insana bir həqiqəti daha dərindən hiss etdirirdi: dağıntı nə qədər ağır olsa da, dirçəliş daha güclüdür.
Kollektivimizin bəzi üzvləri üçün bu, işğaldan azad olunmuş torpaqlara ilk səfər idi. Onların baxışlarındakı sevinci, xoşbəxtliyi, fərəhi görmək qəlbimizi riqqətə gətirirdi. Uzun illər şəkillərdən, televiziya kadrlarından tanıdıqları yurdla ilk dəfə üz-üzə dayanmağın yaratdığı bir hiss... Bu, sadəcə maraq deyildi. Bu, illərlə ürəkdə daşınan həsrətin, qürurun və müqəddəs torpağa qovuşmağın səssiz sevinci idi. Hər kəs danışırdı, amma ən təsirli sözləri də elə sükut deyirdi.
Ağdam istiqamətində buraxılış-keçid məntəqəsini keçərkən həmkarımız Daşdəmir Tağıyevin qəfil diz çökərək müqəddəs Vətən torpağını öpməsi həmin sükutu pozan ən ülvi duyğu oldu. O, ovuclarına aldığı torpağı gözlərinə sürtdü. Həmin an heç kim danışmadı. Çünki sözün bitdiyi, Vətən sevgisinin isə danışdığı məqam idi. O torpaq artıq sadəcə torpaq deyildi. O, şəhid qanı ilə yoğrulmuş müqəddəs əmanət, minlərlə qəhrəman oğulun canı bahasına yenidən bizə qovuşan Ana Vətən idi.
İlk ziyarət etdiyimiz yer Ağdamın mənəvi simvollarından olan Cümə məscidi oldu. O məscid ki, 1991-ci ilin 20 noyabrında baş vermiş Qarakənd faciəsinin, 1992-ci ildə isə qan yaddaşımıza çevrilmiş Xocalı soyqırımının qurbanları burada son mənzilə hazırlanmışdı. O məscid ki, təkcə bir ibadət yeri deyil, həm də xalqımızın yaşadığı ağrıların, itkilərin və sarsılmaz yaddaşın şahididir. O məscid ki, dinsiz, imansız ermənilərin illərlə donuz saxladıqları bu məkan işğalın izlərini daşısa da, öz müqəddəsliyini itirməmişdi. Divarları susmuş, amma tarix danışmışdı. Minarələri yaralı olsa da, Vətənə sədaqətin səsini nəsillərə ötürmüşdü. Bu gün isə həmin məscid azad Ağdamın sinəsində yenidən dirçəlişin, qayıdışın və milli ruhun simvolu kimi ucalır.
İşğalın bütün vəhşiliyinə sinə gərən, minarələri illərin ağrısını səssizcə yaşadan bu müqəddəs məkan dağıdılsa da, sındırıla bilmədi. Qısa vaxtda Allah evi yenidən bərpa olunaraq əvvəlki görkəminə qaytarıldı. Bu məkandan erməni izləri silindi, düşmən nəfəsi yox oldu. Ağdam Cümə məscidini azadlıqdan sonra ilk ziyarət edən, əllərini göyə açıb dua edən Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva idi. Onların buranı ziyarət etməsi məscidin dövlət üçün də, xalq üçün də nə qədər böyük mənəvi dəyərə malik olduğunu bir daha göstərdi.
