Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında müttəfiqliyin real məzmun qazanması yeni mərhələ kimi xarakterizə olunur. İki ölkə arasında münasibətlər artıq yalnız siyasi və diplomatik yaxınlıqla məhdudlaşmır; qarşılıqlı investisiyalar, birgə istehsal, nəqliyyat, enerji, təhsil, elm, şəhərsalma və regionlararası əməkdaşlığı əhatə edən geniş iqtisadi və institusional tərəfdaşlıq modelinə çevrilir.
Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, bu prosesin ən mühüm hadisəsi Prezident İlham Əliyevin avqust 23-də Özbəkistana dövlət səfəri və Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın III iclasının keçirilməsi oldu: "Bu, 2024-cü ildə yaradılmış Şuranın artıq münasibətlərin strateji istiqamətlərini sistemli şəkildə müəyyən edən əsas mexanizmlərdən birinə çevrildiyini göstərir. 2026-cı ilin əsas fərqi ondan ibarətdir ki, siyasi müttəfiqlik artıq konkret iqtisadi nəticələrlə müşayiət olunur.
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə bir sıra sənədlərin imzalanması və mübadiləsi mərasimi keçirilib. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini daha da institusionallaşdırır.
Daha əhəmiyyətlisi isə Azərbaycana məxsus və Azərbaycan şirkətlərinin iştirakı ilə Özbəkistanda həyata keçirilən layihələrin miqyasıdır. Prezidentlərin iştirakı ilə bir sıra mühüm layihələrin təməli qoyulub. Bu layihələr çox mühüm bir tendensiyanı nümayiş etdirir: Azərbaycan-Özbəkistan münasibətləri ticarət münasibətlərindən qarşılıqlı investisiya və birgə biznes fəaliyyətinə keçir".
Deputat qeyd edib ki, yeni mərhələdə Azərbaycan kapitalının Özbəkistanda iştirakı xüsusilə diqqətçəkəndir. Bankçılıq, tikinti, şəhərsalma, enerji, sənaye, kənd təsərrüfatı, təhsil və turizm kimi müxtəlif sahələrdə Azərbaycan şirkətlərinin layihələri həyata keçirilir. Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsini regional kontekstdən ayrı təsəvvür etmək mümkün deyil. Bu yanaşma Azərbaycan-Özbəkistan münasibətlərinə ikitərəfli əlaqələrdən daha geniş məna verir. Azərbaycan Cənubi Qafqazı, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm hissəsini təmsil edərək Orta Dəhliz, ticarət, logistika və enerji bağlantılarının inkişafında bir-birini tamamlayan tərəfdaşlara çevrilirlər. “Prezident İlham Əliyevin 23 avqust tarixli sərəncamı ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib. Sərəncamda bu qərarın Özbəkistan Prezidentinin Azərbaycan-Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətləri ilə bağlı olduğu qeyd edilir. Bu addım münasibətlərin şəxsi liderlərarası etimad və siyasi iradə üzərində də möhkəm qurulduğunu göstərən mühüm simvolik hadisədir. Yeni mərhələnin digər xüsusiyyəti münasibətlərin yalnız dövlət və biznes səviyyəsində deyil, təhsil, elm və humanitar sahələrdə də dərinləşməsidir. Bu istiqamətdə STEAM məktəblərinin açılması xüsusilə diqqətəlayiqdir. Çünki müasir dövrdə dövlətlərarası münasibətlərin davamlılığını təmin edən əsas amillərdən biri gənclərin, elm və təhsil müəssisələrinin qarşılıqlı əlaqəsidir", -deyə o bildirib
P.Vəliyeva bildirib ki, Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələndirilməsi, Orta dəhliz, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində qurur: Xüsusilə “C5-dən C6-ya keçid” Azərbaycanın regional rolunun yeni mərhələsinin sübutudur.Bu yanaşma Azərbaycanın xarici siyasətində yeni regional baxışın formalaşdığını göstərir: Cənubi Qafqaz və Mərkəzi Asiya bir-birindən ayrı geosiyasi məkanlar deyil, getdikcə daha sıx inteqrasiya olunan vahid iqtisadi və nəqliyyat məkanı kimi çıxış edir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”