Noyabrın 16-da Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən nazir müavini İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlıq imkanları ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb.
Ötən il Xankəndidə keçirilmiş İƏT-in 17-ci Zirvə Görüşünün və ilk “İƏT Həftəsi”nin regional əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinin regionda bağlantıların gücləndirilməsindəki roluna diqqət çəkilib. Həmçinin ölkəmizdə yerləşən İƏT təsisatlarının fəaliyyətinin dəstəklənməsinin vacibliyi bildirilib.
Nazir müavini, eyni zamanda, regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın səyləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı barədə məlumat verib.
İclasın sonunda “İslamabad Kommünikesi” adlı yekun sənəd qəbul edilib.
Səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini, o cümlədən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovu qəbul edib.