Haşiyə: mərhum jurnalist, Qarakənd faciəsinin şəhidi, Milli Qəhrəman Alı Mustafayevin həyat yoldaşı, jurnalist Lalə Mustafayeva da qonaq qismində bizimlə yol yoldaşı idi. Məscidin həyətində dayanarkən onun üzündəki ifadə diqqətimizdən yayınmadı. Sükutla dolu baxışlar, sözə çevrilməyən illərin yükü, içində daşınan xatirələrin kövrək izi... Sanki o an Ağdam Cümə məscidinin divarları təkcə bir şəhərin deyil, onun şəxsi yaddaşının da şahidinə çevrilmişdi. Bu məkan onun üçün sadəcə bir ziyarət yeri deyildi. Həyat yoldaşının son mənzilə yola salınmazdan əvvəl bu məsciddə yuyulması müqəddəs məkanı yaddaşında silinməz bir izə çevirmişdi. Lalə xanımın baxışlarında sözə sığmayan bir dərd vardı. Amma o dərdin içində qırılmayan bir güc, yaddaşın unutmadığı, zamanın silə bilmədiyi və sarsılmayan bir qürur da hiss olunurdu.
***
Ağdamdan ayrıldıqca içimizdə qəribə bir ağırlıq və eyni zamanda izaholunmaz bir həyəcan vardı. Sanki gördüklərimiz təkcə bir şəhərin deyil, bütöv bir yaddaşın yükünü çiyinlərimizə qoymuşdu. Yol isə bizi yavaş-yavaş Qarabağın tacı olan Şuşaya aparırdı... Və nəhayət, Şuşaya daxil olduq. Bu anı sözlə ifadə etmək çətindir. Sanki hər daş bizi salamlayır, hər qayada bir tarix nəfəs alırdı. Şəhərə yaxınlaşdıqca havanın özü də dəyişirdi - daha təmiz, daha yüngül, daha qürurlu bir nəfəs duyulurdu. Şuşa bizi təkcə bir məkan kimi qarşılamadı. O, sükutla danışan bir tarix, qürurla baxan bir yaddaş, azadlığın öz dili kimi qarşımızda dayandı. Hər addımda bir zəfər izi, hər baxışda bir qayıdış sevinci hiss olunurdu.
Bu qayıdışın mənəvi kökləri isə bizi altı il öncəyə - 44 günlük Vətən müharibəsinin taleyüklü o günlərinə apardı. O günlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, hər çıxışı, Zəfər müjdəsi, "Qarabağ Azərbaycandır!" nidası bir millətin ruhunu ayağa qaldırmışdı. Cəbhədən gələn hər xəbər, qələbə müjdəsi xalqın qəlbində ümidin, inamın və Zəfərə aparan yolun addım-addım möhkəmləndiyi anlara çevrilirdi.
44 gün ərzində verilən hər xoş xəbər, yəni kəndlərin, qəsəbələrin, şəhərlərin azad olunması millətin ruhunu yenidən özünə qaytarırdı. Prezident İlham Əliyevin dünya mətbuatına verdiyi müsahibələrdə tarixi həqiqətlərin açıq şəkildə ifadə olunması, diplomatik tribunada səsləndirilən qəti mövqeyi və hər bəyanatda hiss olunan əminliyi Zəfərin artıq yaxın olduğunu göstərirdi. Hər gün dəyişən cəbhə xəbərləri ilə yanaşı, dövlət başçısının çıxışları xalqın ruhunu dik saxlayır, qələbəyə inamını daha da möhkəmləndirirdi. O günlərdə hər söz bir mesaj idi: "Biz geri çəkilmirik", "biz haqq yolundayıq", "biz mütləq qalib gələcəyik!"
Xüsusilə də Şuşa ilə bağlı söylədiyi sözlər hər kəsin yaddaşına əbədi həkk olunmuşdu: "Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
O günlərdə Şuşanın adı artıq təkcə bir şəhər kimi çəkilmirdi. Bu ad hədəf və qürur məsələsinə çevrilmişdi. Prezidentin çıxışlarında Şuşa ilə bağlı səsləndirdiyi qətiyyətli fikirlər hər kəsə bir həqiqəti daha dərindən anladırdı: bu şəhər olmadan Zəfər yarımçıq qalacaq. "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu Prezident İlham Əliyev və müzəffər ordumuz reallaşdırdı.
