"İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz".
İlham ƏLİYEV
"Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt bir qələbə qazana bilməz".
İlham ƏLİYEV
Dünyada ədalət adlı bir gerçəklik var!
İnsanlar, xüsusən zəiflər daim onu seviblər, ona inanıblar!
Gözlədikləri ədalətə çata bilməyənlər isə üzlərini Tanrıya tutublar, ondan İlahi ədalətin bərpasını istəyiblər.
LAKİN...
Tarixi təcrübə və həyatda baş verənlər göstərir ki, ədalətə təkcə onu arzulamaqla, özünün səni tapacağını gözləməklə çatmaq həmişə mümkün olmur!
Ədaləti təkcə arzulamaq, istəmək, tələb etmək azdır!
Onun uğrunda yorulmadan mübarizə aparmalısan, çarpışmalısan!
Xüsusən də ədalətsizləri güclülər müdafiə edəndə!
Ədalətin bərpasına qoluzorlular mane olanda!
Tanrı da ədaləti sevəndir!
Odur ki, hərdən ədaləti ilahiləşdiririk!
İlahi ədalət isə gec-tez öz yerini tapır!
Ancaq oturub onu gözləməklə iş bitmir.
Ədaləti təmin etmək üçün daim mübarizə aparmalısan, daim güclənməlisən!
Tanrı ədalət uğrunda belə mübarizləri sevir və onlara arxa duraraq ilahi ədalətin bərpasına yardım göstərir.
Qarabağ ədalətinin öz yerini almasında da belə oldu!
***
Azərbaycanın əlverişli geosiyasi mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri təkcə ona faydalar gətirməyib.
Həm də düşmənlər qazandırıb.
Lakin həmin düşmənlər özlərini "dost" kimi təqdim edərək daim hiyləyə və məkrə üstünlük veriblər.
Necə deyərlər, üzdə gülüb, içlərində isə bədxahlıqlarından heç zaman qalmayıblar.
Biri özünü "böyük qardaş" kimi təqdim edib.
"Xilaskar" adı ilə ölkəmizi zəbt edərək uzun illər boyu neft-qaz sərvətlərimizi daşıyıb aparıb.
Torpaqlarımız hesabına əlaltısına, forpostuna dövlət yaradıb.
Zəif olduğumuz üçün müqavimət göstərə bilməmişik, məcburən tabe olmuşuq.
Lakin nankor millət verilənlərlə kifayətlənmək istəməyib.
Daha artığını qamarlamağa çalışıb.
Biz tək qaldığımız halda onun müdafiəçiləri, havadarları xeyli olub...
* Dünya erməniliyi daim sözünü deyib.
* Erməni diasporları korrupsiya yolu ilə müxtəlif dövlətlərin siyasətçilərini və parlament üzvlərini ələ alaraq onları öz müdafiəçilərinə çeviriblər.
* İkili standartlarla işləyən beynəlxalq qurum və təşkilatlar haqqı qoyub, nahaqqı dəstəkləyiblər.
* Beynəlxalq hüquq rüşvət qarşısında məğlub olaraq ayaqlar altında qalıb.
* Verilən vədlər boşa çıxıb, qəbul olunan qərar və sənədlər mənasız kağız parçasına çevrilib.
Bəli, erməniyə torpağımızda özünə dövlət yaratmağa imkan verdik, qədim İrəvan xanlığını özlərinə paytaxt etmələrinə şərait yaratdıq.
Bütün bunları az hesab elədilər, qudurdular, daha artığına nail olmağa çalışdılar.
Həm də təkcə çalışmadılar, zorakılıqlara, silaha əl atdılar.
Müdafiəçiləri arxalarında durdular, torpaqlarımızın daha 20 faizini ələ keçirmələrinə hərbi-siyasi vasitələrlə yardım göstərdilər.
Biz isə rəhbərimizdən ayrı düşdüyümüzə, ən çətin və sınaqlı dövrlərdə ölkəmizə maymaqlar, qorxaqlar, təcrübəsizlər, səriştəsizlər və xəyanətkarlar başçılıq etdiklərindən min bir bəlalara düçar olduq:
* Soyqırımlarına məruz qaldıq;
* Əsir götürülərək işgəncələrlə üzləşdik, hətta bizi öldürdükdən sonra kütləvi məzarlıqlarımızı belə gizli saxladılar;
* Evlərimizi talan edib dağıtdılar, tikinti materiallarına çevirərək satıb pul-para qazandılar;
* Meşələrimizi, bağlarımızı qırıb yandırdılar;
* Yeraltı sərvətlərimizi çıxararaq daşıyıb apardılar;
* Mədəni-tarixi abidələrimizi məhv etdilər;
* Məscidlərimizdə mal-qara, donuz saxladılar;
* Qəbiristanlıqlarımızı yerlə yeksan etdilər;
* Özümüzü yurd-yuvalarımızdan didərgin salaraq məcburi köçkünə çevirdilər.
