Amerikalı neyrofizioloqlar müəyyən ediblər ki, turş dadı qəbul edən dad reseptorları şirin, acı və duzlu dadlara həssas olan qonşu hüceyrələrin fəaliyyətini zəiflətmək qabiliyyətinə malikdir. Alimlərin fikrincə, bu mexanizm turş dadın digər dad hisslərini niyə üstələdiyini izah edir. Tədqiqatın nəticələri “Jneurosci” elmi jurnalında dərc olunub.
“Dad reseptorları yalnız müxtəlif dad hissləri ilə əlaqəli molekullara reaksiya vermir, həm də bu siqnalları beyinə ötürməzdən əvvəl xüsusi şəkildə emal edirlər. Təhlilimiz göstərir ki, turş dadın tanınması ilə əlaqəli kimyəvi siqnallar digər dad hisslərini beyinə çatdırılmamışdan əvvəl zəiflədir”, – deyə tədqiqatın müəlliflərindən biri, ABŞ-nin Mayami Universitetinin professoru Stiven Roper bildirib.
Alimlər bu qənaətə siçanlar üzərində apardıqları təcrübələr nəticəsində gəliblər. Tədqiqatda siçanlardan istifadə olunub. Genetik modifikasiya nəticəsində siçanların neyronları aktivləşdikdə flüoresan yaşıl işıq saçıb. Bu xüsusiyyət alimlərə sinir hüceyrələrinin fəaliyyətini izləməyə imkan verib. Beləliklə, tədqiqatçılar müxtəlif dad stimulyatorlarının ayrı-ayrılıqda və birlikdə təsiri zamanı dilin dad reseptorlarını beyinlə birləşdirən periferik sinir liflərinin aktivliyini izləyə biliblər.
Məlumdur ki, limon şirəsi və digər turş mənbələrinin yeməklərə əlavə edilməsi onların şirinliyini azaldır və ümumi dad profilini dəyişir. Bu xüsusiyyət kulinariya sahəsində əsrlərdir müşahidə olunsa da, onun dəqiq fizioloji səbəbləri indiyədək tam aydın deyildi. Məhz bu səbəbdən amerikalı neyrofizioloqlar müxtəlif dadların birgə təsiri zamanı sinir sistemində baş verən dəyişiklikləri araşdırıblar. Təcrübələr zamanı müəyyən edilib ki, limon turşusu vasitəsilə turş dad reseptorlarının aktivləşdirilməsi digər reseptorların yaratdığı sinir siqnallarını kəskin şəkildə zəiflədir. Bu təsir hətta xörək duzu, qlükoza, xinin və digər dad stimulyatorlarının yüksək konsentrasiyalarında da müşahidə olunub.
Daha sonra alimlər dilin dad reseptorları arasında qarşılıqlı təsirin hüceyrə səviyyəsində necə baş verdiyini araşdırıblar. Məlum olub ki, turş dad reseptorları aktivləşdikdə ətraf mühitə serotonin adlı neyrohormon ifraz edirlər. Serotonin qonşu neyronlara təsir edərək onların fəaliyyətini zəiflədir. Alimlər turş dad reseptorlarında serotoninin istehsalını müvəqqəti dayandırdıqda isə digər dad siqnallarını bloklayan təsir aradan qalxıb.
Beləliklə, tədqiqatçılar müəyyən ediblər ki, turş dadın digər dad hissələrini zəiflətməsində əsas rolu dad reseptorları tərəfindən ifraz olunan serotonin oynayır. Bu kəşf turş qidaların şirin, acı və duzlu dadların qavranılmasına necə təsir etdiyini izah edən yeni mexanizmi ortaya qoyur.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”