Təxminən otuz ilə yaxın bir müddət ərzində Şuşa bütöv bir xalqın yaddaşında yarımçıq qalan nəğməyə, sinələrdə daşınan ağrıya çevrildi. Bu qədim şəhərin daşları da susdu, xarıbülbül isə başını əyib əsl sahiblərinin yolunu gözlədi. Cıdır düzünün sükutu milyonlarla insanın qəlbindəki həsrətin səssiz əks-sədası oldu. 28 il yarım əsarətdə qalan Şuşa azad olundu. Bu xəbər xalqın yaddaşında illərlə yaşatdığı həsrətin sonu, qürurun və ədalətin bərpası idi. Şuşa öz coğrafi mövqeyi, zəngin mədəniyyəti və dərin tarixi ilə Azərbaycanın ruhunda xüsusi yer tutan bir diyardır. Ona görə də onun azad edilməsi həm böyük siyasi hadisə, həm strateji üstünlük, həm də son dərəcə dərin mənəvi məna daşıyırdı.
2020-ci ilin 8 noyabrı isə Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. O gün "Qarabağın döyünən ürəyi", "musiqi və incəsənət beşiyi" kimi tanınan, xalqın dilində isə "Sən tarixin özüsən, Azərbaycanın gözüsən" sözləri ilə əbədiləşən Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri yayıldı. Zəfər xəbərini Müzəffər Ali Baş Komandan İlham Əliyev verdi. Bu xəbər illərin səbrinin, inamının və mübarizəsinin zirvəsi idi.
Noyabrın 8-də təkcə bir şəhər geri alınmadı, bir millətin yarımçıq qalmış nəfəsi tamamlandı, susmuş melodiyası yenidən səsləndi. Şuşanın azadlığı xalqın qəlbində sevinc, qürur və müqəddəs bir minnətdarlıq hissi kimi yaşandı. Bu böyük Zəfərin arxasında isə Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, fədakarlığı və hərbi peşəkarlığı dayanırdı. Şuşaya aparan yol sadəcə coğrafi bir yüksəklik deyildi. Bu, sıldırım qayaların, keçilməz hesab edilən meşələrin, çətin relyefin və düşmənin möhkəmləndirilmiş müdafiə xəttinin sinəsini yararaq irəliləmək idi. Azərbaycan əsgəri imkansız kimi görünən bu yolu mümkün edən iradəni göstərdi.
O günlərdə müzəffər ordumuz gecə-gündüz demədən, ağır döyüşlər və strateji əməliyyatlar hesabına addım-addım Şuşaya yaxınlaşırdı. Dağ yollarından, çətin keçilən cığırlarla irəliləyən xüsusi təyinatlılarımız düşmənin gözləmədiyi istiqamətlərdən hücuma keçərək tarixin gedişini dəyişdilər. Bu, təkcə hərbi əməliyyat deyildi, əzmkarlığın, inamın və Vətən sevgisinin silaha çevrildiyi an idi. Şuşa uğrunda döyüşlər Azərbaycan əsgərinin necə bir ruh yüksəkliyi ilə, necə bir qətiyyətlə vuruşduğunu bütün dünyaya göstərdi. Azərbaycan əsgəri tankların açmadığı yolu iradəsi ilə açdı, sıldırım qayaları inamı ilə aşdı. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan Şuşa əməliyyatı xalqın ləyaqətinin, milli qürurun və tarixi ədalətin bərpası idi! O döyüşlərdə hər addım Vətənə yazılan bir and, hər irəliləyiş isə Zəfərə bir yaxınlaşma idi.
