13 Noyabr 2026 08:00
157
SİYASƏT
A- A+
44 günün unudulmaz anları

44 günün unudulmaz anları


Müzəffər Ali Baş Komandan İlham Əliyev uzun-uzadı müharibə aparmağı sevmir!

Biz bunu dördgünlük Aprel döyüşlərində də gördük, 44 günlük Vətən müharibəsində də!

İlham Əliyev müharibəyə məsuliyyətlə, hərtərəfli və tələsmədən hazırlaşır, bütün diqqəti və vəsaiti ordunun yüksəksəviyyəli hazırlığına, ən müasir silah-sursatla təminatına, şəxsi heyətin yüksək peşəkarlıq səviyyəsinə çatdırılmasına, əsgər və zabitlərin vətənpərvərlik ruhunda, yüksək mənəvi keyfiyyətlər əsasında tərbiyələndirilməsinə yönəldir.

Əsas diqqəti təlimlərə, gələcək döyüş məkanlarına uyğun şəraiti olan yerlərdə məşqlərə cəmləyir, taktiki gedişlərə üstünlük verir.

Bir neçə misal.

44 günlük Zəfər müharibəsindən sonra düşmən üçtərəfli Bəyanatda üzərinə götürdüyü bir neçə vacib bəndi yerinə yetirmək istəmədi.

İmzalanmış kapitulyasiya aktının sonadək icrasına sənədin zəmanətçisi olan Rusiya da soyuq yanaşdı.

Cənab İlham Əliyev isə öz mövqeyində qəti idi!

Sonrakı dövrlərdə ildırım sürətli əməliyyatlarla düşməni qoyulan şərtləri yerinə yetirməyə vadar etdi!

* Ermənistan Laçın dəhlizini öz nəzarətində saxlayaraq bu yolla silahlı qüvvələrinin tör-töküntülərini və terrorçu dəstələrini silah-sursatla və ərzaqla təmin edirdi.

Dəqiqələr ərzində həyata keçirilən unikal əməliyyat nəticəsində Həkəri çayı üzərindəki körpüdə yerləşən düşmən postu ələ keçirildi. 

Rusiya sülhməramlılarının müdaxiləsinə imkan verilmədi, Laçın dəhlizinə nəzarət ələ alınaraq ölkənin ərazi bütövlüyü təmin edildi!

2023-cü ilin digər əməliyyatı da bir sutka çəkmədi.

* Cəmi 23 saat ərzində erməni terrorçuları və silahlıları ağ bayraq qaldıraraq təslim olduqlarını bildirdilər.

Beləliklə, ölkənin Dövlət suverenliyinə və Konstitusiya əsaslarının təmininə də nail olundu.

Dostlarının və havadarlarının köməyinə arxalanan və dəstəyindən istifadə edən haylar işğal müddətində yerli relyefin yaratdığı imkanlardan istifadə etməklə altıqat müdafiə xətti qurmuş, gücləndirilmiş atəş nöqtələri yaratmış, beton bunkerlər tikmişdilər.

Belə bir vəziyyətdə və dağlıq şəraitdə hərbi əməliyyatların aylarla və ya illərlə davam etməsi bizə böyük itkilərlə başa gələrdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün bunları yüksək dəqiqliyi ilə hesablamışdı.

Ən böyük əraziyə malik, ən güclü müdafiə istehkamları qurulmuş və dağlıq ərazidə əlverişli mövqedə olan Ağdam, Laçın və Kəlbəcər rayonları qış ayları başlamamış və bircə güllə belə atılmadan geri qaytarıldı!

Nəticədə yüzlərlə əsgərin həyatı qorunmuş oldu.

İlham Əliyevin sərkərdəliyi və hərbi məharəti sayəsində cəmi 44 gündə otuzillik işğala son qoyuldu, müharibələr tarixinə yeni səhifə yazan Azərbaycan Ordusunun tətbiq etdiyi yeni taktika və strategiya sayəsində Ermənistanın havadarlarının istəyi əleyhinə olaraq hərbi əməliyyatlar ildırım sürətilə yekunlaşdı!

