06 Noyabr 2026 08:00
248
SİYASƏT
A- A+
Vətən müharibəsi - Azərbaycanın qüdrət, birlik və Zəfər salnaməsi

Vətən müharibəsi - Azərbaycanın qüdrət, birlik və Zəfər salnaməsi


Azərbaycanın minillərlə ölçülən tarixində xalqımızın milli iradəsini, mübarizə əzmini, Vətən sevgisini nümayiş etdirən çox mühüm hadisələr yaşanıb. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi də istisnasız olaraq tariximizin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında qazandığı Qələbə xalqımızın uzun illər gələcəyə bəslədiyi ümidlərin gerçəkləşməsi, milli qürurumuzun yüksəlişi, ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı oldu.

Bu tarixi Zəfər Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Çünki cəmi 44 gün ərzində torpaqlarımız düşməndən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, milli həmrəyliyin, dövlətə və orduya inamın, gənclərimizin vətənpərvərliyinin necə böyük gücə çevrilə biləcəyi bütün dünyaya göstərildi.


Ədalətin bərpası və yeni reallıqlar


Təxminən 30 il ərzində Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında qalması ölkəmizin qarşılaşdığı ən ağır problemlərdən biri idi. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün doğma yurdundan ayrı düşmüş, şəhər və kəndlərimiz böyük dağıntılara məruz qalmışdı. Münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həlli istiqamətində uzun illər aparılan danışıqlar isə gözlənilən nəticəni verməmişdi. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxması barədə BMT-nin qəbul etdiyi 4 qətnaməyə də məhəl qoyan yox idi. 

Uzun illər sülh prinsiplərinə sadiq qalan, münaqişənin heç bir tərəfdən itkilərə, yeni insan faciələrinə yol vermədən həllini tapması üçün danışıqları illər ərzində səbirlə davam etdirən, amma eyni zamanda ordu quruculuğunu, hərbi hazırlığı da qətiyyətlə davam etdirən Azərbaycan dövləti sülh danışıqlarının heç bir nəticə verməyəcəyinə tam əmin olandan sonra işğalçı ilə anladığı dildə danışmağa qərar verdi və təmas xəttində Ermənistanın törətdiyi növbəti təxribata cavab olaraq "dəmir yumruq" işə düşdü. 

2020-ci il sentyabrın 27-də başlayan intensiv hərbi əməliyyatlar illərlə davam edən vəziyyəti kökündən dəyişdi. Azərbaycan Ordusu 44 gün ərzində ancaq irəli gedərək, ardıcıl zəfərlərlə Qarabağın, Şərqi Zəngəzurun şəhər və kəndlərini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyində həlledici rol oynadı. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada üçrəngli bayrağımızın yenidən dalğalanması noyabrın 8-ni Zəfər günümüzə çevirdi. 

Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması razılaşdırıldı. Beləliklə, 44 günlük müharibənin nəticələri ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu.

Azərbaycanın Zəfəri yalnız ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi baxımından yeni reallıqlar yaratdı. Müharibənin nəticələri regionda uzun illər mövcud olmuş siyasi və hərbi vəziyyəti dəyişdirdi, nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və dayanıqlı sülhün qurulması üçün yeni perspektivlər açdı. Azərbaycan üçün yeni dövrün əsas hədəfi hərbi sahədə əldə edilmiş nəticələrin siyasi, iqtisadi və sosial inkişafla möhkəmləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması oldu.


Müasir hərb elminin Azərbaycan nümunəsi


44 günlük Vətən müharibəsi müasir hərb tarixində diqqətçəkən nümunələrdəndir. Azərbaycan Ordusunun döyüş əməliyyatlarını necə yüksək peşəkarlıqla planlaşdırması, müxtəlif qoşun növlərinin dəqiq koordinasiyası, müasir silah və texnologiyalardan səmərəli istifadə, Azərbaycanın döyüş əməliyyatlarını beynəlxalq konvensiyalara uyğun olaraq mülki əhaliyə heç bir ziyan vurmadan, yalnız legitim hərbi hədəflərə yönələrək həyata keçirməsi beynəlxalq hərbi mütəxəssislərdə böyük maraq doğurdu. Təsadüfi deyil ki, Azərbaycanın bu sahədə göstərdiyi təcrübə dünyanın aparıcı hərbi məktəblərində tədris nümunəsi kimi öyrənilməkdədir. 

Pilotsuz uçuş aparatlarının, yüksəkdəqiqlikli silah sistemlərinin və çevik döyüş taktikasının tətbiqi Azərbaycan Ordusunun texnoloji imkanlarını nümayiş etdirdi. Qələbənin təmin edilməsində ən mühüm amillərdən biri isə hərbçilərimizin peşəkarlığı, çətin şəraitdə döyüşmək bacarığı, intizamı və yüksək mənəvi ruhu idi.