Şuşaya doğru irəlilədikcə həyəcanımız bir az da artırdı. Döngə bizi xatirəyə, yüksəkliklər isə qəhrəmanlıq dastanlarının izlərinə aparırdı. Qarşımızda ucalan qayalara baxdıqca anlayırdıq ki, bu zirvələrə yalnız güclü ordunun deyil, həm də böyük ürəklərin, sarsılmaz iradənin ayağı dəyə bilər. Cıdır düzündən açılan mənzərə isə insanı sözsüz qoyur. Bəzən anlayırsan ki, tarix kitablarda deyil, torpağın öz nəfəsində yazılır. Bir zamanlar yad nəfəsin dolaşdığı bu müqəddəs məkanda indi doğma Azərbaycan dilində danışılır, Azərbaycan nəğmələri ifa olunur, Azərbaycan ruhu hər daşda, qayada, küləkdə öz azadlığını bayram edir. "Azərbaycan" kəlməsi burada qürurla, fərəhlə ucadan səslənir. Üçrəngli bayrağımız təkcə binaların balkonlarında deyil, qayaların üstündə, dağların zirvəsində dalğalanır.
Şuşa şəhərinə baxarkən təkcə göz önündə açılan möhtəşəm mənzərəni deyil, həm də bu torpaqları bizə qaytaran qəhrəman oğulların keçdiyi şərəf yolunu görürük. Hər baxışda eyni minnətdarlıq hissi var: Azərbaycan əsgərinə, şəhidlərimizin əziz xatirəsinə və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyinə dərin ehtiram. Çünki biz sadəcə Şuşaya qayıtmadıq, ona sahib çıxdıq. Onu dirçəltməyə, yaşatmağa və gələcək nəsillərə əmanət etməyə gəldik.
Dövlət başçısı İlham Əliyevin də dediyi kimi, Şuşa bu gün dirçəlir, inkişaf edir, öz tarixi nəfəsinə yenidən qovuşur. İşğaldan azad olunmuş bu qədim şəhərdə aparılan bərpa və quruculuq işləri onun keçmiş əzəmətini qaytarmaqla yanaşı, gələcəyini də formalaşdırır. Şuşada hər addımda yenidənqurma prosesinin izləri açıq-aydın hiss olunur. Tarixi abidələr bərpa edilir, dağıdılmış mədəni irs yenidən həyata qaytarılır, küçələr və yollar şəhərin qədim ruhuna uyğun şəkildə yenilənir. Eyni zamanda müasir infrastrukturun yaradılması Şuşanı təkcə keçmişin yaddaşı kimi deyil, həm də gələcəyin mədəniyyət və turizm mərkəzi kimi də formalaşdırır.
Biz orada bunu öz gözlərimizlə gördük. Şuşanın hər daşında, tikintisində, yenilənən məkanında qayıdışın izləri var. Sanki şəhər uzun bir sükutdan sonra yenidən danışmağa başlayıb - daha güclü, daha qürurlu və daha inamlı bir səslə. Görülən iş təkcə tikinti deyil, həm də yaddaşın bərpası, ruhun dirçəldilməsidi. Bərpa və yenidənqurma işləri bu gün şəhərin bütün sahələrində öz aydın izini göstərir. İlk növbədə, şəhərə aparan yollar tamamilə yenilənib və müasir standartlara uyğun şəkildə istifadəyə verilib. "Zəfər yolu", Əhmədbəyli - Füzuli - Şuşa magistralı və yeni çəkilən alternativ tunel yolları gediş-gəlişi həm rahat, həm də təhlükəsiz edib.
Şəhərin tarixi siması da diqqətlə bərpa olunur. Şuşa qalası, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, eləcə də görkəmli Azərbaycan şairi Vaqifin məqbərəsi yenidən həyata qaytarılıb. Eyni zamanda tarixi məhəllələrin və memarlıq abidələrinin bərpası istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Şuşa təkcə keçmişi ilə deyil, bu günü ilə də yenidən qurulur. Şəhərdə müasir yaşayış binaları, "Xarıbülbül" və "Qarabağ" hotelləri, inzibati mərkəzlər və mədəniyyət obyektləri inşa olunub. Bu layihələr Şuşanı, eləcə də, yaşayış üçün komfortlu məkana, beynəlxalq səviyyəli turizm və mədəniyyət mərkəzinə çevirir. Qeyd edək ki, şəhərin kommunal infrastrukturu da tamamilə yenilənib. Enerji təchizatı sistemi, müasir su-kanalizasiya xətləri, yüksəksürətli internet və rabitə şəbəkələri qurularaq Şuşanın müasir şəhər kimi inkişafında güclü təməl yaradıb. Qısası, Şuşa tarixini qoruyan və gələcəyə inamla baxan yenilənmiş bir şəhər kimi öz əvvəlki əzəmətini bərpa edir.
