"Ölkəmizin nəyə çevrildiyinə və yaxın aylarda nəyə çevrilə biləcəyinə baxanda ürəyimiz ağrıyır"
İndi siyasətlə məşğul olan keçmiş siyasi şərhçi Rafael Qlüksman gələn il Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb. Mərkəz-solçu Place Publique partiyasına rəhbərlik edən 46 yaşlı keçmiş esseist və Avropa parlamentinin üzvü TF1 telekanalına verdiyi müsahibədə namizədliyini rəsmi olaraq təsdiqləyib.
O, "Fransanın gələcəyi ilə bağlı bir baxışı" olduğunu bildirib və fransızları "Marin Le Pen ilə Tramp və Putinin nökərləri arasında" seçim qarşısında qoymağa hazır olmadığını vurğulayıb: "Fransanı yenidən ayağa qaldırmaq üçün namizədliyimi irəli sürürəm, çünki bildiyiniz kimi, ölkəmizin nəyə çevrildiyinə və yaxın aylarda nəyə çevrilə biləcəyinə baxanda ürəyimiz ağrıyır".
Siyasətçi solçuların ilkin seçkilərində iştirak edəcəyini və namizədliyi irəli sürülməyəcəyi halda qaydalara riayət edəcəyini təsdiqləyib. "Əgər qalib gəlsəm, Jan-Lük Melanşonla artıq heç vaxt razılaşma olmayacaq", - deyə o, aydınlıq gətirib. Siyasətçi "ekoloji keçid"in prezidenti olmaq, "super varlılara vergi tətbiq etmək" və məktəbləri prioritetlərinin mərkəzinə qoymaq niyyətindədir.
Fransanın ifrat sağçı lideri Marin Le Pen üç uğursuz cəhddən sonra 2027-ci il seçkilərini Yelisey Sarayını qazanmaq üçün ən yaxşı şansı kimi görür. Lakin bir çox namizəd artıq həm Prezident Emmanuel Makronun mərkəzçi düşərgəsində (o, iki müddətdən sonra yenidən namizədliyini irəli sürə bilməyəcək), həm də solçular arasında namizəd olacaqlarını elan ediblər.
Radikal solçu lider Jan-Lük Melanşon da dördüncü müddətə namizədliyini irəli sürüb. Ətraf mühitin müdafiəçisi Marin Tondelye isə hamilə olmasına baxmayaraq, vahid ilkin seçki kampaniyası çərçivəsində mübarizə aparır. Keçmiş ekologiya naziri Delfina Batto ətraf mühit hərəkatının "yox olmasının" qarşısını almaq üçün namizədliyini elan edib. Onlardan əlavə, Sosialist Partiyasının birinci katibi Olivye For və hətta keçmiş sosialist prezident Fransua Olland da yarışa qatılmağı düşünürlər. Ümumiyyətlə, "Nouvel Obs" jurnalı 2026-cı ilin iyun ayında elan edilmiş və ya rəsmi olaraq qeydiyyatdan keçmiş 25-dən çox namizədin adını açıqlayıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"