İspaniyanın cənub-qərbində, Cəbəllütariq boğazı yaxınlığında yerləşən Trafalqar burnunda aşkar edilmiş iki monumental daş məzarda tapılan insan sümüklərinin radiokarbon analizi onların eramızdan əvvəl 1875–1625-ci illər arasında, təxminən 200 il ərzində istifadə edildiyini göstərib. Bu dövr Cənubi Pireney yarımadasında fərdi dəfnlərin geniş yayıldığı dövrdən bir neçə əsr sonraya təsadüf edir.
Kadis Universitetindən Eduardo Vijande-Vila və həmkarlarının araşdırmasına görə, I məzar qayalıqda oyulmuş oval kameradan və ona birləşən, daş lövhələrlə üzlənmiş, iri daş plitələrlə örtülmüş dəhlizdən ibarətdir. Kamera daş divarla, giriş isə daş lövhə ilə bağlanıb. Bütün tikilinin üzəri daş və qum təpəciyi ilə örtülüb.
II məzar isə daşların qat-qat düzülməsi ilə yaradılmış dairəvi kameradan ibarətdir. İlkin günbəzvari örtük çökdükdən sonra konstruksiyanı möhkəmləndirmək məqsədilə mərkəzi dayaq sütunu quraşdırılıb və kameranın yarısı doldurulub. Məzarların daxilində aşkar edilən insan qalıqlarının təhlili göstərib ki, I məzarda azı 13, II məzarda isə ən azı 7 nəfərin qalıqları dəfn edilib. Meyitlərin parçalanmasından sonra sümüklər yenidən düzülüb. Yalnız I məzarda tapılan gənc qadının skeleti anatomik bütövlüyünü qoruyub. Onun sümüklərinin radiokarbon analizi qadının dəfninin məzar kamerası bağlanmazdan əvvəl həyata keçirilən son dəfn olduğunu göstərib. I məzardan iki qızıl sırğa, üç gümüş muncuq, yaşıl slyuda parçası, fil sümüyündən hazırlanmış daraq və deşik açılmış iki balıqqulağı tapılıb. II məzarda isə bir sırğa, bir mis ox ucluğu və yaşıl slyudadan hazırlanmış bir muncuq aşkarlanıb.
Tədqiqatçılar hesab edirlər ki, qum və daşların sonuncu dəfə günəş işığına məruz qaldığı vaxtı müəyyənləşdirməyə imkan verən lüminessensiya analizi də daxil olmaqla, əlavə araşdırmalar məzarların sonradan yenidən istifadə edilib-edilmədiyini və ya onların Cənubi Pireney yarımadasında meqalit məzarlar inşa edən son icmalardan birinə aid olub-olmadığını aydınlaşdıra bilər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”