Qazaxıstanda Qurultay deputatlarının seçkilərində səsvermə başa çatıb. Yerli vaxtla saat 20:00-da ölkə ərazisindəki seçki məntəqələri bağlanıb, bundan sonra seçki komissiyaları səslərin hesablanmasına başlayıblar.
AZƏRTAC xəbər verir ki, seçicilər beş il müddətinə 145 deputat seçməli idilər. Seçici siyahılarına 12,6 milyondan çox vətəndaş daxil edilib.
Bununla yanaşı, Qazaxıstan hüdudlarından kənarda səsvermə davam edir.
15:21
Qazaxıstanda Qurultaya seçkilərdə yerli vaxtla saat 16:00-a olan məlumata görə, 8 milyon 240 min 336 seçici səsvermədə iştirak edib.
AZƏRTAC Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, bu, seçici siyahılarına daxil edilmiş vətəndaşların 65,37 faizini təşkil edir.
14:19
Qazaxıstanda Qurultay seçkilərində yerli vaxtla saat 14:00-a olan məlumata görə, 6 milyon 696 min 2 seçici səsvermə bülleteni alıb.
AZƏRTAC Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, bu seçici siyahılarına daxil edilmiş vətəndaşların 53,12 faizini təşkil edir.
Seçicilərin səsvermədə iştirakı ilə bağlı növbəti məlumat yerli vaxtla saat 16:00-da açıqlanacaq.
09:43
Qazaxıstanda Qurultay deputatlarının seçkilərində yerli vaxtla saat 10:00-a 2 milyon 264 min 411 nəfər səs verib. İlkin seçici fəallığı 17,96 faiz təşkil edib.
AZƏRTAC Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, seçici siyahılarına 12 milyon 605 min 788 nəfər daxil edilib.
Mərkəzi Seçki Komissiyası seçici fəallığına dair operativ məlumatları hər iki saatdan bir açıqlayacaq.
Xatırladaq ki, Qazaxıstanda ölkə tarixində ilk dəfə yeni birpalatalı parlamentə - Qurultaya seçkilər keçirilir. Seçicilər 7 siyasi partiyanın siyahıları üzrə Qurultayın 145 deputatını seçəcəklər. Deputatların səlahiyyət müddəti 5 ildir.
Səsvermə 10 min 423 seçki məntəqəsində, o cümlədən Qazaxıstanın 61 xarici dövlətdəki nümayəndəlikləri nəzdində yaradılmış 79 məntəqədə təşkil olunub.