18 Noyabr 2026 08:15
90
SİYASƏT
A- A+
İlham Əliyevin güclü Azərbaycan strategiyası

İlham Əliyevin güclü Azərbaycan strategiyası


Tarix bəzən xalqların taleyini bir anın, bir qərarın və sarsılmaz bir iradənin üzərində qurur. Azərbaycan xalqı üçün bu tarixi dönüş nöqtəsi 2020-ci ilin payızında başladı. İllər boyu davam edən haqsızlığa, doğma yurdlarından didərgin düşmüş yüz minlərlə soydaşımızın nisgilinə, tapdalanan milli qürurumuza son qoymaq zamanı yetişmişdi. 30 ilə yaxın bir müddətdə sülh danışıqlarının nəticəsiz qalması, düşmənin yeni təxribatlara əl atması xalqın səbir kasasını daşırmışdı. Lakin bu illər ərzində Azərbaycan nə sınmış, nə də torpaqlarından üz döndərmişdi, əksinə, hər ötən gün içimizdəki qisas və qələbə əzmi daha da böyümüşdü.

44 günlük Vətən müharibəsi təkcə hərbi əməliyyatlar silsiləsi deyildi, həm də bir millətin öz varlığını, şərəfini və əzəli torpaqlarını geri qaytarmaq uğrunda göstərdiyi misilsiz iradə nümayişi idi. Müharibənin ilk saatlarından etibarən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri cəmiyyətdə görünməmiş bir səfərbərlik və ruh yüksəkliyi yaratdı. Hər bir müraciət xalqla lider arasındakı sarsılmaz birliyin təcəssümünə çevrildi. Dövlətimizin başçısının "İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, biz döyüş meydanında tarixi ədaləti bərpa edirik" sözləri hər bir vətəndaşın qəlbində əks-səda doğurdu. Siyasi baxışından, yaşından və sosial statusundan asılı olmayaraq, hər kəs vahid bir amal - Vətənin azadlığı uğrunda "dəmir yumruq" kimi birləşdi.

Müharibənin ilk saatlarından başlayan xalq-lider birliyi 2020-ci ilin noyabrında 300-dən çox şəhər və kəndin, o cümlədən Qarabağın tacı Şuşanın azad edilməsi ilə nəticələndi. Həmin birlik 2023-cü ilin sentyabrında Qarabağda suverenliyimizin tam bərpası ilə öz məntiqi zirvəsinə çatdı. Ali Baş Komandanın Zəfərin 6-cı ildönümü müraciətində qeyd etdiyi kimi, Xankəndidə ucaldılan ikinci Zəfər tağının hər pilləsində həm 44 günlük şanlı yürüşün tarixi, həm də şəhidlərimizin müqəddəs qanı həkk olunub. 

Ötən 6 il ərzində darmadağın edilmiş şəhər və kəndlərimiz sıfırdan qurulur, Böyük qayıdış proqramı çərçivəsində artıq 97 min insan azad edilmiş doğma torpaqlarında yaşayır, təhsil alır və çalışır. Prezident İlham Əliyevin xalqa müraciəti tarixi qələbəmizin 6-cı ildönümü ilə bağlı təbrik məzmunu ilə yanaşı, ölkəmizin son illərdə keçdiyi siyasi, hərbi və sosial-iqtisadi inkişaf yolunun ümumiləşdirilməsi, milli birliyin fəlsəfəsinin ifadəsi və gələcək dövlət quruculuğunun əsas istiqamətlərinin təqdimatı kimi də əhəmiyyət daşıyırdı.

Dövlətimizin başçısının Vətən müharibəsi dövründə səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida!" bəyanatı hər vətəndaşımızın yaddaşında müasir tariximizin ən mühüm siyasi ifadələrindən biri kimi qalıb. Bu bəyanat həmin dövrdə yalnız işğala son qoyulacağına dair qətiyyətli mövqeyin ifadəsi olmaqla qalmırdı, Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmayacağını, dövlətimizin öz suveren hüquqlarını bərpa etmək əzmini nümayiş etdirirdi. Həmin cümlənin sonundakı nida işarəsinin tarixi mənası isə 2023-cü il sentyabrın 20-də Azərbaycanın həyata keçirdiyi birgünlük antiterror tədbirlərindən sonra daha aydın şəkildə ortaya çıxdı. Məhz həmin gün Xankəndidə separatçı silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu, Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində bərpa edildi.

Beləliklə, 2020-ci ildə siyasi bəyanat formasında səsləndirilmiş fikir üç il sonra konkret tarixi və siyasi reallığa çevrildi. 2026-cı ildə Prezidentin məhz Xankəndidən xalqa müraciəti isə bu tarixi prosesin məntiqi davamı oldu. Başqa sözlə, vaxtilə Azərbaycan dövlətinin suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyət göstərdiyi məkan bu gün dövlət başçımızın milli birlik və gələcək inkişaf barədə mesajlarının səsləndirildiyi yerə çevrildi.


