Hanoydan Vaşinqtona, Berlindən Romaya uzanan diplomatik təmaslar Bakının beynəlxalq münasibətlər sistemindəki fəal rolunu nümayiş etdirir
Bu gün Azərbaycan milli maraqlarını təmin edərək regionda proseslərin axarını sülhə istiqamətləndirən və qlobal güclərin hesablaşdığı aparıcı dövlət kimi tanınır. Ölkəmizin əldə etdiyi bu güclü mövqeni Azərbaycan diplomatiyasının təkcə noyabrın 17-dən 25-dək olan doqquz günlük zaman kəsiyindəki intensivliyində də aydın müşahidə etmək mümkündür. Müxtəlif qitələri təmsil edən yüksəksəviyyəli rəsmilərin Bakıya səfərləri, Cənub-Şərqi Asiyaya uzanan rəsmi marşrut və imzalanan strateji sənədlər ölkəmizin beynəlxalq nüfuzunun növbəti təntənəsinə çevrildi. Prezident İlham Əliyevin bu qısa müddətdəki diplomatik qrafiki sübut etdi ki, həm qlobal güc mərkəzlərinin maraqları Bakıda uzlaşır, həm də mühüm beynəlxalq proseslərin axarı paytaxtımızda formalaşır.
Bakıdan Cənub-Şərqi Asiyaya
Noyabrın 17-də həm Avropanın aparıcı ölkələrindən sayılan Almaniyanın xarici işlər naziri Yohan David Vadeful, həm də qonşu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda Prezident İlham Əliyevin qəbulunda oldular. Almaniya rəsmisi ilə müzakirələrdə Azərbaycan qazının artıq bu ölkəyə ixracı və Biznes Şurasının fəaliyyəti gündəmə gəldi, Gürcüstan təmsilçisi ilə söhbətdə isə Orta dəhliz və enerji layihələri masada müzakirə mövzusu oldu. Yəni Bakı eyni gündə həm Avropanın mərkəzi ilə strateji gündəliyini yenilədi, həm də yaxın qonşusu ilə regional sabitliyin təməlini möhkəmləndirdi.
Almaniya xarici işlər naziri Yohan David Vadefulla görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olundu.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Prezident İlham Əliyevin qəbulunda olarkən, Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.
İki gün sonra isə Prezident İlham Əliyevin diplomatik marşrutu Cənub-Şərqi Asiyaya yönəldi. Noyabrın 19-21-də Vyetnama rəsmi səfər, Hanoyda Prezident To Lam ilə qəbul edilən Birgə Bəyanat, iki ölkə arasında imzalanmış sənədlər göstərdi ki, Azərbaycanın diplomatiyası coğrafi sərhəd tanımır. Avropa ilə dərin əməkdaşlıq quran Bakı, Asiyanın sürətlə yüksələn gücü ilə də eyni səmimiyyət və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.
Hanoy səfərindən dərhal sonra, noyabrın 22-də Bakıda ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin qarşılandı. Bu görüşdə səslənən fikirlər iki ölkənin əlaqələrinin hazırkı ən yüksək səviyyəsinə bir daha işıq tutdu. 2026-cı ilin Azərbaycan-ABŞ münasibətlərində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması ilə tarixə düşməsi, 2025-ci ilin avqustunda Vaşinqton Sammitində imzalanan Birgə Bəyannamədən, sülh mətninin paraflanmasından və kommunikasiyaların açılması ilə bağlı əldə olunan razılaşmalardan sonra regionda sülh mühitinin hökm sürməsi kimi faktlar onu göstərir ki, okeanın o tayında da Bakının yaratdığı yeni reallıqlar tam dəstəklənir.
Xatırladaq ki, Vaşinqton razılaşmalarının məntiqi davamı olaraq, noyabrın 23-də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) praktiki icrasına rəsmi start verilib.
Layihənin rəsmi başlanğıcına həsr olunmuş videomüraciətində ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə Vaşinqtonla əməkdaşlığa, sülh gündəliyinin irəlilədilməsinə və layihənin reallaşmasına verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib. Öz növbəsində Prezident İlham Əliyev "X" hesabında ABŞ Prezidentinin təşəkkür mesajına cavab verib: "Hörmətli Prezident Donald Tramp, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm".
Avropa istiqaməti üzrə intensiv təmaslar
Növbəti günlərdə isə Bakının diplomatik gündəliyini Avropa istiqaməti üzrə intensiv təmaslar zənginləşdirdi. Noyabrın 23-də İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiç və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili, noyabrın 25-də isə Litva xarici işlər naziri Kestutis Budris Bakıda Prezident İlham Əliyevin qəbulunda oldular.
Antonio Tayani ilə görüşdə dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.
Nazir Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu dedi, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd etdi.
Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından strateji rolunun artdığı vurğulandı, bölgədə gedən proseslərə, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinə və TRIPP layihəsinə toxunuldu.
Monteneqronun Baş naziri Miloyko Spayiç Azərbaycanın ölkəsinə böyük sərmayələr yatırdığını deyərək, bunun iqtisadiyyatlarına müsbət təsir göstərdiyini bildirdi.
Litva xarici işlər naziri Kestutis Budris səfər çərçivəsində "Azərbaycan Respublikası və Litva Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanacağını bildirdi, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğuladı. O, Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğuladı.
Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə söhbətdə isə Prezident İlham Əliyev regional məsələlərdə hər zaman inklüziv yanaşmanın olmasının vacibliyini vurğuladı. Bu xüsusda Azərbaycanın və Gürcüstanın regionda birgə səylərlə həyata keçirdiyi Orta dəhliz layihəsinin artıq funksional olduğu vurğulandı və bu xətlə daşımaların mütəmadi əsasda artdığı bildirildi.
Bütün bu diplomatik hərəkətliliyin ən mühüm səbəbi Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sülh mühitidir. Almaniyadan Vyetnama, ABŞ-dən İtaliyaya, Monteneqrodan Litvaya qədər fərqli qütblərin Bakı ilə əlaqələrə böyük əhəmiyyət verməsi bir mətləbdən xəbər verir: dünya siyasətində sözünə güvənilən, verdiyi vədi yerinə yetirən və böhranların içindən çıxış yolu tapan liderlərə həmişə ehtiyac duyulur. Bu mənada Prezident İlham Əliyevin cəmi doqquz günlük iş qrafiki də sübut edir ki, Azərbaycan artıq yerləşdiyi regionun - Cənubi Qafqazın taleyini yazan və qlobal proseslərin istiqamətini müəyyən edən əsas güc mərkəzlərindən biridir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"