17 Noyabr 2026 08:10
203
SİYASƏT
A- A+
Ənənəvi enerjidən süni intellektə: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının yeni istiqaməti

Ənənəvi enerjidən süni intellektə: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının yeni istiqaməti


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem arasında Dublində keçirilmiş görüş, görüş zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbulu iki ölkənin münasibətlərində mühüm siyasi hadisə olmaqla, gələcək iqtisadi və texnoloji əməkdaşlıq üçün də yeni perspektivlər açdı.

İndiyədək Azərbaycan-Böyük Britaniya münasibətlərinin əsas dayağını enerji sektoru təşkil edirdisə, yeni mərhələdə əməkdaşlıq daha böyük sahələrə doğru genişlənir. Bərpaolunan enerji, yüksək texnologiyalar, rəqəmsallaşma, süni intellekt, innovasiya və elm sahələrində tərəfdaşlığın dərinləşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Britaniya şirkətləri xüsusilə enerji sektorunda həyata keçirilən iri layihələr vasitəsilə Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayıblar. 30 ildən artıq müddətdə formalaşmış qarşılıqlı etimad, investisiya təcrübəsi və institusional əlaqələr indi yeni texnoloji tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. 

Birgə Bəyannamənin "Təhsil və innovasiya" bölməsində rəqəmsal və texniki bacarıqların inkişaf etdirilməsi, universitetlər, tədqiqat institutları, sənaye müəssisələri arasında tərəfdaşlığın genişləndirilməsi, süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsinin təşviqi nəzərdə tutulur. Bu müddəalar göstərir ki, tərəflər rəqəmsal transformasiyaya iqtisadi rəqabət qabiliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi, insan kapitalının inkişafı baxımından yanaşırlar. Müasir dünyada rəqəmsal texnologiyalar artıq iqtisadiyyatın ayrıca bir sahəsi olmaqdan çıxaraq onun bütün istiqamətlərinə təsir göstərən strateji amilə çevrilib. Süni intellektin istehsalatdan maliyyə xidmətlərinə, dövlət idarəçiliyindən səhiyyəyə qədər geniş tətbiqi ölkələrin iqtisadi inkişaf modellərini dəyişir. Bu prosesdə üstünlük yalnız texnologiyalara çıxışı olan dövlətlərdən daha çox həmin texnologiyaları iqtisadiyyatın real sektorlarına səmərəli inteqrasiya etməyi bacaran ölkələrə məxsusdur.

Azərbaycanın son illər rəqəmsal dövlət quruculuğu, elektron xidmətlərin genişləndirilməsi, maliyyə texnologiyaları və innovasiya ekosisteminin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal identifikasiya mexanizmlərinin inkişafı və biznes proseslərinin avtomatlaşdırılması ölkədə yeni texnoloji mühitin formalaşmasına xidmət edir.

Lakin rəqəmsallaşmanın növbəti mərhələsi daha mürəkkəb vəzifələr ortaya qoyur. Artıq söhbət məlumatların təhlili əsasında qərarların qəbul olunmasından, proqnozlaşdırma sistemlərinin yaradılmasından və süni intellekt vasitəsilə idarəetmənin keyfiyyətcə təkmilləşdirilməsindən gedir. Məhz bu istiqamətdə Böyük Britaniyanın elmi, texnoloji və institusional təcrübəsi Azərbaycan üçün son dərəcə faydalıdır.


Strateji sahə


Böyük Britaniya süni intellekt sahəsində elmi tədqiqatları, aparıcı universitetləri, texnologiya şirkətləri, innovasiya ekosistemi ilə seçilən ölkələrdəndir. London, Kembric və Oksford kimi elmi-texnoloji mərkəzlər süni intellektin inkişafı, maşın öyrənməsi, məlumatların emalı və digər qabaqcıl texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üçün geniş imkanlara malikdir. Azərbaycan üçün Britaniya ilə bu sahədə tərəfdaşlığın əsas üstünlüyü hazır texnoloji həllərin əldə edilməsindən daha çox bilik və təcrübənin transferi, yerli mütəxəssislərin hazırlanması, elmi tədqiqatların genişləndirilməsi və milli innovasiya potensialının gücləndirilməsi ola bilər.

