Azərbaycanın sağlamlıq turizminin mərkəzi hesab olunan Naftalan şəfa axtarışında olan minlərlə insanın üz tutduğu ünvandır. Naftalan nefti görünüşcə adi sənaye nefti ilə oxşar olsa da, 70-dən artıq xəstəliyi müalicə etməyə imkan verən kimyəvi tərkibə və şəfalı xüsusiyyətlərə malikdir.
Müalicəvi xüsusiyyətləri sarıdan bu neftin həm də maraqlı tarixçəsi var. Rəvayətə görə, naftalan neftinin müalicəvi olması xəstə bir dəvənin bu yerlərdəki yağlı göllər sayəsində sağalması ilə üzə çıxmışdır. Yazılı mənbələrdə isə bu neftin faydalı xüsusiyyətləri barədə məlumata dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində, məşhur səyyah Marko Polonun səyahət qeydlərində rast gəlinir.
Həmin vaxtdan yüz illər keçsə də, sağlamlıq turizminin mərkəzi Naftalan inkişaf etmiş, dünyada tanınan müalicə mərkəzinə çevrilmişdir. Həm bura üz tutan xəstələrin şəfa tapması, həm də şəhərdə yaradılan müasir infrastruktur Naftalanı turistlər üçün cəlbedici kurort mərkəzi etmişdir. Odur ki, fəsildən asılı olmayaraq, Naftalanın çoxsaylı müalicə mərkəzlərində boş yer tapmaq elə də asan deyil. İlboyu Naftalana şəfa dalınca Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna, Latviya, Gürcüstan, eləcə də Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Meksika, Hindistan, Polşa, İtaliya, Şimali Koreya, Kanada və digər ölkələrdən minlərlə turist gəlir. Onları çoxsaylı 3 və 5 ulduzlu sanatoriyalar, həmçinin turizm-istirahət mərkəzləri qəbul edir. Onlardan biri də Naftalan Müalicə və Sağlamlıq Mərkəzidir. Fəaliyyətə başladığı vaxtdan İlqar Hüseynovun rəhbərlik etdiyi sağlamlıq mərkəzi 5 binadan ibarətdir və onlar arasında əlaqələndirmə keçidləri var. Sağlamlıq ocağı gün ərzində 400-ə yaxın pasiyenti qəbul edir. Mərkəzdə diaqnostika kompleksi fəaliyyət göstərir. Müalicəyə gəldikdə burada naftalan yağı ilə dəri, sinir sistemi, uroloji və ginekoloji xəstəliklər, eləcə də bədənin 70-dən çox xəstəliklərini müalicə etmək mümkündür. Mərkəzdə həmçinin masaj və parafinlə müalicə, lazer terapiyası, maqnitoterapiya, UHF, UFO vibromasaj, elektroforez, ümumi qan və şəkər analizləri aparılır.
Söhbət zamanı mərkəzin direktoru dedi ki, burada pasiyentlər üçün unikal şərait yaradılmışdır: "Onlara Azərbaycan və Avropa mətbəxinin pəhriz yeməkləri təqdim olunur. Xəstələr boş vaxtlarında bilyard, stolüstü tennis, şahmat və dama oynaya bilərlər. Yaşıllıqlara bürünmüş ərazimizdə isə musiqi kollektivləri hər həftə maraqlı proqramla çıxış edirlər".
Direktor onu da əlavə etdi ki, bu il sağlamlıq mərkəzinə gələnlərin sayında xeyli artım olmuşdur: "İlin 9 ayında mərkəzimizə 7 min 200 nəfər yerli və xarici turist gəlmişdir ki, bu da əvvəlki ildəkindən 15 faiz çoxdur. Xarici turistlərin əksəriyyəti Qazaxıstan, Özbəkistan, İsrail, Rusiya, Belarus, Ukrayna, Çin, Türkiyə və Polşadan olmuşdur. Rusiyadan gələn turistlər əsasən Moskva, Novosibirsk, Krasnoyarsk, Sankt-Peterburq, Türkiyədən gələn turistlər isə əsasən Ankara və İstanbuldan olur".
Direktordan öyrəndik ki, mərkəzdə müalicə aparatları tez-tez yenilənir. Bu yaxınlarda yeni ultrasəs (USM) müayinə aparatı, maqnitoterapiya avadanlıqları, elektrokardioqrafiya (EKQ) cihazları və bir sıra laboratoriya analizlərinin aparılması üçün müasir tibbi avadanlıqlar alınıb. Bundan başqa, biokimyəvi analizlərin aparılması üçün də tibbi cihazlar dəyişdirilib. Bunlar diaqnozun düzgün qoyulmasına və pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır.
Naftalan Müalicə və Sağlamlıq Mərkəzində pasiyentlərlə də söhbət etdik. Məlum oldu ki, onların arasında 10 ildir bura gələn var. Moskvadan gəlmiş Lyubov Mixaylovna hər il burada sağlamlığını bərpa edir: "Oynaq xəstəliklərim var. Burada naftalan vannası qəbul edirəm. Moskvaya gümrah qayıdıram. Sanatoriyanın xidmətlərindən olduqca razıyam. Turistlərə yüksək səviyyədə qulluq göstərilir. Hətta ekskursiyaya da aparırlar". Sankt-Peterburqdan gəlmiş Marina Nikolayevna da ona göstərilən xidmətdən razılıq etdi. Dedi ki, 5 ildən artıqdır Naftalanda həm müalicə alır, həm də istirahət edir: "Burada çox mehriban tibb işçiləri xidmət gösərirlər. Müalicədən sonra özümü çox gümrah hiss edirəm. Buna görə mərkəzin kollektivinə minnətdaram".
Sabir ƏLİYEV,
"Azərbaycan"