Şuşanın dirçəlişi təkcə quruculuq işləri ilə məhdudlaşmır. Bu gün şəhər həm də beynəlxalq tədbirlərin keçirildiyi mühüm mədəni və diplomatik mərkəzlərdən birinə çevrilib. Uzun illər sükuta qərq olmuş bu diyar indi yenidən dünyanın diqqət mərkəzinə qayıdır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mədəni-kütləvi tədbirlərin keçirilməsi bərpa edilib. Vaqif Poeziya Günləri, "Xarıbülbül" festivalı, Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti, VIII "Muğam" Televiziya Müsabiqəsinin finalı və qala-konserti və bir sıra digər mədəni-kütləvi tədbirlər, iqtisadi forumlar bu şəhərin tarixi ruhunu müasir dövrlə birləşdirir. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar burada təkcə mədəniyyətlə tanış olmur, həm də Qarabağın həqiqi simasını, yəni onun dirçəlişini, qələbə ruhunu və yaşamaq əzmini görürlər. Bu tədbirlər Şuşanın artıq təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və dünya üçün əhəmiyyətli bir mədəniyyət mərkəzinə çevrildiyini sübut edir. Hər festival, beynəlxalq görüş bu şəhərin yenidən qlobal məkana inteqrasiya olunduğunun canlı sübutudur.
Şuşa bu gün həm tarixdir, həm mədəniyyət, həm də gələcəyə açılan bir pəncərədir. Şuşada olmaq insana bir həqiqəti daha dərindən hiss etdirir: bu şəhər artıq yalnız xatirələrdə yaşayan məkan deyil, yenidən doğulan, nəfəs alan və gələcəyə inamla addımlayan bir diyardır. Bu gün Şuşanın azad səmasını seyr edərkən Prezident İlham Əliyevin savaş günlərində dediyi sözlər qulaqlarda səslənir və biz deyilən hər sözün, verilən hər mesajın necə bir tarixə çevrildiyini daha aydın görürük.
***
Şəhərlərin də insanlar kimi öz taleyi olur. Onların da yaddaşı, xarakteri, ağrısı, sevinci olur. İnsan necə yaşadığı ömrün izlərini çöhrəsində daşıyırsa, şəhərlər də keçdikləri tarixi küçələrində, meydanlarında, daşlarında yaşadırlar. Xankəndi belə şəhərlərdəndir. Onun keşməkeşli taleyi olub. Bir zamanlar yad niyyətlərin, süni qarşıdurmaların, separatizmin kölgəsinə çevrilən bu şəhər indi tamam başqa bir sima ilə Azərbaycanın gələcəyinə boylanır.
Xankəndi bizi leysan yağışı ilə qarşıladı. Qəribədir bu torpağın təbiəti. Bir tərəfdə yağış şəhərin küçələrini yuyurdu, o biri tərəfdə günəş buludların arasından boylanaraq şəfəqlərini dağların yamacına səpirdi. Sanki təbiətin özü də bu torpağın yeni taleyini tərənnüm edirdi. Yağış keçmişin izlərini yuyur, günəş isə gələcəyin işığını bu qədim yurdun üzərinə səpirdi. Şəhərə daxil olan kimi avtobusumuzun içində alqış səsləri yüksəldi. Bu alqışlar nə hansısa mərasim üçün idi, nə də təsadüfi sevincin ifadəsi. Bu təntənə Azərbaycanın müzəffər ordusuna, şəhidlərimizin müqəddəs ruhuna, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə xalqımıza bəxş edilən tarixi Zəfərə ünvanlanmışdı. Çünki hər kəs yaxşı bilirdi ki, əgər o Zəfər olmasaydı, biz bu gün Xankəndinin küçələrində bu qədər rahat və qürurla gəzə bilməzdik.