Birgə Bəyannamədə universitetlər, tədqiqat institutları, sənaye arasında əməkdaşlığın ayrıca vurğulanması da bu baxımdan əhəmiyyətlidir. Çünki süni intellekt iqtisadiyyatının inkişafı yalnız proqram təminatının alınması ilə məhdudlaşmır. Bunun üçün güclü elmi baza, yüksəkixtisaslı kadrlar, keyfiyyətli məlumat infrastrukturu və innovasiyaları kommersiya məhsuluna çevirməyi bacaran sahibkarlıq mühiti tələb olunur. İkitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan universitetləri ilə Britaniyanın aparıcı ali təhsil və tədqiqat müəssisələri arasında birgə laboratoriyaların yaradılması, süni intellekt üzrə magistratura və doktorantura proqramlarının inkişaf etdirilməsi, elmi mübadilə və mütəxəssis hazırlığı proqramlarının həyata keçirilməsi perspektivli istiqamətlər olacaq. Belə əməkdaşlıq Azərbaycanda yeni texnoloji məhsullar, həllər yaradan mühəndis və tədqiqatçıların yetişməsinə də şərait yaradacaq.

Ölkəmiz üçün süni intellekt sahəsində milli kompetensiyaların, bilik və bacarıqların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dilində işləyən süni intellekt sistemlərinin inkişafı, yerli məlumat bazalarının yaradılması, dövlət və özəl sektorda intellektual avtomatlaşdırma həllərinin tətbiqi bu istiqamətdə mühüm vəzifələrdəndir. Britaniyanın bu sahədəki elmi və texnoloji təcrübəsindən istifadə edilməsi ölkəmizin rəqəmsal suverenliyinin gücləndirilməsinə də töhfə verəcək.


Rəqəmsal dövlət idarəçiliyində yeni imkanlar


Azərbaycan-Böyük Britaniya əməkdaşlığının digər perspektivli istiqaməti rəqəmsal dövlət idarəçiliyidir. Böyük Britaniyanın dövlət xidmətlərinin rəqəmsallaşdırılması, hökumət qurumları arasında məlumat mübadiləsinin təşkili, istifadəçiyönümlü elektron xidmətlərin inkişafı və rəqəmsal idarəetmə standartlarının formalaşdırılması sahəsində təcrübəsi Azərbaycan üçün maraqlıdır. Ölkəmiz son illər elektron hökumət, rəqəmsal dövlət xidmətləri istiqamətində mühüm inkişaf yolu keçib. "ASAN xidmət" modeli, elektron hökumət infrastrukturu, rəqəmsal identifikasiya və müxtəlif elektron xidmət platformaları vətəndaşlarla dövlət arasında münasibətlərin daha çevik, şəffaf qurulmasına şərait yaradıb. 

Növbəti mərhələdə əsas məsələlərdən biri bu sistemlərin süni intellekt imkanları ilə zənginləşdirilməsidir. Məsələn, süni intellektdən dövlət xidmətlərinə müraciətlərin təhlilində, vətəndaş ehtiyaclarının proqnozlaşdırılmasında, inzibati proseslərin optimallaşdırılmasında və resursların daha səmərəli bölüşdürülməsində istifadə oluna bilər. Lakin belə texnologiyaların tətbiqi məlumatların təhlükəsizliyi, şəxsi məlumatların qorunması, alqoritmik qərarların şəffaflığı və insan nəzarətinin təmin olunması kimi məsələləri də aktuallaşdırır. Bu baxımdan Britaniya ilə əməkdaşlıq süni intellektin məsuliyyətli və etibarlı istifadəsi üçün institusional mexanizmlərin inkişafı sarıdan perspektivlidir. Elə Birgə Bəyannamədə rəqəmsal idarəetmə ilə yanaşı, şəffaflıq və inklüziv inkişaf prinsiplərinin qeyd edilməsi də bu məsələlərə verilən əhəmiyyəti göstərir.

İki ölkə arasında texnoloji tərəfdaşlığın mühüm tətbiq sahələrindən biri də maliyyə sektorudur. London dünyanın aparıcı beynəlxalq maliyyə mərkəzlərindəndir. Böyük Britaniyanın bankçılıq, maliyyə texnologiyaları, rəqəmsal ödənişlər, açıq bankçılıq və maliyyə innovasiyaları sahəsində formalaşdırdığı təcrübə Azərbaycanın maliyyə sektorunun texnoloji inkişafı üçün əlavə imkanlar yaradır. Son illər Azərbaycan banklarında rəqəmsal xidmətlərin genişlənməsi, mobil bankçılığın inkişafı, nağdsız ödənişlərin artması və müştəri xidmətlərində avtomatlaşdırmanın tətbiqi bu sahənin yüksək texnoloji potensiala malik olduğunu göstərir.