"Ədalətli dünya", insan hüquqlarını müdafiə edən təşkilatlar bütün bunları "görmədilər", kar, kor, lal oldular.
Görənləri isə...
BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarının işğalı ilə bağlı dörd qətnamə qəbul etdi.
Hərdən qəbul etdiyi qərarların mürəkkəbi qurumamış onları icra edən BMT Azərbaycana gələndə otuz il ağzına su alaraq durdu.
Nə öz nüfuzunu düşündü, nə də Azərbaycanın düşdüyü ağır durumu.
Azərbaycan Prezidenti cənab İlham Əliyev sonuncu dəfə "ŞƏT plyus" forumunun Qırğızıstanda keçirilən görüşdəki çıxışında yenidən bu məsələyə toxunaraq dedi:
"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu, həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər".
BMT-dən heç bir əməli kömək görməyən Azərbaycan digər beynəlxalq təşkilatlara - AŞPA-ya, Avropa İttifaqı Parlament Assambleyasına müraciət etdi.
Dəfələrlə korrupsiya qalmaqalları baş verən, deputatları rüşvətxorluqda ittiham olunan, hətta cəzalandırılan bu qurumlar açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirdilər.
Azərbaycanın haqq işini müdafiə etmək əvəzinə bizim gözümüzdə "tük axtarmağa" başladılar, "söz azadlığı", "demokratiya" ilə bağlı "nöqsanlar tapdılar", əleyhimizə qətnamələr çıxardılar.
Hətta bu gün də eyni ədalətsiz mövqedədirlər...
Bizə çatanda beynəlxalq hüquq da gücsüz oldu.
Ərazilərimizin Ermənistan tərəfindən işğalını görmədilər:
* Bir milyondan çox azərbaycanlının qaçqına və məcburi köçkünə çevrilməsinə heç bir reaksiya vermədilər;
* İşğal olunmuş yaşayış məntəqələrinin yandırılıb dağıdılmasına, "ruhlar şəhəri"nə çevrilməsinə əhəmiyyət vermədilər;
* Tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına, təhqir edilməsinə göz yumdular;
* Yüz minlərlə insanın yaşamaq, seçdiyi məkanda ömür sürmək, yerli seçkilərdə iştirak etmək, sevdiyi peşəsi ilə məşğul olmaq hüququnun pozulduğuna əhəmiyyət vermədilər;
* Azərbaycan vətəndaşlarının kütləvi şəkildə mülkiyyət hüququnun pozulmasına da göz yumdular.
***
Avropanın daha bir qurumu saxta, riyakar, dişsiz fəaliyyəti ilə "məşhurlaşdı".
Söhbət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə məxsusi şəkildə yaradılan ATƏT-in Minsk qrupundan gedir.
Münaqişənin sülh yolu ilə həlli məqsədilə 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı.
Bununla da BMT bu məsələni ATƏT-in himayəsinə vermiş oldu.
ATƏT də Minsk qrupu və Minsk konfransı yaratdı.
Əvvəlcə iki həmsədr dövlətin olması nəzərdə tutulurdu.
Lakin ABŞ və Fransa arasında seçimdə mübahisə yarandığına görə üç dövlətin həmsədrliyi təsdiq edildi:
Rusiya, ABŞ və Fransa.
Bununla da görüşlər, uzun-uzadı danışıqlar, mənasız, turist səfərlərinə bənzər gediş-gəlişlər başlandı.
Heç nəyə yaramayan, tərəflərin hər ikisini qane etməyən təkliflər də verildi:
* Əvvəlcə problemin "paket həlli";
* Sonra "mərhələli həll" variantı;
* Daha sonra "ümumi dövlət" anlayışı meydana gəldi.
Ermənistan həmsədr dövlətlər tərəfindən müdafiə olunduğundan ipə-sapa yatmır, Qarabağa "müstəqil respublika" statusunu almağa çalışırdı.
Azərbaycan isə bununla qəti razılaşmırdı!
Çünki Ermənistanın məqsədi "müstəqil respublika" statusundan sonra "dqr"i özünə birləşdirmək və bununla da işğalı əbədiləşdirmək idi!
Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prinsipial, qətiyyətli və dəyişməz mövqeləri sayəsində Ermənistanın müdafiəçiləri və havadarlarının ATƏT-in "sülh danışıqları" yolu ilə Azərbaycandan ərazi qopararaq Ermənistana bağışlamaq niyyəti baş tutmadı.
44 günlük Zəfər müharibəsindən sonra isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik fəaliyyəti sayəsində üzərinə qoyulan vəzifənin öhdəsindən gələ bilməyən bu fərsiz qurum tarixin qaranlıq arxivinə verildi!
Bu münasibətlə mətbuata verilən məlumatda deyilirdi:
"Azərbaycanın və Ermənistanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra təşkilat Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul edilmiş qərarına uyğun olaraq, 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesi və onun əlaqədar strukturlarının bağlanmasını yekunlaşdırdı.
