Azərbaycan-Özbəkistan münasibətləri zəngin tarixi, mənəvi və mədəni köklərə söykənir. Son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələn bu əlaqələr Türk Dövlətləri Təşkilatı çərçivəsindəki sıx əməkdaşlıq və Orta Dəhliz kimi mühüm regional layihələrlə strateji tərəfdaşlıq xarakteri alıb.
Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri bu çoxşaxəli əməkdaşlığın məntiqi davamı olmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərin artıq nəticə verən müttəfiqlik müstəvisinə keçdiyini aydın şəkildə nümayiş etdirir: “Dövlət başçısının Özbəkistana son beş ildə üçüncü dövlət səfəri, ümumilikdə isə yeddinci ziyarəti Bakı-Daşkənd oxundakı intensivliyin və davamlılığın bariz nümunəsidir. Səfərin ilk günü həm protokol tədbirləri, həm də institusional qərarlarla zəngin olub, iki ölkə münasibətlərinin rəmzi müstəvidən konkret nəticələr müstəvisinə keçdiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Prezident Şavkat Mirziyoyev və xanımı tərəfindən yüksək səviyyədə qarşılandı, ardınca Heydər Əliyev memorial kompleksini və Müstəqillik abidəsini ziyarət etdilər”.
K.Bayramov qeyd edib ki, səfərin praktiki və institusional baxımdan ən mühüm məqamı Ali Dövlətlərarası Şuranın növbəti iclasının keçirilməsi idi. İclasdan əvvəl baş tutan təkbətək görüşdə regional təhlükəsizlik və Orta Dəhliz üzrə işlərin sürətləndirilməsi kimi strateji məsələlər müzakirə olunub. İqtisadi müstəvidə isə birgə investisiyaların həcminin əvvəllər elan edilən 500 milyon dollar həddini keçdiyi bəyan olunub, eləcə də birgə layihələrin açılış və təməlqoyma mərasimləri keçirilib. İki dövlət arasındakı münasibətlərin real müstəvidə təzahürü kimi Özbəkistanın Qarabağda, xüsusilə Füzulidə məktəb tikintisi və “Dostluq bağı” təşəbbüsü ilə bərpa prosesinə ilk praktiki yardım göstərən ölkə olması xüsusi vurğulanıb. Xankəndi və Ürgənc kimi şəhərlərin qardaşlaşması, müxtəlif sənədlərin imzalanması iki ölkə arasındakı əlaqələrin nəticə verən müttəfiqlik mərhələsinə keçdiyini rəsmən təsdiqləyir.
Deputat diqqətə çatdırıb ki, səfərin siyasi və diplomatik baxımdan ən mühüm nəticəsi “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu: “Sənəddə tərəflər münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirmək niyyətlərini təsdiqləyirlər. Suverenliyə, təhlükəsizliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət müddəaları iki ölkə əlaqələrinin təkcə ikitərəfli əməkdaşlıqla bitmədiyini, həm də birgə təhlükəsizlik və siyasi dəstək müstəvisinə keçdiyini göstərir. Müqavilənin strateji cəhətdən ən diqqətçəkən məqamı tərəflərin öz ərazilərinin digər dövlətin suverenliyinə və təhlükəsizliyinə qarşı istifadə olunmasına yol verməmək öhdəliyidir. Bu yanaşma siyasi həmrəyliyi institusional səviyyədə möhkəmləndirir. Eyni zamanda, regional və qlobal təhlükəsizlik məsələlərində BMT-nin mərkəzi rolunun gücləndirilməsinə sadiqlik ifadə olunur ki, bu da Bakı və Daşkəndin beynəlxalq platformalardakı mövqelərinin üst-üstə düşdüyünü sübut edir. Sənəd yalnız siyasi çərçivə ilə məhdudlaşmır, həm də münasibətlərin gələcək iqtisadi modelini müəyyənləşdirir. Müqavilə ticarət-investisiya, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, eləcə də rəqəmsal iqtisadiyyat, elektron ticarət və kosmik texnologiyalar kimi innovativ sahələrdə birgə layihələrin genişləndirilməsini nəzərdə tutur. Bu isə əməkdaşlığın ənənəvi ticarətdən daha yüksək texnologiyalı sahələrə doğru şaxələndiyini aydın şəkildə nümayiş etdirir”.
K.Bayramov vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və digər beynəlxalq nəqliyyat marşrutlarının strateji halqası, Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük iqtisadi və demoqrafik mərkəzidir. Bu səbəbdən iki ölkənin logistika sahəsindəki tərəfdaşlığı yalnız ikitərəfli münasibətləri deyil, bütövlükdə geniş regional inteqrasiyanı yeni səviyyəyə qaldırır. Müqavilənin iqtisadi gündəliyində “yaşıl” iqtisadiyyat və rəqəmsal transformasiyanın yer alması xüsusilə diqqətəlayiqdir. “Qlobal enerji keçidinin sürətləndiyi bir dövrdə Bakı və Daşkəndin bu sahələri prioritet seçməsi gələcək innovativ layihələr üçün geniş imkanlar açır. Sənəd əməkdaşlığı yalnız dövlət qurumları və biznes strukturları ilə məhdudlaşdırmır. Parlamentlərarası dialoqun dərinləşdirilməsi və xalqlararası dostluğun möhkəmləndirilməsi diplomatiyanın cəmiyyətlərarası müstəviyə keçməsini təmin edir. Münasibətlərin en sarsılmaz dayağı isə ortaq köklər, dil və mədəniyyət birliyidir. Sənəd elm, təhsil, mədəniyyət, tibb, turizm və idman sahələrində sıx mübadiləni nəzərdə tutur. Xüsusilə Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi müddəası media, ədəbiyyat və akademik mühitdə birbaşa əlaqələri stimullaşdıran mühüm addımdır. Regionlararası əməkdaşlıq və şəhərlərin qardaşlaşması tərəfdaşlığın mərkəzi hakimiyyətdən yerli səviyyələrə şaxələnməsinə şərait yaradır. Bu isə birbaşa investisiyaların və biznes təşəbbüslərinin artmasını təmin edəcək. Turizm sahəsinin ayrıca istiqamət kimi göstərilməsi isə hər iki ölkənin zəngin tarixi-mədəni irsindən və artan qarşılıqlı maraqdan daha səmərəli istifadəyə imkan verəcək”, - deyə o əlavə edib.
K.Bayramov bildirib ki, Azərbaycan və Özbəkistan bir-birinin suverenliyinə və təhlükəsizliyinə hörmətlə yanaşaraq, çoxşaxəli əməkdaşlığı genişləndirmək iradəsini nümayiş etdirirlər. Bu isə münasibətlərin rəsmi bəyanatlarla məhdudlaşmadığını, real, praktiki dəstəyə söykəndiyini təsdiqləyir. Təhsil, mədəniyyət, turizm və gənclər siyasəti sahələrindəki birgə addımlar xalqların bir-birini daha yaxından tanımasına zəmin yaradır. Çünki dövlətlərarası müttəfiqliyin ən etibarlı zəmanəti onun cəmiyyət səviyyəsində kök salmasıdır. Bu gün dərinləşən siyasi, iqtisadi və humanitar bağlar gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlı tərəfdaşlıq modeli formalaşdırır.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”