23 Oktyabr 2026 08:00
17853
SİYASƏT
A- A+
Ölkəmiz regionda sabitliyi təmin edib

Ölkəmiz regionda sabitliyi təmin edib


İlham ƏLİYEV: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"


2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı birgünlük antiterror tədbirləri təkcə torpaqlarımızın azad edilməsi ilə nəticələnmədi. Bu tarixi hadisələr regionda onilliklər boyu formalaşmış geosiyasi xəritəni kökündən dəyişdi. Hazırda bölgədə hökm sürən de-fakto sülh və sabitlik də məhz rəsmi Bakının nümayiş etdirdiyi güclü siyasi iradənin və hərbi-diplomatik qətiyyətin real bəhrəsidir. O da təsadüfi deyil ki, bu gün Azərbaycan Avrasiyanın vacib əməkdaşlıq platformasına çevrilib. 


Avrasiya məkanında birləşdirici mərkəz


Ölkəmiz həm öz gücünə sərhədlərini, suverenliyini bərpa edən dövlət kimi, həm də  Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji ünvan kimi dünyada diqqət çəkir. Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə ölkəmizin bu birləşdirici və təhlükəsizlik yaradan missiyasını belə ifadə etdi:

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir".

Azərbaycan Avrasiyanın mərkəzində həm də beynəlxalq logistikanın idarəedici məkanına çevrilib. Orta dəhlizin Avrasiyada ticarət dövriyyəsinin təhlükəsizliyini və sürətini təmin etməsi faktdır. Paralel olaraq, "Cənub qaz dəhlizi" və Avropaya "yaşıl enerji" ixracı layihələri Azərbaycanı qitənin enerji təhlükəsizliyində əvəzedilməz tərəfdaşa çevirib. Bu iqtisadi və infrastruktur bağlılığı təkcə ticarəti canlandırmır, həm də region dövlətlərini vahid maraqlar ətrafında birləşdirərək sabitliyi gücləndirir.

Bakının birləşdirici mərkəz rolunun arxasında qazanılmış böyük siyasi etimad və uğurlu çoxvektorlu xarici siyasət durur. Azərbaycanın Qoşulmama Hərəkatına (QH) nümunəvi və uğurlu sədrliyi, BMT-dən sonra ikinci ən böyük təşkilat olan QH-nin institusional inkişafı yönündə atdığı tarixi addımlar ölkəmizin qlobal səviyyədə təşkilatçılıq imkanlarını göstərdi. Eyni zamanda Türk Dövlətləri Təşkilatının güclənməsindəki aparıcı rolu, İslam Əməkdaşlıq Təşkilatı  və digər regional platformalarla qurduğu bərabərhüquqlu münasibətlər Bakını qlobal diplomatiyanın əsas təşəbbüskar mərkəzlərindən birinə çevirib.

Dövlətimizin başçısının yuxarıda sözügedən nitqində qeyd etdiyi kimi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları təhlükəsizlik sistemini birbaşa möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə ikili standartlara, ayırıcı xətlərə və bloklaşma siyasətinə qarşı çıxaraq qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərini müdafiə edir. Qlobal münaqişələrin artdığı, beynəlxalq hüququn böhran keçirdiyi bir dövrdə Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü bərpa etməsi və dərhal sülh gündəliyi ilə çıxış etməsi ölkəmizin həm də qlobal təhlükəsizlik arxitekturasına verdiyi ən böyük töhfədir. Bu fəal və suveren siyasət Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu sarsılmaz edir.

Cənubi Qafqaz regionunda təhlükəsiz əməkdaşlıq mühitinə geniş imkanlar  yaradan Bakının qlobal uğurlara uzanan yolu heç də hamar olmayıb. Müstəqilliyin ilk günlərindən etibarən Azərbaycan beynəlxalq hüququn işləmədiyi, ikiüzlü yanaşmaların adi qaydaya çevrildiyi bir reallıqla üz-üzə qaldı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə tam üç onillikdə sadəcə kağız üzərində qaldı. Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu isə münaqişəni nizamlamaq əvəzinə işğal faktnı əbədiləşdirməyə və status-kvonu qorumağa xidmət etdi.