XXI əsrin ən yeni müharibəsi həm də unudulmaz anlarla, əsrlər boyu xatirələrdə yaşayacaq məqamlarla hərb tarixinə düşdü.

***

Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın kimsəyə bir qarış torpağını belə güzəştə getməyəcəyi, torpaqlarını işğaldan tamamilə azad edəcəyini və lazım gələrsə, münaqişənin hərbi yolla həllinə nail olunacağı barədə xəbərdarlıqları nə Ermənistana, nə də onların müdafiəçilərinə və havadarlarına əsər edirdi.

ÇÜNKİ:

* BMT-nin qətnamələri yerinə yetirilmir;

* AŞPA və Avropa İttifaqı PA vaxtaşırı Azərbaycana təzyiq məqsədilə yalana əsaslanan qərəzli sənəd və bəyanatlar qəbul edir;

* ATƏT-in Minsk qrupu mənasız və nəticəsiz danışıqları uzatdıqca uzadır;

* ATƏT-in həmsədr dövlətləri işğalçı ilə işğala məruz qalan tərəflər arasında heç bir fərq qoymayaraq "siz aranızda hansı razılığa gəlsəniz, biz onu dəstəkləyəcəyik" kimi absurd fikirlər səsləndirir;

* Beynəlxalq hüquq ayaqlar altında tapdalanırdı.

Bütün bunlardan ruhlanan Ermənistanın yeni rəhbərliyi isə "Qarabağ Ermənistandır - nöqtə", "Yeni müharibə, yeni ərazilər olacaqdır" söyləməklə nəinki torpaqları könüllü geri qaytarmayacağını bildirir, üstəlik, bizi yeni işğalla hədələyirdi.

Bütün tərəflərin mövqeləri açıq və bəlli görünürdü:

* ATƏT-in Minsk qrupu münaqişəni sülh danışıqları yolu ilə həll etmək niyyətində deyil;

* Həmsədr dövlətlər erməni mövqeyini müdafiə edir;

* Ermənistan artıq Qarabağı və işğal etdiyi digər əraziləri özününkü sayır;

* Azərbaycan isə heç bir təsir, təhdid qarşısında geri çəkilməyərək öz torpaqlarını son qarışınadək azad edəcəyini qətiyyətlə söyləyirdi!

Həm də təkcə söyləmirdi...

2016-cı ilin dördgünlük Aprel döyüşlərində  qüdrətli ordu qurduğunu və onun vasitəsilə uğurlu hərbi əməliyyatlar aparacağını əyani nümayiş etdirdi!

Ağlını itirmiş Ermənistan rəhbərliyi isə baş verənlərdən düzgün nəticə çıxarmaq əvəzinə Tovuz bölgəsində dalbadal təxribatlar törətməyə, Azərbaycanın ixrac boru kəmərlərini dağıdacağı ilə hədələməyə başladı.

Həm də hədəsini təxribatlarla gerçəkləşdirdi.

Artıq müharibə labüd görünürdü.

Belə də oldu.

27 sentyabr 2020-ci ildə Prezident İlham Əliyevin televiziya vasitəsilə xalqa ilk müraciəti səsləndi:

"Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb".

Cənab İlham Əliyev həmişə dediyini edib!

Hərbi əməliyyatların başladığı ilk gündə şəhid olanlarımız barəsində "Onların qanı yerdə qalmayacaqdır" söyləməsi 44 gün ərzində həyata keçirildi!

Təkcə torpaqlarımız azad edilmədi, hərb meydanında düşməndən qisasımız alındı, üstəlik, ərazilərimiz terrorçulardan və separatçılardan tamamilə təmizləndi!

***

II Qarabağ müharibəsi əvvəldən axıradək üç cəbhədə davam etdi:

* Hərb meydanında;

* Diplomatiya sahəsində;

* İnformasiya savaşında.

Diplomatiya sahəsində baş verənlərdən yalnız dövlət başçısının söylədikləri əsasında xəbər tuturduqsa, hərb və informasiya meydanında gedən prosesləri KİV vasitəsilə aşkar izləyirdik.