Bu barədə ATƏT-in bəyanatında bildirilib. Qeyd edilib ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu tarixi Birgə Bəyannamənin ardınca ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirdi".
Nə BMT, nə ATƏT, nə beynəlxalq təşkilatlar, nə də beynəlxalq hüquq ədalətin bərpasında kara gəldi!
Tanrı da daim "səndən hərəkət, məndən bərəkət" prinsipi ilə kömək göstərir.
Azərbaycanın mövqeyi işğalın ilk günlərindən qəti və aydın idi!
Həm Ulu Öndər Heydər Əliyev, həm də möhtərəm Prezident İlham Əliyev dəfələrlə açıq şəkildə bəyan etmişdilər ki, Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcək və öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir!
Üstəlik, bu qətiyyətli mövqeni təkcə danışıqlar masasında ortaya qoyaraq müdafiə etmirdilər.
Ölkə iqtisadiyyatını dayanmadan gücləndirir, yeni ordu quruculuğu ilə ciddi şəkildə məşğul olurdular.
Ömür Ulu Öndər Heydər Əliyevə vəfa etmədi, cənab İlham Əliyev isə torpaqların işğaldan azad ediləcəyi və məcburi köçkünləri doğma torpaqlarına qaytaracağı barədə vədinə sonadək sadiq qaldı.
İlk dəfə 2016-cı ildə baş verən dördgünlük Aprel döyüşlərində düşmənə ciddi qulaqburması verildi.
Lakin havadarlarına arxalanan düşmən bundan lazımi nəticə çıxarmadı…
Münaqişənin birdəfəlik və əbədi həlli üçün hərbi variant qaçılmaz oldu!
Düşmənin Tovuz bölgəsində təxribatçı əməllərinə son qoymaqdan ötrü "dəmir yumruq" işə düşdü!
Bu barədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibədən sonrakı dövrlərdə çıxışlarından bəzi məqamlara diqqət çəkmək istəyirik:
"İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz".
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 gün ərzində Azərbaycan Ordusu əsl möcüzələr yaratdı:
"44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur".
Xalq öz sevimli rəhbərinin arxasında sonadək əzmlə dayandı!
Hərbi səfərbərlik xidməti qarşısında gecə-gündüz növbə gözləyən Azərbaycan gənci orduda döyüşmək istəyini nümayiş etdirirdi.
Əsgər və zabitlərimiz kütləvi qəhrəmanlıqlar göstərir, hər gün bir neçə yaşayış məntəqəsini işğaldan azad edirdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev sistemli şəkildə televiziya vasitəsilə xalqa müraciət edərək azad olunan kənd, şəhər və qəsəbələr barədə müjdələr verir, işğaldan qurtarılan yerlərdə üçrəngli bayrağımızı qürurla ucaldırdı!
Dünənədək lovğalıqla özünü "məğlubedilməz millət", ordularını "məğlubedilməz ordu" adlandıran haylar "dəmir yumruğ"un qarşısında davam gətirməyərək silah-sursatlarını ataraq arxalarına baxmadan qaçırdılar.
Azərbaycan Ordusu torpaqları işğaldan azad etməklə bərabər ədaləti, beynəlxalq hüququ da təmin edirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurla söylədiyi kimi:
"Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Bax, bütün bu amillər bir yerdə olanda, o xalqın qabağında heç kim dura bilməz".
Otuzillik işğala hərbi yolla son qoymaq üçün Azərbaycana cəmi 44 gün bəs etdi!
* 44 şərəfli döyüş günü!
* 44 qələbə və xoş müjdələr günü!
* 44 kütləvi qəhrəmanlıqlar günü!
* 44 ədalətin bərpası günü!
Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin 44 gündə "dəmir yumruğ"u ilə düşmənin belini qıraraq başını əzdi!
* Müharibələr tarixində yeni bir səhifə açdı, müasir müharibə modeli yaratdı.
* Ağdam, Laçın və Kəlbəcər rayonlarını bir güllə belə atmadan aldı.
* Alınmaz qala şəhəri Şuşanı yalın əllə, əsgər xəncəri və "lopatkası" vasitəsilə əlbəyaxa döyüşlərdə geri qaytardı.
* İkiəsrlik Qarabağ müharibəsinə əbədi yekun vurdu!
* Beynəlxalq qurum və təşkilatların, güclü dövlətlərin könüllü şəkildə etmədiklərini "dəmir yumruq"la həll etdi!
Təkcə beynəlxalq hüququ, ədaləti deyil, İlahi ədaləti də təmin etmiş oldu!
Ədaləti unudanlara, onu ayaq altına atanlara özünəməxsus formada dərs verdi!
Azərbaycan xalqına və onun dostlarına isə əsl ədalətin Zəfər təntənəsini yaşatdı.
Bəxtiyar SADIQOV