Hazırda dünya bazarında neftin bir bareli 100 dollardan aşağı qiymətə satılsa da, qiymətlər yüksək səviyyədə qalmaqdadır. Bununla yanaşı, 2027-ci ildə neftin qiymətinin aşağı düşəcəyi ilə bağlı proqnozlar da mövcuddur. Bu gözləntilər əsasən dünyada baş verən geosiyasi proseslərlə əlaqələndirilir.
AZƏRTAC xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 96 dollar, “Light” markalı neftinin bir barelinin qiyməti isə Nyu-York birjasında 88 dollar civarındadır.
Neftin qiymətinin artmasına və ya azalmasına bir sıra amillər təsir göstərir. Qiymət artımına səbəb olan əsas amillər sırasında hərbi əməliyyatlar və Yaxın Şərqdə gərginliyin artması, Hörmüz boğazının bağlanması fonunda bazarın xam neftlə təchizatında yaranan problemlər, dünya üzrə neft hasilatının azalması, eləcə də OPEC+ ölkələrinin hasilata tətbiq etdiyi məhdudiyyətlər yer alır. Bu amillər bazarda narahatlığı artıraraq neftin qiymətinin yüksəlməsinə səbəb olur.
Neftin qiymətinin azalmasına isə Yaxın Şərqdəki gərginliyin sona çatması, Körfəz ölkələrinin hasilatı artırması, dünya bazarında təklifin genişlənməsi, Çinin neftə tələbatının zəifləməsi və ABŞ-də hasilatın artması kimi amillər təsir göstərə bilər.
Hazırda Yaxın Şərqdə gərginlik davam edir. Dünən İran ABŞ-nin Bəhreyndə yerləşən hərbi bazasına dəqiq raket zərbəsi endirərək onu dağıdıb. Hörmüz boğazında isə iki tanker minaya düşərək partlayıb. Bu hadisələr strateji əhəmiyyətli keçidin təhlükəli vəziyyətdə olduğunu göstərir. Demək olar ki, hər həftə boğazda tanker və digər yük gəmilərinin minaya düşməsi, partlaması və açıq dənizdə hərəkətsiz qalması ilə bağlı məlumatlar yayılır.
ABŞ-İran münasibətlərində gərginlik davam edir və hərbi əməliyyatların yenidən bərpa olunacağı da istisna edilmir. Digər tərəfdən, Rusiya ilə Ukrayna arasında müharibə davam etsə də, üçtərəfli görüşlər çərçivəsində sülh axtarışları başlayıb. Bu proses Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması və onun dünya bazarına neft ixracını artırması ehtimalını gündəmə gətirir. Belə geosiyasi şərait neftin qiymətinin müəyyən qədər azalmasına zəmin yarada bilər. Lakin hələlik dünya bazarında neftin qiymətinin davamlı şəkildə aşağı düşməsi tendensiyası müşahidə olunmur.
ABŞ Enerji İnformasiyaları Administrasiyasının proqnozuna əsasən, 2026-cı ilin sonunadək və 2027-ci ilin ortalarınadək neftin qiyməti 100 dollar ətrafında qalacaq. Lakin 2027-ci ilin dördüncü rübündə dünya bazarında neftin qiymətinin 77 dollara qədər enəcəyi gözlənilir.
Bu proqnozla yanaşı, bazarın tələb və təklif prinsiplərini də nəzərə almaq lazımdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, tələb və təklif arasındakı tarazlıq da geosiyasi proseslərdən asılıdır. Yaxın Şərqdə gərginlik artdıqda neft hasilatında və daşınmasında problemlər yaranır. Bu isə təklifin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olur. Hazırda müşahidə olunan proses də məhz təklifin azalması ilə bağlıdır. Buna görə də dünya bazarında neftin qiyməti hələ ki, yüksək səviyyədə qalmaqda davam edir.
Qeyd edək ki, Azərbaycanın “Azeri Light” markalı nefti tərkibinə və keyfiyyət göstəricilərinə görə fərqlənir. Yüksək keyfiyyətinə görə bu neft dünya bazarında digər markalarla müqayisədə daha baha qiymətə satılır.