04 Avqust 2026 08:40
148
SİYASƏT
A- A+
Bakı-Bişkek: ortaq tarix və qarşılıqlı etimad müttəfiqlik münasibətlərinə keçir

Bakı-Bişkek: ortaq tarix və qarşılıqlı etimad müttəfiqlik münasibətlərinə keçir


Azərbaycanın son illər həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə əlaqələrin strateji səviyyədə genişləndirilməsidir. Türk dünyasının inteqrasiyasının gücləndirilməsi, Orta dəhlizin imkanlarının artırılması, nəqliyyat-logistika, enerji, investisiya və humanitar əməkdaşlığın dərinləşdirilməsi Prezident İlham Əliyevin formalaşdırdığı Mərkəzi Asiya siyasətinin başlıca prioritetləri kimi çıxış edir. Bu siyasət nəticəsində Azərbaycan region dövlətləri ilə münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəldərək etibarlı siyasi tərəfdaş, mühüm iqtisadi investor və türk dünyasında inteqrasiya proseslərinin aparıcı təşəbbüskarlarından biri kimi mövqeyini daha da möhkəmləndirir.

Məhz bu strateji kursun məntiqi davamı olaraq Prezident İlham Əliyevin bu günlər Qırğız Respublikasına həyata keçirilən dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya siyasətində növbəti mühüm mərhələ kimi tarixə düşdü. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi səfərin nəticələri bir daha göstərdi ki, son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqu intensivləşdirməsi, Dövlətlərarası Şuranın 3-cü iclasındakı çıxışı, "Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin qəbul edilməsi, qarşılıqlı investisiyaların təşviqi, regional nəqliyyat-kommunikasiya layihələrinin əlaqələndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət Azərbaycanı regionun etibarlı strateji tərəfdaşına çevirib. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi isə bu siyasətin ən uğurlu və məntiqi nəticələrindən biri kimi qiymətləndirilə bilər.

Dövlət səfərinin proqramı da münasibətlərin miqyasını aydın göstərir, siyasi, iqtisadi və humanitar gündəliyin bütün istiqamətlərini əhatə edən kompleks əməkdaşlıq modelinin formalaşdığını ortaya qoyurdu. Bu kontekstdə Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Æaparova xitabən mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycan və Qırğız Respublikası arasındakı münasibətlərin yeni mərhələsinin siyasi mahiyyətini ifadə edir: "Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik".

Qırğız Respublikasının Prezidenti Sadır Æaparov isə əmin olduğunu bildirdi ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək: "Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır".


Möhkəm təməllər üzərində qurulmuş müttəfiqlik


Azərbaycan-Qırğızıstan münasibətlərinin bugünkü səviyyəsi yalnız son illərin siyasi proseslərindən başlanmır, bu əməkdaşlıq ortaq türk kimliyi, müştərək tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşmış möhkəm təmələ söykənir. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulsa da, siyasi münasibətlərin ideoloji əsasları Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə "Manas" eposunun 1000 illik yubileyi münasibətilə Qırğız Respublikasına səfəri zamanı formalaşmağa başlamışdı. Sonrakı illərdə qarşılıqlı səfirliklərin açılması ikitərəfli münasibətlərin institusional inkişafına təkan vermişdir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə isə Qırğız Respublikası ilə münasibətlər yeni məzmun qazandı. Dövlətimizin başçısının Mərkəzi Asiya regionuna verdiyi strateji əhəmiyyət Bişkeklə əməkdaşlığın da sürətlə inkişafına şərait yaratdı. Son beş il ərzində həyata keçirilmiş 13 yüksəksəviyyəli qarşılıqlı səfər bunu təsdiqləyən ən mühüm göstəricilərdəndir. Prezident İlham Əliyevin 2022-ci ildə Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Æaparovun isə 2022-ci ildə ölkəmizə rəsmi, 2024-cü ildə dövlət səfərləri son illər münasibətlərin dinamik inkişafını təmin edib. Bu gün iki ölkə arasında imzalanmış 105 sənədin mövcudluğu, Dövlətlərarası Şuranın fəaliyyət göstərməsi, hökumətlərarası komissiyaların müntəzəm işi və parlamentlərarası əməkdaşlığın genişlənməsi göstərir ki, münasibətlər artıq sistemli və institusional xarakter daşıyır. Bu tarixi inkişafın məntiqi nəticəsi kimi dövlət səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkənin əlaqələrinin hüquqi bazasını daha da yüksək səviyyəyə qaldırdı.

Əgər əvvəlki mərhələdə münasibətlər "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" əsasında inkişaf edirdisə, artıq yeni müqavilə dövlətlərin hər ikisinin təhlükəsizlik, xarici siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, rəqəmsallaşma və beynəlxalq təşkilatlarla koordinasiyasının inkişafına geniş perspektivlər açır. Bu sənəd təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə türk dünyasında inteqrasiya prosesləri baxımından da mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. 