Süni intellekt isə bank sektorunda növbəti transformasiya mərhələsinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Bu texnologiyalar kredit risklərinin qiymətləndirilməsi, fırıldaqçılıq hallarının aşkarlanması, müştəri davranışlarının təhlili, fərdiləşdirilmiş maliyyə xidmətlərinin göstərilməsi və əməliyyat proseslərinin optimallaşdırılması üçün geniş imkanlar yaradır.

Azərbaycan və Britaniyanın maliyyə qurumları arasında bilik mübadiləsi, birgə innovasiya layihələri, fintek şirkətlərinin əməkdaşlığı və texnoloji investisiyalar bu imkanların reallaşdırılmasını sürətləndirə bilər. Xüsusilə kiçik və orta biznesin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması, rəqəmsal kreditləşmə, alternativ məlumatlar əsasında risk qiymətləndirilməsi və sərhədlərarası ödənişlərin təkmilləşdirilməsi əməkdaşlığın praktik nəticələr verə biləcəyi istiqamətlərdəndir.

Birgə Bəyannamədə maliyyə və kapital bazarları arasında əməkdaşlığın dərinləşdirilməsi, maliyyə sektorunun dayanıqlılığının, şəffaflığının, beynəlxalq bazarlara çıxış imkanlarının gücləndirilməsi də nəzərdə tutulur. Bu müddəalar rəqəmsal maliyyə sahəsində gələcək birgə təşəbbüslər üçün əlverişli siyasi və institusional çərçivə yaradır.


Enerji tərəfdaşlığının yeni texnoloji məzmunu


Azərbaycanla Böyük Britaniya arasında enerji əməkdaşlığının zəngin tarixi yeni texnoloji tərəfdaşlıq üçün də mühüm üstünlükdür. Müasir enerji sistemlərində süni intellekt və rəqəmsal texnologiyalar getdikcə daha ciddi rol oynayır. Elektrik enerjisinə tələbatın proqnozlaşdırılması, enerji istehsalının optimallaşdırılması, avadanlıqların texniki vəziyyətinin əvvəlcədən qiymətləndirilməsi və şəbəkə itkilərinin azaldılması artıq intellektual texnologiyaların əsas tətbiq sahələrindəndir.

Bərpaolunan enerji mənbələrinin inkişafı isə bu texnologiyalara ehtiyacı daha da artırır. Günəş və külək enerjisinin istehsalı hava şəraitindən asılı olduğuna görə, elektrik şəbəkələrinin sabit idarə olunması üçün məlumatların real vaxt rejimində təhlili və proqnozlaşdırma sistemləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın "yaşıl enerji" potensialının inkişaf etdirilməsi, yeni enerji layihələrinin həyata keçirilməsi və elektrik şəbəkələrinin modernləşdirilməsi fonunda Britaniya ilə bu sahədə texnoloji əməkdaşlıq əhəmiyyətli nəticələr verə bilər.

Beləliklə, Azərbaycan və Böyük Britaniya arasında ənənəvi enerji əməkdaşlığı ilə yeni rəqəmsal tərəfdaşlıq bir-birini tamamlayan iki istiqamətə çevrilmiş olur. Bu isə münasibətlərin bütövlükdə iqtisadiyyatın modernləşdirilməsi müstəvisində inkişaf etdirilməsinə şərait yaradır.

Rəqəmsallaşma və süni intellekt sahəsində əməkdaşlığın davamlı nəticələr verməsi üçün əsas şərtlərdən biri insan kapitalının inkişafıdır. Texnoloji transformasiyanın uğuru yalnız maliyyə resurslarından və müasir avadanlıqlardan asılı deyil. Əsas məsələ həmin texnologiyaları yaradan, tətbiq və idarə edən peşəkar kadr potensialının formalaşdırılmasıdır. Bu baxımdan Birgə Bəyannamədə təhsil, elm və innovasiya məsələlərinin ayrıca istiqamət kimi müəyyən olunması strateji əhəmiyyət daşıyır.

