Tibb elmi yeni mərhələyə qədəm qoyur
Təsəvvür edin: bir gün zədələnmiş toxumaların bərpası üçün mürəkkəb əməliyyatlara, süni implantlara ehtiyac qalmayacaq. Canlı hüceyrələrdən ibarət yeni toxumalar birbaşa insan orqanizmində, zədənin olduğu yerdə yaradılacaq. Bu ideya artıq elmi fantastika deyil. Rusiyalı alimlərin araşdırması belə bir gələcəyin elmi əsaslarını formalaşdırmağa doğru mühüm addım sayıla bilər.
“İzvestiya” qəzetinin yazdığına görə, Seçenov Universitetinin alimləri zədələnmiş toxumaların birbaşa orqanizmdə bərpasına imkan verə biləcək bioprintinq texnologiyasını araşdırıblar. Tədqiqatçılar canlı hüceyrələr daşıyan xüsusi bioloji mürəkkəblərin toxumaların səthinə möhkəm yapışmasının mexanizmlərini öyrənib və bu prosesin qiymətləndirilməsi üçün vahid standart təklif ediblər.
Araşdırmanın əsasını iki mərhələli bərkitmə mexanizmi təşkil edir. İlk mərhələdə bioloji material zədələnmiş toxumanın səthində sabitlənir. Daha sonra güclü kimyəvi rabitələr yaranır və çap edilmiş konstruksiyanın toxuma ilə birləşməsinə şərait formalaşır. Bu, xüsusilə nəm və daim hərəkətdə olan canlı toxumalarda bioprintinqin uğurlu tətbiqi üçün vacibdir.
Seçenov Universitetinin Bərpaedici Tibb İnstitutunun direktoru Pyotr Timaşevin sözlərinə görə, burada əsas məsələ yalnız canlı hüceyrələri zədələnmiş nahiyəyə çatdırmaq deyil, onların həmin sahədə möhkəm qalmasını və həyat qabiliyyətini qorumasını təmin etməkdir.
Alimlər hesab edirlər ki, gələcəkdə bioloji mürəkkəblər təkcə toxumaların yaradılmasına deyil, həm də müalicəvi maddələrin, o cümlədən böyümə faktorları və antimikrob preparatların birbaşa zədələnmiş nahiyəyə çatdırılmasına xidmət edə bilər.
Beləliklə, insan orqanizmində toxumaların birbaşa çap edilməsi ideyası regenerativ təbabətin yeni üfüqlərini aça bilər. Ürək toxumasından qığırdaqlara qədər müxtəlif zədələnmiş strukturların bərpasına yol aça biləcək bu texnologiya hələ tədqiqat mərhələsindədir. Onun tibbdə tətbiqindən əvvəl klinikaya qədərki və klinik sınaqlar aparılmalıdır.
Bu gün laboratoriyalarda araşdırılan texnologiya sabah insan sağlamlığının qorunmasında yeni imkanların qapısını aça bilər.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”