Səfər çərçivəsində energetika, avtomobil nəqliyyatı, gəmiçilik, statistika, kibertəhlükəsizlik, maliyyə bazarlarının tənzimlənməsi, şəhərlərin qardaşlaşması, neft məhsullarının tədarükü və digər istiqamətlər üzrə imzalanaraq mübadilə edilmiş çoxsaylı sənədlər müttəfiqliyin yalnız siyasi deyil, həm də böyük praktik məzmun daşıdığını nümayiş etdirir.


Azərbaycanın Mərkəzi Asiya siyasətində Qırğızıstanın xüsusi yeri


Prezident İlham Əliyevin xarici siyasət kursunda Mərkəzi Asiya, qeyd etdiyimiz kimi, prioritet istiqamətlərdəndir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın artan geosiyasi çəkisi bu siyasətin daha fəal həyata keçirilməsinə imkan yaradır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə xüsusi qonaq kimi dəvət olunması, daha sonra bu platformada tamhüquqlu iştirakına dair qərarın qəbul edilməsi ölkəmizin region üçün artan əhəmiyyətinin göstəricisidir. Cənab İlham Əliyevin də bəyanatında xatırlatdığı kimi, hazırda bu platforma "Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü" adlanır, növbəti görüş bir müddətdən sonra keçiriləcək. 

Bu amilləri nəzərə alsaq, Qırğız Respublikası Azərbaycan üçün yalnız ikitərəfli tərəfdaş yox, həm də Mərkəzi Asiyada çoxtərəfli əməkdaşlığın vacib iştirakçısıdır. Azərbaycanın Orta dəhliz layihəsində oynadığı rol, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və perspektivdə Zəngəzur dəhlizi (TRIPP) Qırğızıstanın da dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Beləliklə, Bakı ilə Bişkek arasında əməkdaşlıq artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, Avrasiyanın yeni nəqliyyat və logistika xəritəsinin formalaşması kontekstində də strateji əhəmiyyət daşıyır.

Siyasi münasibətlərdə müşahidə olunan dinamika digər iqtisadi sahələr üzrə əməkdaşlıqda da öz əksini tapır. 2025-ci ildə Azərbaycanla Qırğız Respublikası arasında qarşılıqlı ticarət dövriyyəsinin 77,17 milyon dollara çatması, Azərbaycanda 100-ə yaxın Qırğızıstan şirkətinin fəaliyyət göstərməsi, Azərbaycan-Qırğız İnkişaf Fondunun kapitalının 200 milyon dollara qədər artırılması barədə razılığın əldə edilməsi və artıq on milyonlarla dollar dəyərində layihələrin maliyyələşdirilməsi münasibətlərin iqtisadi əsaslarının nə qədər möhkəmləndiyini göstərir. 

Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu bildirdi ki, Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılığın əldə olunması da son hədd deyil: "Çünki fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir". Bu mexanizm iki ölkə arasında investisiya əməkdaşlığının institusional modelini formalaşdıraraq sahibkarların yeni layihələr həyata keçirməsinə imkan yaradır.

Qeyd edək ki, səfər proqramı çərçivəsində İssık-Kulun sahilində "Bakı" hotelinin də açılışı oldu. Bu beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib. 

Nəqliyyat-logistika istiqamətində əməkdaşlıq da sürətlə genişlənməkdədir. Orta dəhliz, "Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa" multimodal marşrutu üzrə yükdaşımalar fəal şəkildə həyata keçirilir. Bakı-Bişkek və Bakı-İssık-Kul aviareysləri iqtisadi inteqrasiyanın əsas dayaqlarına çevrilib.


Qarabağın bərpasında dostluğun rəmzi


Azərbaycan-Qırğızıstan münasibətlərinin ən dəyərli istiqamətlərindən biri Qarabağın bərpasında Qırğızıstanın göstərdiyi dəstəkdir. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəb binasının tikilməsi, Qırğız hökumətinin azad edilmiş ərazilərdəki yaylaqlar üçün Azərbaycana 225 baş yak hədiyyə etməsi iki ölkə arasında münasibətlərin qardaşlıq prinsipləri ilə inkişaf etdiyini göstərir. Eyni zamanda Bişkekdəki Heydər Əliyev adına məktəb-gimnaziya kompleksi, Nizami Gəncəvi adına 103 saylı məktəb və "Dostluq" parkı Azərbaycan xalqına göstərilən xüsusi ehtiramın ifadəsidir.