Söz meydanında ilk müsahibəni cənab İlham Əliyev sentyabrın 29-da "Rossiya -1 " telekanalının "60 dəqiqə" proqramına verdi.

Maraqlı məqam o idi ki, həmin verilişdə aparıcının suallarını paralel şəkildə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri N.Paşinyan cavablandırırdılar.

Qarabağ münaqişəsinin yaradıcısı olan Rusiya daim Ermənistanın yanında olub, onu ruhlandırıb, siyasi cəhətdən müdafiə edib, hətta dəfələrlə milyardlarla dollar həcmində pulsuz silah-sursat verib.

Müharibənin ilk günlərindən isə ona informasiya dəstəyi verməyə başlamışdı.

Təkcə İranın hava məkanı vasitəsilə hərbi əməliyyatlar dövründə Ermənistana silah-sursat daşımaqla ürəyi soyumurdu.

Dünya erməniliyinin maliyyəsindən və seçkilər zamanı erməni diasporlarının verdikləri "erməni səsi"ndən istifadə edən dövlətlər, beynəlxalq qurumlar Azərbaycanın silaha əl atmasını heç vəchlə istəmirdilər.

Onlar işğalın on illərlə davam edəcəyini və Azərbaycanın torpaq itkisi ilə haçansa barışacağını düşünürdülər.

Nəyi nə vaxt və necə etməyi məharətlə bacaran İlham Əliyev isə tamam başqa fikirdə idi.

O, tam məxfi şəkildə qüdrətli ordu yaradaraq onu ən yeni texnologiyalara əsaslanan silah-sursatla təmin etmişdi.

Hətta qonşu Rusiya da Azərbaycanın belə bir ordu qurmasından xəbərsiz idi.

Moskvadakılar belə düşünürdülər ki, Azərbaycan müharibəyə başlasa belə, onların köməyi ilə yaradılan altıqat müdafiə xətlərini keçə bilməyərək böyük itkilər verəcək, sonra Rusiyaya yalvararaq torpaqların bir qisminin qaytarılmasına yardım göstərmək üçün ondan kömək diləyəcəkdir.

Rusiya isə istədiklərini alacaq, sonra "ədalətli münsif" kimi bölgədə "sülh yaradaraq" buradakı hökmranlığını davam etdirəcəkdir!

Əvvəldən isə münaqişənin həllində Türkiyənin hansı formadasa iştirakına qətiyyən razı deyildi.

"Rossiya - 1" telekanalının aparıcısının hər iki tərəfə verdiyi suallarda bu mövqe aşkar şəkildə sezilirdi.

N.Paşinyan da imicinə sadiq qalmışdı.

Əvvəlki kimi yalan danışmaq, şərləmək yolunu tutmuşdu.

Bu vasitə ilə - Türkiyənin yeni başlayan hərbi əməliyyatlarda iştirakını göstərməklə əvvəla Rusiyanı şantaj edir, ikincisi, münaqişənin "beynəlmiləl" xarakter daşıdığını sübut etməyə çalışır, ən nəhayət, bu yolla KTMT-ni (beynəlmiləl hərbi qurumu) müharibəyə cəlb etməklə torpaqları əldə saxlamaq niyyətini güdürdü.

Amma nədənsə "muzdlu"lardan danışanda II Qarabağ müharibəsində Ermənistan tərəfindən döyüşən rus əsgərlərini və özlərinin gətirdikləri muzdluları, habelə işğal etdikləri Azərbaycan ərazilərini məskunlaşdırmaq üçün Qarabağa yığdıqları Livan ermənilərini "unudurdu".

İndi isə həmin müsahibədən bir neçə məqama diqqət yetirək:

"Aparıcı: İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah edin. Ankara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək".

. . .

"Prezident İlham ƏLİYEV: ...Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək, bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır".

. . .

"Aparıcı: İlham Heydər oğlu, beləliklə, Siz belə bir informasiyanı təsdiq etmirsiniz, üstəlik, onu təkzib edirsiniz ki, bir saat bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25 təyyarələrindən gedir.

"Prezident İlham ƏLİYEV: Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq, nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır".

. . .