Döyüş meydanında göstərilən əzm, xüsusilə mürəkkəb relyefə malik ərazilərdə aparılan əməliyyatlar Azərbaycan hərbçilərinin hazırlıq səviyyəsini ortaya qoydu. Şuşanın azad olunması zamanı nümayiş etdirilən qəhrəmanlıq, döyüş bacarığı Azərbaycan oğullarının kəndirlə sıldırım qayalardan dırmanaraq yüngül silahlarla düşmənin tankının, topunun üzərinə atılması bunun ən parlaq nümunələrindən biri kimi tarixə düşdü.

44 günlük Vətən müharibəsinin ən unudulmaz tarixi nümunələrindən biri də Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi liderliyi, diplomatik məharəti, beynəlxalq kommunikasiya bacarıqları idi. Dövlətimizin başçısı hərbi əməliyyatların davam etdiyi dövrdə, əməliyyatların strateji idarəçiliyi ilə yanaşı, diplomatik və informasiya müstəvisində də əsl ustad dərsi keçərək Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırır, düşməni informasiya müharibəsində də məğlub edirdi. 

Müharibə ərzində BBC, "CNN International", "France 24", "Al Jazeera", "Euronews", "Sky News" və digər nüfuzlu beynəlxalq media qurumları da daxil olmaqla 30-dan çox xarici kütləvi informasiya vasitəsinə verdiyi müsahibələrdə cənab İlham Əliyev münaqişənin tarixi köklərini, Azərbaycanın ərazi bütövlüyü prinsipini və beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə izah etdi. Ali Baş Komandanın mürəkkəb və bəzən qərəzli suallar qarşısında nümayiş etdirdiyi təmkin, faktlara əsaslanan cavabları və qətiyyətli mövqeyi xalqımıza informasiya səngərində də parlaq qələbə qazandırdı. 

Cənab İlham Əliyevin xalqa müntəzəm müraciətləri, azad edilmiş ərazilərlə bağlı verdiyi xəbərlər, hər qələbə müjdəsini şəxsən özünün çatdırması cəmiyyətdə ruh yüksəkliyinin, milli birliyin və Qələbəyə inamın möhkəmlənməsində mühüm rol oynadı. Azərbaycan bu zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi-siyasi liderlik qüdrəti, əsgər və zabitlərimizin döyüş ruhu, yüksək hazırlığı, həyata keçirilən düzgün strategiya, möhkəm iradə və xalqımızın sarsılmaz vəhdəti, həmrəyliyi ilə qazandı.


Milli birliyimizin gücü


Vətən müharibəsinin ən mühüm xüsusiyyətlərindən biri Azərbaycan cəmiyyətində yaşanan misilsiz milli birlik, həmrəylik, coşqu oldu. 44 gün ərzində Azərbaycan cəmiyyəti Zəfər amalı ilə yumruq kimi birləşdi. Cəbhədə misilsiz qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz döyüş ruhlarında bütöv bir xalqın birləşmiş gücünü hiss edirdilər və bu mənəvi duyğu onları hər gün yeni qələbələrə aparırdı. Müharibə günlərində Azərbaycan bayrağı milyonlarla insanı birləşdirən milli qürur və ümid simvolu idi. Küçələrdə, evlərdə, iş yerlərində, avtomobillərdə dalğalanan üçrəngli bayrağımız xalqımızın qələbəyə inamını ifadə edirdi. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, milli maraqlar ətrafında birləşən xalq ən çətin sınaqlardan belə böyük əzmlə çıxa bilir. Bu birlik ruhu Zəfərin mənəvi əsasını təşkil etməklə, gələcək nəsillərə ötürüləcək ən qiymətli dəyərlərimizdən birinə çevrildi.

44 günlük savaş Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun, milli dəyərlərə bağlılığının və fədakarlığının da ən parlaq təzahürlərindən oldu. Müstəqillik dövründə yetişmiş gənclərimiz Vətənin müdafiəsi uğrunda böyük cəsarət və əzmkarlıq nümayiş etdirdilər. Həmin günlərdə gənclərimiz könüllü şəkildə döyüşə yollanmaq üçün hərbi səfərbərlik qurumlarının qarşısında böyük qələbəlik yaradırdılar. Ölkəmizin müxtəlif bölgələrindən minlərlə gənc ön cəbhədə döyüşərək torpaqlarımızın azadlığı uğrunda mübarizə aparırdı. Onları birləşdirən müqəddəs amal Vətənə sədaqət, doğma torpaqların azadlığı, xalqın milli qürurunun özünə qaytarılması idi. 

Bu gənclər işğal illərinin ağrısını yalnız tarix kitablarından və böyüklərinin xatirələrindən öyrənməmiş, həm də Qarabağ həsrətini milli yaddaşlarının ayrılmaz hissəsi kimi yaşamışdılar. Döyüş meydanında göstərdikləri qəhrəmanlıq onların Vətən sevgisinin nə qədər dərin olduğunu təsdiqlədi. Bu gənclər Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin yetişdirdiyi gəncliyin təmsilçiləridir. Vətən müharibəsi göstərdi ki, Azərbaycan gəncliyi dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin, gələcək inkişafının etibarlı dayağıdır.


