"Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Cənub mirvarisi" Lənkəranda da xeyli işlər görülür. Əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün çoxmərtəbəli yaşayış binaları inşa edilir, müxtəlif ərazilərdə parklar, yaşıllıqlar salınır, küçələr asfaltlanır, digər infrastruktur layihələri həyata keçirilir.
Nazirlər Kabinetinin 19 mart 2025-ci il tarixli sərəncamı ilə şəhərdəki qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binası üçün 5 mərtəbəli, 26 mənzilli yeni bina tikilir. Həmçinin Köhnə Ələt-Astara magistral yolunun Lənkəran ərazisindəki Viravulçay və Girdəniçay üzərində istismar müddəti başa çatmış körpülərin inşaat norma və qaydalarının tələblərinə uyğun yenidən qurulmasına da başlanılıb.
Layihə dəyəri 30 milyon manat, tikinti sahəsi 11 min 624,9 kvadratmetr olan Lənkəran Dövlət Peşə Təhsil Müəssisəsinin yeni inzibati binası isə artıq istifadəyə verilib. 7 korpusdan ibarət təhsil müəssisəsində tədris, yataqxana və laboratoriya, eləcə də hotel, kulinariya korpusları, avtomobillərin təmiri emalatxanası, diaqnostikası üçün binalar var. Müəssisədə 42 ixtisas üzrə tələbələrə peşə təhsili verilir. Müstəqillik dövrümüzdə bu təhsil ocağında ilk dəfə olaraq 1000-dən çox tələbə təhsil almaq imkanı əldə edib. Qadınların peşə təhsilinə cəlb olunması 35 faizdən çoxdur. Müəssisədə dövlət və özəl sektorla əməkdaşlıq qurulub, birgə məhsul və xidmətin təşkili isə formalaşmağa başlayıb. Təhsil müəssisəsi beynəlxalq səviyyədə Türkiyə və Malayziya ilə əməkdaşlıq edir. Xatırladaq ki, 2026-cı il fevralın 25-dən fəaliyyətə başlayan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyev iştirak etmişdir.
2026-cı il fevralın 20-də Lənkəranda yeni inşa edilən 90 çarpayılıq "Yaşa Hospital"ın açılış mərasimi keçirilib. Ümumi dəyəri 9 milyon manat, ümumi sahəsi 0,22 hektar, tikinti sahəsi 4 min kvadratmetr olan hospitalın tikintisinə 2022-ci ildən başlanılmışdı. 3 mərtəbə və mansarddan ibarət, müasir avadanlıqlarla təchiz olunan hospitalda 6 əməliyyat bloku, laboratoriya kabineti, 8 nəfərlik ümumi reanimasiya və 4 nəfərlik kardio reanimasiya bloku var. Ürək-damar, travmatoloji, neyroloji, ümumi, oftalmoloji xəstəliklərin müalicə olunduğu və plastik cərrahiyyə, angioqrafiya xidmətlərinin göstərildiyi hospitalın ümumi xəstə tutumu 90, iş yerlərinin sayı isə 150 nəfərdir. Hospitalda günlük 300 nəfərə xidmət göstərilir. Təcili tibbi yardımın təşkili üçün hospital 2 (biri reanimobil olmaqla) ambulans avtomobillə təmin olunub. MRT, KT, angioqrafiya, mammoqrafiya, rentgen, oftalmoloji avadanlıqlar və digər tibbi aparatlar Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiyadan gətirilib. Regionda ilk dəfə olaraq "Yaşa Hospital"da laporoskopik, endoskopik və kolonoskopik əməliyyatlar da həyata keçirilir.
Seyran CAVADOV,
"Azərbaycan"