23 Sentyabr 2026 20:57
714
SİYASƏT
A- A+
Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub  

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub  

Sentyabrın 23-də “Gülüstan” sarayında Çin Xalq Respublikasının 77-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, öncə tədbirdə hər iki ölkənin Dövlət Himni səsləndirilib.

Çinin Azərbaycandakı səfiri Lu Mey qonaqları salamlayaraq bildirib ki, bu il Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümü, eləcə də Çin Kommunist Partiyasının yaradılmasının 105-ci ildönümü qeyd olunur.

Diplomat deyib ki, Çin dünya iqtisadiyyatının artımına ardıcıl olaraq mühüm töhfələr verir. Çin iqtisadiyyatı qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır və son illərdə qlobal iqtisadi artımın təxminən 30 faizini təmin edib: “Cari ilin birinci yarısında Çinin ÜDM-i 4,7 faiz artaraq bütün il üçün nəzərdə tutulmuş hədəflərə uyğun göstəricilər nümayiş etdirib. Çin dünyanın 150-dən çox ölkəsi və regionu üçün əsas ticarət tərəfdaşı qismində çıxış edir. Gələcəyə nəzər salsaq, qeyd etmək lazımdır ki, Çin iqtisadiyyatı böyük daxili bazara, güclü istehsal potensialına, inkişaf etmiş infrastruktura, etibarlı insan resurslarına, eləcə də bütöv sənaye və təchizat zənciri sisteminə əsaslanan yüksək dayanıqlılıq və möhkəm təməl nümayiş etdirir. Bütün bunlar dünya iqtisadiyyatının artımına sabitlik və etibarlılıq gətirməkdə davam edəcək. Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir. Çinin elmi-texniki sahədə davamlı irəliləyişləri sürətlə sənaye istehsalına tətbiq olunur və praktiki həllər tapır, bununla da qlobal iqtisadiyyat üçün çox zəruri olan yeni hərəkətverici qüvvəni təmin edir. Ən əsası odur ki, Çinin texnoloji innovasiyaları inklüziv və açıq xarakter daşıyır, biz onları beynəlxalq birliklə bölüşməyə səmimi-qəlbdən hazırıq”, - deyə səfir diqqətə çatdırıb.

O əlavə edib ki, Çinin "yaşıl keçid"i ölkə modernləşməsinin digər mühüm səciyyəvi xüsusiyyətinə çevrilib: “Quraşdırılmış güc baxımından enerji balansımızda bərpaolunan enerji mənbələrinin payı artıq 60 faizi ötür. Çin qlobal "yaşıl keçid"in təşviq edilməsində mühüm rol oynayır. Ölkəmiz dünyanın ən böyük "yaşıl" energetika sənayesi zəncirini yaradıb və bir çox ölkəyə əlçatan və yüksəkkeyfiyyətli ekoloji təmiz enerji həllərinə çıxış imkanı təmin edib. Bu xüsusda Çin Azərbaycanla Günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq həyata keçirir”.

Səfir deyib ki, süni intellektin idarə edilməsi sahəsində Çin Süni İntellektin İdarə Edilməsi üzrə Qlobal Təşəbbüsün irəli sürülməsində liderliyi öz üzərinə götürüb. Cari ilin iyul ayında isə Çinin təşəbbüsü ilə Şanxay şəhərində Süni İntellekt Sahəsində Əməkdaşlıq üzrə Ümumdünya Təşkilatı yaradılıb.

Lu Mey bildirib ki, Azərbaycan və Xəzər dənizindən keçən Çin-Avropa dəmir yolu ekspresi ilə daşımaların həcminin il ərzində iki dəfə artacağı gözlənilir.

Səfir Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının böyük potensiala malik olduğunu və iki dövlət başçısının əldə etdiyi razılaşmaların həyata keçirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıb.

Enerji sahəsində əməkdaşlığa toxunan səfir Çinin və Azərbaycanın Günəş və külək enerjisi üzrə bir sıra layihələr həyata keçirdiyini qeyd edib. Həmçinin Çinin və Azərbaycanın BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və CICA çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstərdiyini bildirib.

Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Çin münasibətləri siyasi, iqtisadi, nəqliyyat, enerji, turizm və humanitar sahələrdə dinamik inkişaf edir.

Şahin Mustafayev vurğulayıb ki, 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalanıb. Sənəd Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoyub.

Baş nazirin müavini bildirib ki, 2026-cı ilin ilk 7 ayında iki ölkə arasında ticarət dövriyyəsi 4,5 faiz artaraq 2,6 milyard ABŞ dollarına çatıb.

“1995-ci ildən Çindən Azərbaycana 976 milyon ABŞ dolları birbaşa investisiya yatırılıb. Azərbaycandan Çinə yatırılan sərmayələrin ümumi həcmi isə 1,9 milyard ABŞ dolları təşkil edib. Hazırda Azərbaycanın müxtəlif iqtisadi sektorlarında 455 Çin şirkəti fəaliyyət göstərir və Çin şirkətləri ilə 50-yə yaxın birgə layihə həyata keçirilir”, - deyə Şahin Mustafayev əlavə edib.

Onun sözlərinə görə, nəqliyyat-tranzit sahəsində də artım qeydə alınıb. Cari ilin ilk 7 ayında tranzit daşımalarının həcmi 8 faiz artaraq 272,6 min ton təşkil edib.

Turizm əlaqələrinin də genişləndiyini deyən Şahin Mustafayev qarşılıqlı vizasız rejimin bu sahəyə əhəmiyyətli təkan verdiyini vurğulayıb. Ötən il Çindən Azərbaycana turist axını 42 faiz, Azərbaycandan Çinə turist axını isə təxminən 85 faiz artıb.

Şahin Mustafayev bildirib ki, ölkələrimiz beynəlxalq və çoxtərəfli platformalarda da sıx əməkdaşlıq edir.

Tədbirdə Azərbaycan hökumətinin yüksəkvəzifəli rəsmiləri, diplomatik korpusun nümayəndələri, ictimaiyyətin tanınmış simaları, Çin icmasının üzvləri iştirak ediblər.

Tədbir bədii hissə ilə davam edib. Tədbir iştirakçıları burada təqdim edilən sərgidə Çin mədəniyyətinin nümunələri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

20:40
07 Noyabr

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

20:38
07 Noyabr

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

19:41
07 Noyabr

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

18:54
07 Noyabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

18:31
07 Noyabr

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

18:21
07 Noyabr

Qaradağ rayonunda “Zəfərin işığında” adlı tədbir keçirilib

17:03
07 Noyabr

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

16:51
07 Noyabr

CENTCOM-dən 20 milyon dollarlıq mükafat

16:43
07 Noyabr

Zəfər Günü xalqımızın milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir

16:35
07 Noyabr

Böyük Qayıdış uğurla reallaşır

16:01
07 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub  

15:12
07 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

15:07
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

15:01
07 Noyabr

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

14:28
07 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

14:24
07 Noyabr

Sabaha olan hava proqnozu açıqlanıb

14:01
07 Noyabr

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

13:47
07 Noyabr

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

13:37
07 Noyabr

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

13:15
07 Noyabr

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

13:02
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!