Zəfərdən dirçəlişə


44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti yalnız döyüş meydanında əldə edilən nəticələrlə məhdudlaşmır. Bu Zəfərin ən böyük dəyərlərindən biri də illərlə işğal altında qalmış torpaqlarımızın yenidən həyata qaytarılması, vandalcasına dağıdılmış şəhər və kəndlərimizin ən müasir formada bərpası, insanlarımızın doğma yurdlarına qovuşmasıdır. Azərbaycan müharibədən dərhal sonra heç kimdən yardım ummadan, öz imkanları hesabına genişmiqyaslı bərpa və quruculuq proqramlarına başladı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr ölkəmizin iqtisadi gücünü, təşkilatçılıq imkanlarını və uzunmüddətli inkişaf baxışını nümayiş etdirdi. İşğaldan azad edilmiş ərazilərdə yolların, körpülərin, tunellərin, elektrik stansiyalarının, hava limanlarının, məktəblərin, xəstəxanaların və yaşayış komplekslərinin inşası geniş vüsət aldı. 

Quruculuq işlərində müasir şəhərsalma yanaşmaları, rəqəmsal texnologiyalar, alternativ enerji mənbələri, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsas götürülür və işlər eyni prinsiplər əsasında uğurla davam edir. Bərpa prosesinin ən təsirli mənzərəsi isə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasıdır. Onilliklər boyu ata-baba yurduna qovuşmaq arzusu ilə yaşayan ailələrin yenidən öz yurdlarına dönməsi Zəfərin insan talelərində yaratdığı böyük dəyişikliklərdir. Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən canlanması, məktəb zənglərinin səslənməsi, uşaqların doğma torpaqlarda böyüməsi Azərbaycanın gələcəyə inamının ifadəsidir. Bu gün yenidən qurularaq bərpaolunan Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycanın inkişaf imkanlarının, iqtisadi potensialının, gələcək hədəflərinin də mühüm ünvanlarıdır.


Tarixdəki imza


44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcıdır. Bu müharibə və qazandığımız Zəfər xalqımızın milli özünüdərkini daha da gücləndirdi, dövlətçilik ənənələrinə bağlılığını möhkəmləndirdi və ölkəmizin öz gələcəyini müəyyənləşdirmək əzmini nümayiş etdirdi.

Bu tarixi hadisə eyni zamanda bizə sülhün, sabitliyin, təhlükəsizliyin, dayanıqlı inkşafın əhəmiyyətini daha dərindən anlamağı bir daha öyrətdi. Bu gün qarşıda duran başlıca vəzifə əldə olunmuş möhtəşəm nəticələri ardıcıl inkişafla daha da möhkəmləndirmək, azad edilmiş torpaqlarda firavan həyat qurmaq, regionda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verməkdir.

Azərbaycanın gələcək nəsilləri 44 günlük Vətən müharibəsini hər zaman qəhrəmanlıq, milli həmrəylik, vətənpərvərlik və məsuliyyət dərsi kimi öyrənəcəklər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qüdrəti, xalqımızın milli vəhdəti sayəsində Zəfər onlara Vətəni sevməyin, onun müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumağın, inkişafına töhfə verməyin nə qədər böyük şərəf olduğunu daim xatırladacaq.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixə həkk etdiyi parlaq imzadır, keçmişimizin qürur səhifəsi, gələcəyimizi qurmaq üçün böyük mənəvi güc mənbəyimizdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

Konqresdəki dəyişikliklər ABŞ-nin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək

08:40
06 Noyabr

Cənubi Qafqazda sülh və əməkdaşlıq

08:35
06 Noyabr

11 min günün həsrətinə son qoyan 44 gün

08:30
06 Noyabr

Güclü lider, qalib dövlət və məğrur xalq

08:25
06 Noyabr

"Azərenerji" Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirib

08:20
06 Noyabr

Ermənistanla iqtisadi münasibətlərin inkişafı hüquqi öhdəlikləri əvəz edə bilməz

08:15
06 Noyabr

Növbəti il üçün dövlət büdcəsinin prioritet istiqamətləri

08:10
06 Noyabr

Azərbaycan-Gürcüstan: yeni imkanlar, ortaq hədəflər

08:05
06 Noyabr

Vətən müharibəsi - Azərbaycanın qüdrət, birlik və Zəfər salnaməsi

08:00
06 Noyabr

“Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında

01:23
06 Noyabr

Media nümayəndələrinin təltif edilməsi haqqında

01:22
06 Noyabr

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:21
06 Noyabr

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:19
06 Noyabr

"Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 oktyabr tarixli 488-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:18
06 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:15
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!