23 Avqust 2026 21:39
529
Səfərlər
A- A+
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Özbəkistan ilə Azərbaycan arasında dostluq, ticarət və investisiya əməkdaşlığı haqqında qısa film nümayiş olundu.

Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək dedi:

-Hörmətli İlham Heydər oğlu, əziz qardaşım. İclasın hörmətli iştirakçıları.

Sizi və qardaş Azərbaycan nümayəndə heyətini Daşkənddə bir daha səmimi-qəlbdən salamlayıram. Özbəkistana xoş gəlmisiniz.

Sizin səfəriniz bizim üçün ortaq tarix, mədəni yaxınlıq və qarşılıqlı hörmətlə bir-birinə bağlı olan, ruhən yaxın dövlətlərin görüşüdür. Bu gün Ali Dövlətlərarası Şuranın artıq üçüncü iclasını açırıq. Bu mexanizmin qüsursuz fəaliyyəti ölkələrimizin əldə etdiyi müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin ən yaxşı nümayişidir.

Gündəlikdəki məsələlərə keçməzdən əvvəl, hörmətli İlham Heydər oğlu, Sizi Azərbaycanda həyata keçirdiyiniz uzaqgörən dərin islahatlar kursunun uğurla reallaşdırılması münasibətilə təbrik etmək istəyirəm. Biz qardaşlar və müttəfiqlər olaraq Azərbaycan iqtisadiyyatının necə dinamik və dayanıqlı inkişaf etdiyinə, yeni sahələrin və müasir infrastrukturun yaradılmasına səmimi-qəlbdən sevinirik. Bütün bunlar Azərbaycan xalqının rifahının sabit şəkildə yüksəlməsinə gətirib çıxarır. Sizin qətiyyətlə həyata keçirdiyiniz suveren siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəlilədilməsinə xidmət edir.

Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü və Birgə Bəyannamənin imzalanmasını Sizin şəxsi diplomatiyanızın parlaq qələbəsi kimi qiymətləndiririk. Sizi bir daha təbrik edir, Sizə yeni böyük uğurlar arzulayıram.

Hörmətli iclas iştirakçıları.

Biz ikitərəfli münasibətlərimizi tamamilə tarixi bir zirvəyə çatdırmışıq. Bunun təsdiqi kimi, hazırkı sammitin yekunları üzrə Əbədi dostluq haqqında tarixi Müqavilənin imzalanmasını göstərmək olar.

Ən başlıcası odur ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin hər bir müddəası konkret, real işlərdə öz əksini tapır. Son beş ildə qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Bu da heç də son hədd deyil. Səfərə hazırlıq çərçivəsində Hökumətlərarası Komissiyanın iclası, Biznes Şurasının və Regionlar Forumunun toplantıları uğurla keçirilib və həmin tədbirlər çərçivəsində birgə layihə və proqramların icrası üzrə sıçrayış xarakterli təşəbbüslər hazırlanıb. İndi iki ölkənin hökumətlərinin, nazirliklərinin və idarələrinin əsas vəzifəsi onların səmərəli icrasını təmin etməkdir. Biz Dövlətlərarası Şuranın iclasını hər dəfə keçirərkən İlham Heydər oğlu ilə birlikdə həmişə sizə deyirik ki, məsələləri ciddi nəzarətə götürəcəyik.

Hərtərəfli əməkdaşlığımızın prioritet istiqamətlərini qısaca diqqətinizə çatdırmaq istəyirəm:

Birincisi, regional və beynəlxalq platformalarda ortaq maraqlarımızı təşviq etmək məqsədilə xarici siyasət idarələrimiz arasında sıx koordinasiyanı davam etdirmək vacibdir. Həmçinin məhdud formatda parlamentlər, hökumətlər, nazirliklər, idarələr və bölgələrimiz arasında əlaqələrə güclü təkan vermək barədə razılığa gəldik.

İkincisi, indi dediyim kimi, ən yaxın hədəfimiz 1 milyard dollarlıq ticarət dövriyyəsi həddinə çatmaqdır. Bunun üçün əsas bu gün qəbul etdiyimiz və həmin mühüm mərhələyə çatmaq üçün konkret tədbirləri müəyyənləşdirən proqram olacaq.

Üçüncüsü, sənaye kooperasiyasının dərinləşdirilməsinə xüsusi diqqət yetiririk. Ölkələrimizin biznes icmaları geologiya, energetika, kimya, maliyyə, tikinti, kənd təsərrüfatı və digər sahələrdə bir sıra layihələri uğurla həyata keçirir. Bu iclas çərçivəsində yeni layihələrə start verəcəyik. Təşəbbüsləri dəstəkləmək üçün birgə investisiya şirkətindən vəsaitləri fəal şəkildə cəlb etməliyik. İlham Heydər oğlu ilə razılaşdıq ki, 500 milyon vəsaiti tez bir zamanda istifadə etməliyik, sonra isə bu fondu artıracağıq. Çünki onun vəsaitlərini düzgün istiqamətdə tətbiq etmək üzrə yaxşı birgə təcrübə əldə etmişik. Bugünkü iclasda ticarətin artırılması və əməkdaşlığın dərinləşdirilməsi üzrə müfəssəl planlarına dair Hökumətlərarası Komissiyanın həmsədrlərini dinləyəcəyik.