AQEM-in 7-ci Zirvə Görüşündə dövlətimizin başçısı bu tarixi haqsızlığı və təcavüzkarın illərlə cəzasız qalmasını xatırladaraq, beynəlxalq təsisatların acizliyini kəskin şəkildə ifşa etdi: "BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı... ...Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi".

İşğal dövründə beynəlxalq birliyin laqeydliyi İrəvanı daha da həvəsləndirirdi. Lakin Azərbaycan xalqının "dəmir iradə"si bu ədalətsiz gedişata son qoydu. 


Ermənistan üçün son tarixi fürsət 


Tarixən müharibədə qalib gələn tərəflərin şərtləri diktə etməsi və ya qisas yolunu tutması adi hal hesab olunur. Lakin Azərbaycan 30 illik etnik təmizləmələrə, dağıdılmış şəhər və kəndlərin ağrı-acısına baxmayaraq, böyük siyasi yetkinlik və humanizm nümayiş etdirdi. Qisas döyüş meydanında alındı, ardınca isə Ermənistana beynəlxalq hüquqa əsaslanan 5 bəndlik sülh sazişi təklif olundu.

Ancaq sülh bir tərəfin istəyi ilə baş tuta bilməz. Prezident İlham Əliyevin Zirvə görüşündə verdiyi mesaj bölgədəki mövcud vəziyyətin reallığını tam aydınlığı ilə ortaya qoydu: "Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi... ...Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır".

Bəs bu sülhü kövrək edən nədir? Əsas səbəb bölgədə yaradılan faktiki sabitliyin hüquqi müstəvidə hələ də möhkəmləndirilməməsidir. Vaşinqton Zirvəsində sülh sazişi mətninin paraflanması mühüm diplomatik irəliləyiş olsa da, hüquqi baxımdan ən böyük maneə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı qalan ərazi iddialarıdır.

Ermənistan rəhbərliyi sülh sazişinin imzalanmasını 2031-ci ilə qədər uzatmağa cəhd edir. Əslində, bu, İrəvanın prosesi qeyri-müəyyən müddətə dondurmaq niyyətindən xəbər verir. Lakin təcavüzkar ölkə anlamalıdır ki, vaxt qazanmaq taktikası Bakının şərtlərini və ya bölgədəki reallığı dəyişmir, əksinə, Ermənistanın öz ziyanına işləyir.

Cənubi Qafqazda de-fakto bərqərar olmuş sülhü daimi və dönməz etmək üçün Ermənistan vaxt uzatmaq manevrlərindən əl çəkməlidir. Qonşu ölkələrə qarşı ərazi iddialarını konstitusiyasından silmək və yekun sülh sazişinə imza atmaq İrəvan üçün sadəcə bir öhdəlik deyil, həm də öz gələcəyini xilas etmək üçün son tarixi fürsətdir. Azərbaycan öz gücü ilə regiona sülh gətirib, indi isə növbə qarşı tərəfin bu sülhə məsuliyyətlə sahib çıxmasındadır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:03
19 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:02
19 Noyabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında

01:01
19 Noyabr

Zelenski: Ukrayna Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir  

23:39
18 Noyabr

Gənclər və idman naziri “Eurosport”un nümayəndələri ilə görüşüb

22:37
18 Noyabr

Putin və Trampın görüşü noyabrın 19-na planlaşdırılıb

22:29
18 Noyabr

Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir  

21:56
18 Noyabr

Səfir: İçərişəhər hər zaman insana ilham verir

21:34
18 Noyabr

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub  

21:18
18 Noyabr

Milli Məclisin sədri Türkmənistanda işgüzar səfərdədir

20:54
18 Noyabr

Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq layihələri nəzərdən keçirilib  

20:07
18 Noyabr

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub 

19:56
18 Noyabr

Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub  

19:29
18 Noyabr

YAP nümayəndə heyəti Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib  

19:12
18 Noyabr

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir 

18:52
18 Noyabr

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib 

18:39
18 Noyabr

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır  

18:36
18 Noyabr

ANAMA sədri Brüsseldə mühüm görüşlər keçirib: minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq genişlənir  

18:29
18 Noyabr

HONOR İstanbulda istehsala başlayıb 

18:27
18 Noyabr

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb 

18:23
18 Noyabr

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub  

18:17
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!