Rusiya və Çin arasındakı hərbi yaxınlaşma regional təhlükəsizliyin və qlobal güc balansının yenidən formalaşmasına təsir göstərir.
Anadolu Agentlinin məlumatına görə, bu barədə Türkiyənin Kırıkkale Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Merve Suna Özel Özcan təhlil hazırlayıb.
Noyabrın 3-də Pekində Rusiyanın müdafiə naziri Andrey Belousov ilə Çin Mərkəzi Hərbi Komissiyasının Sədr müavini Çjan Şenmin arasında keçirilən görüş iki ölkənin müdafiə əlaqələrində yeni mərhələdən xəbər verir. Tərəflər strateji məsləhətləşmələri, birgə təlimləri və elmi-texnoloji əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
Təhlildə vurğulanır ki, Rusiya raket sistemləri, enerji resursları və mövcud döyüş təcrübəsi ilə seçilir. Çin isə iqtisadi və texnoloji gücünü müasir ordu quruculuğuna yönəldərək Hind-Sakit okean regionunda strateji tarazlığa təsir edir. Müəllif 2024-cü ilin mayında iqtisadçı Andrey Belousovun Rusiyanın müdafiə naziri təyin edilməsini də xüsusi qeyd edib. Bu addım müdafiə sənayesi ilə iqtisadiyyat arasında koordinasiyanı artırmaq və istehsal gücünü möhkəmləndirmək məqsədi daşıyır. Pekinlə əməkdaşlıq Moskvaya texnoloji imkanlarını genişləndirməyə, Çinə isə şimal sərhədlərində sabitliyi qorumağa şərait yaradır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2021-2025-ci illər üzrə hesabatına əsasən, qlobal silah ixracında Rusiyanın payı 6,8 faiz, Çinin payı isə 5,6 faiz təşkil edib. Əvvəlki beşillik dövrlə müqayisədə Rusiyanın silah ixracı 64 faiz azalıb, Çinin ixracı isə 11 faiz artıb. Bununla yanaşı, 2024-cü ildə dünyanın ən böyük 100 müdafiə şirkəti siyahısına daxil olan 8 Çin şirkətinin ümumi gəliri 88,3 milyard dollar, məlumatları açıqlanan 2 Rusiya şirkətinin gəliri isə 31,2 milyard dollar olub. Hesabat dövründə iki ölkənin silah ixracatının əsas istiqamətləri də fərqlənib: Rusiya ixracatının 48 faizini Hindistana, Çin isə 61 faizini Pakistana yönəldib.
Məqalədə iki ölkənin 2026-cı il ərzində keçirdiyi birgə hərbi manevrlərin coğrafiyasının Asiya sərhədlərini aşdığına diqqət çəkilir. Belə ki, yanvar ayında Cənubi Afrika sahillərində İran və Birləşmiş Ərəb Əmirliklərinin də iştirakı ilə “Will for Peace-2026” dəniz təlimləri keçirilib, iyun ayında isə Yapon dənizi, Şərqi Çin dənizi və Qərbi Sakit okean üzərində 11-ci birgə strateji hava patrulu təşkil olunub. Bunun ardınca iyulda Çinin Çindao şəhərində hava və raket hücumundan müdafiə üzrə “Joint Sea-2026” təlimləri baş tutub, sentyabrda isə Çin, Rusiya və Monqolustan pilotsuz sistemlərin tətbiqi ilə “Border Defense Cooperation-2026” sərhəd mühafizəsi manevrlərini gerçəkləşdiriblər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”