Azərbaycan və Britaniya universitetləri arasında qarşılıqlı təhsil proqramlarının genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin təşviqi, texnoloji startapların dəstəklənməsi, elmi nəticələrin kommersiyalaşdırılması sahəsində əməkdaşlıq uzunmüddətli nəticələr verəcək. Xüsusilə süni intellekt, kibertəhlükəsizlik, məlumat elmi, proqram mühəndisliyi və rəqəmsal idarəetmə sahələrində mütəxəssis hazırlığı əmək bazarının gələcək tələblərinə cavab vermək baxımından vacibdir.


Bilik və innovasiya əsaslı iqtisadiyyat


Burada daha bir mühüm məsələ universitetlərlə real iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsidir. Elmi tədqiqatların praktik tətbiqi, biznesin innovasiya proseslərinə cəlb olunması və startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi texnoloji tərəfdaşlığın iqtisadi dəyərini artırar. Britaniya investisiya və innovasiya ekosistemi ilə əlaqələrin genişlənməsi Azərbaycan startaplarının beynəlxalq bazarlara inteqrasiyası baxımından da yeni imkanlar aça bilər. Bu proses ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə də uzlaşır. Çünki bilik və innovasiya əsaslı iqtisadiyyatın formalaşması qeyri-neft sektorunda yüksək əlavə dəyər yaradan yeni fəaliyyət sahələrinin inkişafını tələb edir.

Müasir beynəlxalq münasibətlər sistemində texnologiya getdikcə daha mühüm strateji resursa çevrilir. Süni intellekt, rəqəmsal infrastruktur, məlumatların təhlükəsizliyi və innovasiya potensialı ölkələrin iqtisadi rəqabət qabiliyyəti ilə yanaşı, onların beynəlxalq mövqelərinə də təsir göstərir. Bu baxımdan Böyük Britaniya ilə texnoloji əməkdaşlığın inkişafı Azərbaycan üçün həm iqtisadi modernləşmə, həm də beynəlxalq elmi və innovasiya şəbəkələrinə inteqrasiya imkanlarının genişləndirilməsi deməkdir.

Ölkəmizin enerji, nəqliyyat və logistika sahələrində formalaşdırdığı regional imkanlar rəqəmsal texnologiyalarla tamamlandıqda beynəlxalq iqtisadi əlaqələrdə Azərbaycanın rolu daha da güclənəcək. Xüsusilə Orta dəhlizin inkişafı fonunda rəqəmsal logistika sistemləri, intellektual nəqliyyat həlləri, yük axınlarının proqnozlaşdırılması və sərhədlərarası ticarət proseslərinin avtomatlaşdırılması əlavə əməkdaşlıq imkanları yaradacaq. Bu sahələrdə süni intellektin tətbiqi dəhlizin səmərəliliyini və rəqabət qabiliyyətini daha da yüksəldəcək. Beləliklə, Azərbaycan-Böyük Britaniya texnoloji tərəfdaşlığı ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq, daha geniş regional iqtisadi proseslər baxımından da perspektivli görünür.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Xankəndi Azərbaycan velosiped yarışına hazırlıq məsələləri müzakirə edilib

08:35
17 Noyabr

"Şəhərsalma və Memarlıq İli" Lənkəran üçün düşərli olub 

08:30
17 Noyabr

Şəfa görmək istəyən Naftalana gəlsin

08:25
17 Noyabr

Enerji əməkdaşlığı, yeni investisiya imkanları və dünya bazarlarında qiymət dəyişiklikləri

08:20
17 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı yeni əməkdaşlıqlar üçün zəmin yaradır

08:15
17 Noyabr

Ənənəvi enerjidən süni intellektə: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının yeni istiqaməti

08:10
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başladı

08:05
17 Noyabr

Milli dirçəlişdən tarixi Zəfərə

08:00
17 Noyabr

Kreml Putin, Tramp və Si Cinpinin mümkün görüşünün təfərrüatlarını açıqlayıb

07:32
17 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib

07:13
17 Noyabr

Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında

05:06
17 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında

05:05
17 Noyabr

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

05:03
17 Noyabr

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

05:03
17 Noyabr

"Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:03
17 Noyabr

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında

05:02
17 Noyabr

"Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

05:02
17 Noyabr

2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında

05:00
17 Noyabr

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

23:51
16 Noyabr

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

23:13
16 Noyabr

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

22:59
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!