"Aparıcı: Sizin mövqeyiniz aydındır. Çox sağ olun. Mümkündürsə lap qısa cavab verin: indi cəbhədə Suriyadan olan muzdlular varmı?

Prezident İlham ƏLİYEV: Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var".

. . .

"Aparıcı: İndi biz Yerevanda əlaqəyə çıxırıq. Ermənistanın lideri, Ermənistanın baş naziri Nikol Paşinyan bizə qoşulur. Salam, Nikol Vovayeviç. İlk növbədə, biz istərdik ki, indi nələr baş verdiyini şərh edəsiniz. Çox həyəcanlı xəbərlər gəlir".

. . .

"Nikol PAŞİNYAN: Çox mühüm məqam ondan ibarətdir ki, Türkiyə faktiki olaraq bu prosesə cəlb edilib. Bizdə olan mötəbər informasiyaya görə, hərbi təlimatçılar və yüksəkvəzifəli hərbçilər indi Azərbaycanın komanda məntəqələrindədirlər və bəzi yerlərdə hətta hərbi əməliyyatlara rəhbərlik edirlər. Daha bir mühüm məqam. Artıq beynəlxalq mətbuatda çoxsaylı materiallar dərc edilib ki, Türkiyə Suriya ərazisindən muzdluları cəlb edir, onları Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana aparır".

N. Paşinyan əsl istəyini açıq şəkildə bildirir:

"Nikol PAŞİNYAN: Tələb etmək lazımdır ki, Türkiyə, ümumiyyətlə, bu regiondan çıxsın. Ona görə ki, Türkiyənin Cənubi Qafqazda hərbi iştirakı heç bir yaxşı şey vəd etmir. Bu, münaqişənin daha da genişlənməsinə və bu hərbi əməliyyatların, bu müharibənin miqyasının artmasına gətirib çıxara bilər. İndi beynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir".

Sonda deyilənlərə doğruçuluğu və obyektivliyi ilə seçilən rusiyalı siyasi və hərbi ekspert İqor Korotçenko yekun vurdu:

"Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi, bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır".

Onu da qeyd edək ki, hadisələrin qiymətləndirilməsində sonadək Rusiyanın və Ermənistanın mövqeləri dəyişməz qaldı.

44 günlük müharibə dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev 30-dan çox qəzetə, telekanala və informasiya agentliklərinə müsahibə verdi, ona ünvanlanan bütün sualları cavablandırdı.

***

Cənab İlham Əliyevin daha iki müsahibəsindən bir neçə məqamı yenidən diqqətə çəkirik.

Əvvəlcə bir maraqlı faktı qeyd edək.

Türkiyənin və bir neçə dost ölkənin KİV nümayəndələri istisna olunmaqla, müsahibə üçün Azərbaycana gələnlərin əksəriyyəti hərbi əməliyyatlara qərəzli və birtərəfli mövqedən yanaşır, Azərbaycanı nədəsə ittiham etməyə cəhd göstərir, feyk xəbərləri özümüzə təsdiq etdirərək dünya ictimaiyyətinə həqiqət kimi təqdim etməyə can atırdılar.

Bununla bağlı iki fakt.

31 oktyabr 2020-ci ildə cənab İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verdi.

Müxbirin ilk suallarından Azərbaycana qarşı aqressiv notda kökləndiyi hiss olunurdu.

Əvvəlcə Azərbaycanı hərbi əməliyyatlara birinci başlamaqda, qadağan olunmuş kassetli raketlərdən istifadə etməkdə suçlamağa çalışdı və bu iddialarında "Amnesty İnternational" və "Human Rights Watch" kimi Azərbaycana daim qərəzli münasibətilə seçilən qurumlara istinad etdi.

Sonra Qarabağda qədimdən əsasən ermənilərin yaşadığını tarixçilərin adından söylədi və s.

İlham Əliyev səbir və təmkinlə bütün bu yalanları faktlarla təkzib etdi.

Çıxılmaz duruma düşən müxbir:

"Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa, bu, bir rəmzi məna daşıyır?" - deyə sual verdi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu suala cavabı isə sonralar dillər əzbərinə çevrilərək məşhurlaşdı:

"Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik". 