Ölkəmizlə Qırğızıstan arasında münasibətlərin mühüm dayaqlarından biri də humanitar diplomatiyadır. Son illər qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Bakıda Çingiz Aytmatovun abidəsinin açılması, iki ölkə şəhərlərinin qardaşlaşması, media qurumlarının əməkdaşlığının genişlənməsi xalqlarımız arasında münasibətləri daha da möhkəmləndirib. Bu layihələr siyasi münasibətlərin cəmiyyətlər arasında da dərinləşməsinə xidmət edir.

Azərbaycan və Qırğızıstan həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqedən çıxış edərək türk dünyasının inteqrasiyasına mühüm töhfələr verirlər. Bu əməkdaşlıq regional sabitliyin, iqtisadi inkişafın və ortaq mədəni irsin qorunmasının vacib elementlərindən birinə çevrilib.


Bütöv geosiyasi strategiya


Dövlət səfəri çərçivəsində cənab İlham Əliyevə Qırğız Respublikasının ali dövlət mükafatı - 1-ci dərəcəli "Manas" ordeninin, Qırğızıstan Prezidenti Sadır Æaparova isə Azərbaycanın ali ordeni - "Heydər Əliyev" ordeninin təqdim edilməsi iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyinin siyasi və simvolik ifadələrindən biri kimi qiymətləndirilə bilər. Bu qarşılıqlı təltif dövlət başçılarının şəxsi xidmətlərinə verilən yüksək qiymət olmaqla yanaşı, eyni zamanda Azərbaycan-Qırğızıstan əlaqələrinin son illər qazandığı dinamik inkişafın, qarşılıqlı etimadın və ortaq siyasi iradənin rəsmi təsdiqidir. Hər iki ölkənin ali dövlət mükafatlarının qarşılıqlı şəkildə təqdim olunması türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi, ortaq tarixi-mədəni dəyərlərə söykənən əməkdaşlığın dərinləşdirilməsi və gələcək strateji tərəfdaşlığın uzunmüddətli xarakter daşıdığının mühüm siyasi mesajıdır. Bu addım eyni zamanda Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin təkcə ikitərəfli formatda deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı etimad, həmrəylik və inteqrasiyanın gücləndirilməsi baxımından yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycanın Mərkəzi Asiya siyasəti artıq ayrı-ayrı layihələr səviyyəsini keçərək bütöv geosiyasi strategiyaya çevrilib. Qırğızıstanla imzalanmış müttəfiqlik müqaviləsi bu strategiyanın mühüm halqalarındandır.

Bu gün Azərbaycan Mərkəzi Asiya üçün Xəzər hövzəsinin əsas logistika mərkəzi, Avropaya çıxış qapısı, enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı və türk dünyasının inteqrasiyasını təşviq edən aparıcı dövlətlərdən biri kimi çıxış edir. Qırğızıstan isə bu strateji xəttin mühüm iştirakçısıdır.

Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi göstərir ki, Bakı və Bişkek qarşılıqlı etimad, ortaq tarix, iqtisadi maraqlar və siyasi baxışların vəhdəti əsasında uzunmüddətli əməkdaşlıq modelini formalaşdırıblar. Prezident İlham Əliyevin bu dövlət səfəri yalnız ikitərəfli münasibətlərdə deyil, bütövlükdə Mərkəzi Asiyada yeni geosiyasi balansın formalaşması və Avrasiya nəqliyyat-kommunikasiya sisteminin inkişafı baxımından da mühüm siyasi hadisə kimi tarixə düşdü.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qisas qiyamətə qalmadı 

09:40
04 Avqust

"Kraudfandinq haqqında" qanunun iqtisadi əhəmiyyəti böyükdür

09:30
04 Avqust

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

09:20
04 Avqust

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

09:10
04 Avqust

Kürşad ZORLU: "Türk dünyasına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarıq"

09:00
04 Avqust

Çolpon-Atadan verilən strateji mesajlar

08:50
04 Avqust

Bakı-Bişkek: ortaq tarix və qarşılıqlı etimad müttəfiqlik münasibətlərinə keçir

08:40
04 Avqust

Avrasiyanın türk qütbü: Bakı və Bişkek arasında sarsılmaz müttəfiqlik müstəvisi

08:30
04 Avqust

Bu səfər Xəzərlə İssık-Kul arasında körpünü daha da möhkəmləndirdi

08:20
04 Avqust

Müasir Azərbaycan: Dövlətçilik və dayanıqlı inkişaf modeli

08:10
04 Avqust

Zəfərə aparan tarixi yolun təməli

08:00
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:40
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 466-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:39
04 Avqust

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:38
04 Avqust

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında 

02:37
04 Avqust

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:34
04 Avqust

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:31
04 Avqust

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında

02:27
04 Avqust

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:26
04 Avqust

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:23
04 Avqust

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir

21:26
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!