Yeni məzmun qazanan tarixi məkanlar


Müraciətin ən yaddaqalan məqamlarından biri Xankəndidə yaradılmaqda olan Zəfər muzeyi ilə bağlı idi. Muzey vaxtilə separatçıların və işğalçılıq siyasətinin təmsilçilərinin yerləşdiyi keçmiş icra orqanının binasında fəaliyyət göstərəcək. Cənab İlham Əliyevin həmin bina ilə bağlı xatirəsi isə simvolik məzmunu ilə diqqət çəkdi: "Bu, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə ilk növbədə binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək".

Beləliklə, Zəfər tarixi məkanlara da yeni məzmun qazandırır. Bir vaxtlar separatçı idarəçiliyin simvollarından olmuş binanın Zəfər muzeyinə çevrilməsi keçmişlə gələcək arasında rəmzi körpü yaradır. Həmin bina tezliklə dövlət suverenliyinin, milli yaddaşın, tarixi qələbənin təbliğ olunduğu məkana çevriləcək. Muzeylərin funksiyası yalnız tarixi hadisələri nümayiş etdirməklə məhdudlaşmır, onlar həm də gələcək nəsillərin tarixi yaddaşını formalaşdırır. Xankəndidə yaradılacaq Zəfər muzeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyacaq. Burada Vətən müharibəsinin hərbi-siyasi salnaməsinin, şəhidlərin xatirəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin suverenliyinin bərpası prosesinin gələcək nəsillərə çatdırılması üçün əyani eksponatlar, sənədlər, fotolar nümayiş olunacaq. 

Prezidentin müraciətində hərbi cinayətkarların hazırda Bakı həbsxanalarında cəzalarını çəkməsinə də diqqət yönəltməsi bu tarixi mənzərənin digər tərəfidir. Bununla bağlı hüquqi qiymətləndirmədə əsas məsələ fərdi məsuliyyət prinsipidir: müharibə və münaqişə dövründə törədilmiş cinayətlərə görə məsuliyyət məhkəmə qərarları və hüquqi prosedurlar əsasında müəyyən edilir. Bu, münaqişədən sonrakı dövrdə hüququn və dövlət institutlarının rolunun önə çəkilməsi baxımından əhəmiyyətlidir.


Zəfərdən suverenliyə


Tarixi Zəfərimizin arxasında çox güclü amillər durur. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzunmüddətli dövlət quruculuğu, ölkəmizin hərbi potensialının gücləndirilməsi, sosial-iqtisadi imkanların genişləndirilməsi, uğurlu diplomatik fəaliyyət, xalqımızın milli vəhdəti kimi bir-biri ilə əlaqəli məsələlər bura daxildir. Hərbi qələbə müharibə başlayan gündən formalaşmağa başlayan prosesin nəticəsi deyil, ondan əvvəlki illərdə həyata keçirilmiş siyasi, iqtisadi və hərbi strategiyanın yekun mərhələsi idi.

Müstəqil dövlətin gücü yalnız onun ordusunun say və texniki imkanları ilə ölçülmür. İqtisadi dayanıqlıq, dövlət institutlarının fəaliyyəti, beynəlxalq münasibətlər sistemində mövqe, diplomatik manevr imkanları və cəmiyyətin ümumi səfərbərlik potensialı milli təhlükəsizliyin ayrılmaz elementləridir. Azərbaycanın 2020-ci ildə əldə etdiyi nəticələri təhlil edərkən məhz bu amillərin məcmusuna diqqət yetirmək lazımdır.

İşğal dövründə Azərbaycan rəhbərliyi münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verdiyini bildirir, eyni zamanda ərazi bütövlüyünün bərpası məsələsində güzəştsiz mövqe nümayiş etdirirdi. Beynəlxalq vasitəçilik prosesinin uzun illər nəticəsiz qalması, danışıqların real irəliləyişə gətirib çıxarmaması və işğalın davam etməsi Azərbaycanın hərbi potensialının artırılmasını dövlət siyasətinin prioritetlərindən birinə çevirmişdi.

Artıq başqa yol qalmamışdı. Prezidentin müraciətində də vurğulandığı kimi, Azərbaycan Ordusunun müasirləşdirilməsi, yeni silah və texnikanın alınması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi, müntəzəm təlimlərin keçirilməsi qələbənin mühüm şərtlərindən oldu. Bununla yanaşı, ölkəmizin iqtisadi imkanlarının genişlənməsi və beynəlxalq nüfuzunun yüksəlməsi də müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə əlavə imkanlar yaratdı.