Prezidentimizin 2020-ci il noyabrın 9-da "BBC News"ə müsahibəsində də eyni cəhdin, eyni yalanların bizə sırınması üçün canfəşanlığın və yenə də yalançı və bizə qarşı qərəzli "Human Rights Watch"a istinadın şahidinə çevrildik.

Özünü "prokuror" kimi aparmağa çalışan xanım müxbir ucuz yalanları ünvanımıza yapışdırmağa cəhdlər göstərirdi.

Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının pozulacağından ehtiyat edən müxbir soruşdu:

"Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?

Söylədiyi feyklərin heç birini sübuta yetirə bilməyən "BBC News"in müxbiri bu dəfə Azərbaycanda insan haqlarının, söz və mətbuat azadlığının pozulduğunu, jurnalistlərin guya sıxışdırıldığını iddia etməyə başladı.

Müsahibənin həmin hissəsini təqdim edirik:

İlham ƏLİYEV: "Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?

- Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.

- Xeyr, gəlin müzakirə edək. Gəlin müzakirə edək.

- Yox, Prezident Əliyev.

- Ermənilərin burada azad mətbuatın olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi hardadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.

- Münaqişəyə qayıdaraq...

- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.

- Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.

- Bu, sizin xoşunuza gəlmir.

- Bu, xoşa gəlmək məsələsi deyil.

- Siz buna öyrəşməmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Çünki siz ancaq hücum etməyə adət etmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız".

Onu da qeyd edək ki, bu parça "Youtube"yə qoyulandan sonra çox qısa müddətdə beş milyondan çox "baxış" qazanmışdı.

***

Müzəffər Ali Baş Komandan İlham Əliyevin televiziya ilə xalqa müraciətlərinin zirvəsi isə Şuşanın işğaldan azad edilməsi münasibətilə oldu!

Müraciət üçün seçilən məkan da qeyri-adi, müqəddəs sayılırdı: Şəhidlər xiyabanı!

İlham Əliyev Azərbaycan xalqının həsrətlə gözlədiyi şad xəbəri 8 noyabr 2020-ci ildə sonsuz sevinc hissilə bəyan etdi: 

"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!"

Bu qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacağını da sevinclə bildirdi: 

"28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaqdır".

Tarixi müraciətin ən təsirli hissəsi isə belə idi: 

"Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun, dünya azərbaycanlıları!"

İlham Əliyevin dillər əzbərinə çevrilmiş bu sözləri həm də işğal altındakı torpaqları azad etmiş xalqımızın qəhrəmanlığının publisistik tərənnümüdür:

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi başlayarkən xalqa ilk müraciətini bu sözlərlə bitirmişdi:

"Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Sevimli rəhbərimiz bu vədini yaratdığı qüdrətli ordusu, "dəmir yumru"ğu sayəsində şərəflə yerinə yetirdi!

* Xalqına arxalanaraq qələbə çaldı!

* Düşmənin başını əzərək qələbə çaldı!

* Azərbaycanı separatçılardan, murdar ləpirlilərdən təmizləyərək qələbə çaldı!

* Xalqımızı qalib xalqa, ordumuzu şanlı orduya, dövlətimizi müzəffər dövlətə çevirərək qələbə çaldı!

Bu gün isə xalq-iqtidar, xalq-rəhbər birliyi daha möhkəm "dəmir yumruğ"u xatırladır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları

08:45
13 Noyabr

Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 

08:40
13 Noyabr

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

08:35
13 Noyabr

"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 

08:30
13 Noyabr

"Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib"

08:25
13 Noyabr

Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub

08:20
13 Noyabr

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

08:15
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

08:10
13 Noyabr

COP-da Azərbaycan standartı

08:05
13 Noyabr

44 günün unudulmaz anları

08:00
13 Noyabr

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

04:15
13 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

23:05
12 Noyabr

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb  

22:20
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub  

22:06
12 Noyabr

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub  

21:54
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB 

21:01
12 Noyabr

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçubla

20:32
12 Noyabr

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb  

20:09
12 Noyabr

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib  

19:51
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  

19:43
12 Noyabr

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

19:31
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!