2023-cü ilin sentyabrında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə İlham Əliyevin dediyi kimi, "Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi". Bu tarixi Qələbə təkcə hərbi gücün deyil, haqqın, ədalətin, Vətən sevgisinin, Xalq-Ordu-Ali Baş Komandan birliyinin möhtəşəm təntənəsi idi. Bu fikir artıq təkcə siyasi bəyanat deyil, Xankəndinin hər küçəsində, binasında, dalğalanan üçrəngli bayrağında görünən həqiqətdir. Elə buna görə də şəhərə daxil olduğumuz an kollektivimizin üzvlərinin dilindən coşqu ilə səslənən "Yaşasın Azərbaycan Ordusu!", "Yaşasın Müzəffər Ali Baş Komandan!" alqışları təsadüfi deyildi. Bu, Vətənin bütövlüyünü təmin edən qəhrəman oğullara sonsuz ehtiramın ifadəsi idi.
Böyük Zəfərin əbədiləşdirildiyi ən möhtəşəm ünvanlardan biri də Xankəndidə salınmış Zəfər parkıdır. Yolumuzu məhz bu müqəddəs məkandan salırıq. Burada atılan hər addım qalib xalqın qürurunu, hər daş və hər memarlıq elementi isə Azərbaycanın şanlı Zəfər tarixindən danışır. Parkın girişindən Zəfər tağına doğru ucalan 44 pillə Vətən müharibəsinin 44 gününü rəmzləşdirir. Pillələrin mərkəzində yerləşdirilən lövhələrdə döyüş yolumuz, azad edilmiş şəhər və kəndlərin adları, eləcə də 2023-cü ilin antiterror əməliyyatının tarixi nəticələri öz əksini tapıb. Qarşıda isə sanki göylərə yüksələn, hündürlüyü rəmzi olaraq 44 metr olan möhtəşəm Zəfər tağı ucalır. On mərtəbədən ibarət bu memarlıq abidəsinin doqquzuncu mərtəbəsində yaradılmış "Zəfər qalereyası" xalqımızın qəhrəmanlıq salnaməsini yaşadır, ən yüksək terrasda yerləşən və Zəfər Gününün rəmzi olan "8" kompozisiyası isə Azərbaycan xalqının əbədi qalibiyyət əzmini ifadə edir. Bu park təkcə istirahət məkanı deyil, hər bir azərbaycanlının qürurla ziyarət etdiyi, qəhrəman şəhidlərimizin və igid qazilərimizin şücaətini gələcək nəsillərə çatdıran müqəddəs bir yaddaş məktəbidir. Burada insan bir daha anlayır ki, bu torpaqlarda ucalan hər ağacın, dalğalanan hər bayrağın, qurulan hər yeni binanın təməlində Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandanın qətiyyəti və möhkəm iradəsi dayanır.