Bu kontekstdə siyasi rəhbərliyin qərarvermə iradəsi, prinsipiallığı və uzunmüddətli hədəflərə sadiqliyi də diqqətəlayiq amillərdir. İşğalın davam etdiyi 30 ilə yaxın müddətdə Azərbaycanın üzləşdiyi beynəlxalq təzyiqlər, müxtəlif siyasi dairələrin münaqişənin hərbi həllinin mümkün olmadığı barədə mövqeləri və kompromis adı altında irəli sürülən təkliflər dövlətin strateji qərarlarına təsir göstərən mürəkkəb şərait formalaşdırırdı. Prezidentin müraciətində bu məqamların bir daha yada salınması Azərbaycanın öz milli maraqlarını beynəlxalq münasibətlər sistemində müdafiə etmək əzminin ifadəsi kimi təqdim olundu. Buradan çıxan əsas nəticə ondan ibarətdir ki, müstəqil xarici siyasət yürütmək üçün dövlətin həm iqtisadi, həm hərbi, həm də diplomatik resursları olmalıdır. Bu resursların qarşılıqlı tamamlanması isə ölkənin strateji qərarlarını müstəqil qəbul etmək imkanlarını genişləndirir.

Zəfərimizin ən mühüm xüsusiyyətlərindən biri isə hərbi potensialla milli ruhun bir-birini tamamlaması idi. Prezidentin müraciətində də bu fikir xüsusi vurğulandı. Müasir texnika və peşəkar ordu müharibənin aparılması üçün zəruri şərtlər olsa da, onları real nəticəyə çevirən məhz insan amilidir. Əsgər və zabitlərimizin fədakarlığı, xalqın orduya mənəvi dəstəyi, şəhidlərin xatirəsi qarşısında duyulan məsuliyyət və milli ləyaqət hissi müharibənin ictimai-siyasi mənzərəsini müəyyənləşdirirdi.

44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ olsa da, ölkənin suverenliyinin bütün ərazidə tam təmin edilməsi prosesi 2023-cü ilin sentyabrında yekunlaşdı. Məlumdur ki, dövlətin öz ərazisi üzərində suverenliyinin təminatı yalnız bayrağın ucaldılması ilə deyil, qanunların tətbiqi, dövlət institutlarının fəaliyyəti, təhlükəsizlik sisteminin qurulması və ictimai həyatın vahid hüquqi çərçivəyə daxil edilməsi ilə tamamlanır. 2023-cü ilin sentyabrından sonra Qarabağda həyata keçirilən proseslər də məhz bu istiqamətdə inkişaf etdi. 

Prezidentin müraciətində xüsusi yer tutan istiqamətlərdən biri də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, o sıradan Böyük qayıdış proqramının icrasıdır. Zəfərimizdən sonra Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi qələbənin nəticələrini sosial-iqtisadi və humanitar müstəvidə möhkəmləndirmək idi. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin böyük hissəsi dağıdılmış, tarixi və dini abidələrə ciddi ziyan vurulmuş, infrastruktur sıradan çıxarılmışdı. Bir vaxtlar insanların yaşadığı, təsərrüfat fəaliyyəti ilə məşğul olduğu, sosial və mədəni həyatın qaynadığı yaşayış məntəqələri vandalcasına xarabalığa çevrilmişdi.

Bu gün həmin ərazilərdə faktiki olaraq yeni şəhərsalma və regional inkişaf modeli formalaşdırılır. Ev və mənzillər yol və kommunikasiya infrastrukturu, elektrik enerjisi və su təminatı, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, sənaye və kənd təsərrüfatı obyektləri vahid inkişaf strategiyasının tərkib hissəsi kimi qurulur. Böyük qayıdışın əhəmiyyəti yalnız keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması ilə ölçülmür. Bu proses Azərbaycanın regional inkişaf siyasətinin, demoqrafik potensialının və iqtisadi imkanlarının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası yeni istehsal və xidmət sahələrinin yaradılmasına, məşğulluğun artırılmasına, kənd təsərrüfatı potensialının reallaşdırılmasına və daxili turizmin inkişafına imkan yaradır. Qarabağın tarixi turizm potensialı, Şərqi Zəngəzurun təbii resursları, yeni nəqliyyat infrastrukturu və regional logistika imkanları gələcək iqtisadi inkişaf üçün əlavə perspektivlər açır. Bir sözlə, dağıntıların yerində yeni yaşayış məkanlarının yaradılması hərbi qələbənin sülh və inkişaf gündəliyinə çevrilməsinin əsas göstəricilərindəndir.