Dördüncüsü, nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr durur. Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın istifadəyə verilməsini sürətləndirməliyik. Həmçinin Xəzər dənizində vahid operatoru olan ayrıca Özbəkistan-Azərbaycan dəhlizi yaratmaqda maraqlıyıq.

Beşincisi, müttəfiqliyimiz çoxəsrlik ortaq tarixə və iki qardaş xalqın mədəni dəyərlərinin yaxınlığına əsaslanır. Bu zəngin irsi diqqətlə qorumaq və artırmaq, müntəzəm olaraq qarşılıqlı Mədəniyyət günlərini lazımi miqyasda keçirmək bizim borcumuzdur. Həm də bu cür tədbirlər yalnız paytaxtlarda deyil, ölkələrimizin bölgələrində keçirilməlidir. Bu gün biz birlikdə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasını açacağıq və Yeni Daşkənddə “Azərbaycan” parkının tikintisinə start verəcəyik.

Xalqlarımızı daha da yaxınlaşdırmaq üçün Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında birgə filmlərin, ədəbi körpünün yaradılmasını təklif edirik. Bu, xalqlarımız üçün gözəl yaxınlaşma imkanı və gənclər üçün nümunə olardı. Biz belə silsilə filmlər yaratmalıyıq.

Biz bu ilin payızında Azərbaycanda iki ölkənin aparıcı universitetlərinin rektorlarının ikinci forumunun keçirilməsini dəstəkləyirik. Gələn il ölkələrimiz mühüm idman tədbirinə - gənclər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bununla əlaqədar yarışlardan əvvəl keçirilən idman, mədəni və gənclər tədbirlərimizi bir araya gətirəcək genişmiqyaslı “İki ölkə - bir çempionat” proqramı hazırlamalıyıq. Həmçinin gənclərin təkcə idman arenalarında deyil, həm də intellektual fənlərdə yarışa biləcəyi Özbəkistan-Azərbaycan İdman Oyunlarının yaradılmasını təklif edirik. İlham Heydər oğlu, bunu komandalarımıza həvalə etsək, çox gözəl olardı.

Hörmətli iclas iştirakçıları.

Ölkələrimiz regional konsolidasiyanı və əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Daşkəndin və Bakının regionlararası inteqrasiyanın əsas hərəkətverici qüvvələri kimi öz rollarını təmin etmələri sevindirici haldır. Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulması iki region arasında iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni üfüqlər açıb. Ortaq səylərlə səmərəli şəkildə yeni geoiqtisadi reallıq - birgə inkişaf üçün güclü potensiala malik vahid, özünü təmin edən makroregion yaradırıq.

Bu gün çoxşaxəli Özbəkistan-Azərbaycan tərəfdaşlığının digər məsələlərini də müzakirə edəcəyik. Bilməlisiniz ki, biz, sözün əsl mənasında, hər bir sahə üzrə əlimizdə qələmlə araşdırma aparmışıq. İlham Heydər oğlu ilə bütün digər istiqamətlərdə güclü, böyük layihələr həyata keçirmək üçün qarşılıqlı yaxşı istəyimiz var.

İlham Heydər oğlu, məmnunluqla sözü Sizə verirəm. Buyurun.

x x x

Qardaş Özbəkistana səfərə dəvətə, qonaqpərvərliyə, Azərbaycana və xalqımıza xoş münasibətinə, həmçinin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi şəxsi töhfəyə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev iclasdan əvvəl nümayiş etdirilən videoçarxda hazırda üzərində işlənilən layihələrin peşəkar şəkildə təqdim olunduğunu, onların bir hissəsinin artıq reallaşdığını, bir hissəsinin isə həyata keçiriləcəyini bildirib. “Əsas məsələ ondan ibarətdir ki, qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi ilə bağlı konkret gündəliyimiz var. Əminəm ki, artıq müəyyən edilmiş layihələr həyata keçirildikcə yeni layihələr də meydana çıxacaq və bu videotəqdimata daha çox vaxt lazım olacaq. Əslində, mən belə bir təqdimata çox müsbət mənada təəccübləndim, çünki burada bu gün bizi birləşdirən əsas istiqamətlər öz əksini tapıb”.

Prezident İlham Əliyev iki ölkə arasındakı dostluq münasibətlərini və Özbəkistanın əldə etdiyi uğurları yüksək qiymətləndirərək deyib: “İlk növbədə, Sizi, hörmətli Şavkat Miromonoviç, Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim. Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir. Bu isə ilk növbədə Sizin xidmətinizdir. Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz. Sizin də düzgün qeyd etdiyiniz kimi, biz ikitərəfli formatda, iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyirik. Bu, avtomatik rejimdə baş verir”.

Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqazda gedən müsbət proseslərə verdiyi qiymətə görə Şavkat Mirziyoyevə təşəkkür edib. Bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması nəticəsində bu gün region, nəhayət rahat nəfəs ala və dinc inkişafın üstünlüklərini görə bilər.

Birgə İnvestisiya Fondunun potensialına toxunan Azərbaycan Prezidenti deyib: “Mənə məruzə ediblər ki, 500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib. Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur. Lakin bizim nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda deyildi ki, təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır. Həmçinin Daşkənddə həyata keçirilən layihələr, – hotel kompleksləri və yaşayış kompleksləri, – bu İnvestisiya Fondunun çərçivəsindən kənardadır. Ona görə də ümumilikdə investisiya portfelinə baxsaq, onun müəyyən etdiyimiz 500 milyon dollardan xeyli böyük olduğunu görərik”.

Prezident İlham Əliyev Qarabağın bərpa edilməsi prosesində göstərilən dəstəyə görə təşəkkürünü bildirərək vurğulayıb ki, Özbəkistan və onun dövlət başçısı azad olunmuş ərazilərə praktiki yardım göstərən ilk ölkə və ilk Prezident olub. “Mirzə Uluqbəy adına məktəb bu gün artıq orada təhsil ala biləcək şagirdlərin demək olar ki, hamısını qəbul edib. Məktəb təxminən 1000 nəfərlikdir, son məlumatlara görə isə orada artıq bir neçə yüz şagird təhsil alır və bu məktəb həm də dostluğumuzun, qardaşlığımızın bir rəmzidir. Həmçinin biz Sizinlə birlikdə Xankəndidə özbək dostlarımız tərəfindən rekord qısa müddətdə yaradılmış tikiş fabrikini ziyarət etmişik. Biz Xankəndidə birlikdə kollektivlə də görüşmüşük. Təbii ki, Qarabağ regionunda iş yerlərinin yaradılması, - xüsusilə qadınlar üçün, - hazırda böyük əhəmiyyət daşıyır. Yenə də müasir istehsal müəssisəsinin yaradılması və 200-dən çox iş yerinin açılması üzrə ilk investisiya layihəsi Özbəkistan tərəfindən həyata keçirilir. Buna görə Sizə çox minnətdaram”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Özbəkistanın avtomobil sənayesindəki təcrübəsinin bu gün Azərbaycana da ötürüldüyünü xatırladan dövlətimizin başçısı qeyd edib ki, ilk layihə həyata keçirilib, lakin hazırda tam istehsal dövründən söhbət gedir. Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması planlaşdırılır və ikinci zavod tikilir. Bu zavod, əslində, ölkəmizin avtomobil sənayesinə böyük təkan verəcək.

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin də uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var. Mənə məruzə ediblər ki, Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir. Şavkat Miromonoviçlə bu barədə danışmışıq. Məsələ həllini tapıb, sadəcə, bu layihəni prioritet siyahıya daxil etmək lazımdır. Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir. Zavod indi yüz faiz gücü ilə işləyir”.

Nəqliyyat sektorundakı layihələrə toxunan dövlət başçısı Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirib. Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayan Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb. Konseptual yanaşmanın Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi görməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu marşrut üzrə investisiya yatırmaq, mənfəət əldə etmək və daşıma həcmlərini təmin etmək istəyən maraqlı şirkətlər və ölkələrin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını vurğulayıb.

“Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistanda da işlər gedir, amerikalı tərəfdaşlarımız bizi bu barədə müntəzəm məlumatlandırırlar. Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq. Lakin oradakı məsafə cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikasının ərazisində isə 194 kilometrdir. Bəli, buna görə də işə başladıq, bütün hallarda onu tamamlayacağıq. Amma müxtəlif şirkətlərdən maraq olduğunu bildiyimiz üçün sadəcə məlumat vermək istərdim ki, əgər maraq varsa, təklif olunan konsorsiumda iştirak etmək imkanı mövcuddur”, - deyə dövlətimizin başçısı əlavə edib.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Bakıdan Ermənistan sərhədinə qədər təxminən 400 kilometr məsafədə olan mövcud dəmir yolu xəttinin bir hissəsini sıfırdan yenidən qurur və modernləşdirir. Xəttin Naxçıvan hissəsi isə təxminən 200 kilometrdir. Bu, Orta Dəhlizin əhəmiyyətli bir qolu olacaq.

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə tamhüquqlu üzv kimi cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu vurğulayan dövlətimizin başçısı bu qərarın Daşkənddə keçirilən görüşdə qəbul edilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırıb və buna görə təşəkkürünü ifadə edib. Azərbaycanın bu formatda tamhüquqlu iştirakının təmin edilməsində Özbəkistan liderinin şəxsi rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində məsuliyyətlidir və bu işə böyük həvəslə yanaşır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!