Bir zamanlar separatçıların "miatsum" şüarları səsləndirdikləri meydanda bu gün Azərbaycan bayrağı qürurla dalğalanır. Dövlət gerbi şəhərin mərkəzində əzəmətlə ucalır. Ən böyük dəyişiklik isə binalarda deyil, şəhərin ruhundadır. Çünki Xankəndi artıq qorxu şəhəri deyil. Azərbaycan dövlətçiliyinin, sabitliyin və milli birliyin şəhəridir. Şəhərə baxdıqca anlayırsan ki, insanların niyyəti necə saf və təmizdirsə, qurduqları şəhərlər də elə olur. Xankəndi bu gün azərbaycanlıların saf niyyətinin, qurub-yaratmaq əzminin və sülh iradəsinin aynasına çevrilib. Burada insanlar dağıtmağa yox, yaratmağa gəliblər. Burada nifrətin yerini etimad, qarşıdurmanın yerini əməkdaşlıq, dağıntının yerini isə quruculuq alıb. Şəhərin küçələrində gəzərkən yağışa baxmayaraq, addımlarını sevinclə atan tələbələri görəndə insanın ürəyi fərəhlə dolur. Qarabağ Universiteti bu şəhərin gələcəyinə yazılmış ən gözəl ümidlərdən biridir. Bir vaxtlar silah səslərinin eşidildiyi bu məkanda indi gənclər elm öyrənirlər, gələcəyin Azərbaycanını qurmaq üçün bilik qazanırlar. Şəhərin ən qiymətli sərvəti artıq daş binalar deyil, bu torpaqda yetişəcək savadlı, vətənpərvər gənclərdir.
Yağış altında universitetə tələsən, şəhərin parklarında gəzən, meydanlarında şəkil çəkdirən gənclərə baxarkən qeyri-ixtiyari düşüncəmizə bir fikir hakim kəsilir: dünyanın ən gözəl musiqisi insan gülüşüdür! Xankəndidə eşitdiyimiz bu gülüş isə azadlığın səsi idi. Bu gülüş təhlükəsiz sabahın, dövlətinə güvənən gəncliyin, Vətənində xoşbəxt yaşayan insanların gülüşü idi. Şəhər özü də bu gülüşə qoşulmuşdu. Bəzən doğrudan da şəhərlər insanlar kimi gülümsəyirlər...
Bu gün Xankəndi təkcə Qarabağın deyil, bütün Cənubi Qafqazın gələcəyinə verilən mühüm mesajdır. Azərbaycan bu torpaqlara yalnız öz suverenliyini qaytarmadı. Azərbaycan bu torpaqlara sülh gətirdi! Əmin-amanlıq gətirdi! Quruculuq gətirdi. İnsanlara normal həyat, gələcəyə inam gətirdi! Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır. Xankəndi artıq bu siyasətin canlı təcəssümünə çevrilib. O, qarşıdurmanın, dağıntının deyil, inkişafın mümkün olduğunu göstərən bir şəhər kimi yeni tarixini yazır.
Xankəndidən ayrılarkən bir anlıq dayanıb qədim Azərbaycan şəhərinə baxdıq. Yağış kəsmişdi. Günəş dağların arxasından boylanaraq küçələri nuruna qərq edirdi. Elə bil şəhərin özü dilə gəlib deyirdi: "Mən öz doğma sahiblərimə qayıtmışam". O gün gördüklərimiz bir daha təsdiq etdi ki, şəhərlər də insanlar kimi öz talelərini yaşayırlar. Bizim Xankəndi sınaqlardan keçib, öz həqiqi ünvanına qovuşur. Burada dalğalanan üçrəngli bayraq, ucalan yeni binalar, salınan parklar, yenidən canlanan küçələr və insanların çöhrəsindəki sabaha inam bir həqiqəti təsdiqləyirdi: bu şəhər artıq qalib Azərbaycanın ayrılmaz parçasıdır! Xankəndi artıq öz sahibinə qovuşub. Və bu şəhərin üzərində bundan sonra əbədi olaraq yalnız Azərbaycanın üçrəngli, şanlı bayrağı dalğalanacaqdır!
Biz Qarabağdan xoş təəssürat və rahatlıqla ayrıldıq. Çünki ürəyimizdə bir əminlik vardı, bu şəhər artıq yalnız tarixini yaşamır, həm də öz gələcəyini qurur. O gələcəyin adı isə güclü Azərbaycan, əbədi suverenlik və sarsılmaz dövlətçilikdir!
Züleyxa ƏLİYEVA,
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"