Milli birliyin ideoloji təməli


Prezident İlham Əliyevin müraciətinin ən mühüm məqamlarından biri də azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərlə bağlıdır. Dövlətimizin başçısı Azərbaycanın bütün etnik qruplarının və dini konfessiyaların nümayəndələrini bir ailə kimi birləşdirən əsas fəlsəfənin azərbaycançılıq olduğunu vurğuladı. Bu məqamı Zəfər Günü müraciətinin ümumi məzmunu ilə əlaqələndirdikdə azərbaycançılıq ideologiyasının yalnız mədəni və mənəvi kimlik məsələsi olmadığı aydın görünür. O, həm də dövlətin siyasi birliyini, vətəndaş həmrəyliyini və ümumi gələcək qarşısında məsuliyyəti ifadə edən ideoloji platformadır.

Ölkəmizin tarixi inkişaf təcrübəsi göstərir ki, müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid dövlətçilik ideyası ətrafında birləşməsi ölkənin ictimai-siyasi sabitliyinin mühüm şərtlərindəndir. Bu modelin əsasını vətəndaşlıq prinsipi, ümumi dövlət maraqları, milli-mənəvi dəyərlərə hörmət və qarşılıqlı həmrəylik təşkil edir. Azərbaycançılıq ideyasının dövlətçilik fəlsəfəsi kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi rolu müstəsnadır. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi siyasi böhran, hərbi qarşıdurma, iqtisadi çətinliklər və ictimai parçalanma təhlükəsi şəraitində Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri milli birliyin təmin edilməsi idi.

Azərbaycançılıq məfkurəsi məhz bu tarixi şəraitdə müxtəlif sosial, etnik və dini qrupları vahid dövlətçilik ideyası ətrafında birləşdirən konseptual yanaşma kimi ön plana çıxdı. Bu ideologiyanın əsas mahiyyəti insanların etnik və dini fərqlərindən asılı olmayaraq, Azərbaycan dövlətinə mənsubiyyət hissini, ümumi tarixi məsuliyyəti və gələcək qarşısında ortaq öhdəlikləri gücləndirməkdən ibarətdir. Vətən müharibəsi zamanı nümayiş etdirilən milli birlik də bu baxımdan vacib əhəmiyyət daşıyır. Müxtəlif bölgələrdən, sosial təbəqələrdən və fərqli dünyagörüşlərindən olan insanlar ümumi məqsəd - Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə birləşdilər. Bu birlik yalnız müharibə dövrünün səfərbərlik amili deyildi, dövlətin ideoloji və ictimai dayaqlarının göstəricisi kimi bütün dünyanın diqqətini çəkirdi. 

Azərbaycançılıq məfkurəsinin daha da möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi bu gün ən mühüm vəzifələrdəndir. Qloballaşma, rəqəmsallaşma və informasiya mühitinin sürətlə dəyişdiyi müasir dünyada milli kimliyin qorunması, ana dilinə, tarixi irsə və mədəni dəyərlərə münasibətin möhkəmləndirilməsi dövlətin ideoloji təhlükəsizliyinin mühüm elementlərindəndir.


Gələcəyin əsas prioriteti


Prezident İlham Əliyevin müraciətinin yekun hissəsində səsləndirilən fikirlər Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan müstəqil, heç kimdən asılı olmayan, ləyaqətli dövlət olduğunu vurğulayaraq gələcək üçün əsas məqsədi belə ifadə etdi: "Biz elə güclü olmalıyıq ki, bundan sonra  Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"

Bu fikir müstəqilliyin yalnız formal dövlət atributları ilə məhdudlaşmadığını göstərir. Müasir dünyada real müstəqillik iqtisadi dayanıqlılıq, texnoloji inkişaf, hərbi təhlükəsizlik, güclü dövlət institutları, enerji və ərzaq təhlükəsizliyi, beynəlxalq münasibətlər sistemində müstəqil mövqe nümayiş etdirmək imkanları ilə müəyyən olunur.

Dövlətin uzunmüddətli qüdrəti eyni zamanda vətəndaşlarının rifahı, təhsilin keyfiyyəti, səhiyyə sisteminin səmərəliliyi, sosial ədalət, hüququn aliliyi və iqtisadi imkanların bərabər bölüşdürülməsi ilə bağlıdır. Bu sahələrdə əldə olunan nəticələr milli təhlükəsizliyin və ictimai dayanıqlılığın möhkəmləndirilməsinə birbaşa təsir göstərir.

Azərbaycanın qarşısında duran növbəti mühüm vəzifə hərbi qələbənin yaratdığı siyasi imkanları davamlı sülhə, regional əməkdaşlığa və iqtisadi tərəqqiyə çevirməkdir. Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması, kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı iqtisadi asılılığın formalaşması regionun bütün ölkələri üçün yeni inkişaf imkanları yarada bilər. Bu baxımdan, güclü Azərbaycan strategiyası həm də sülhün və sabitliyin təmin olunmasına xidmət edən dövlətçilik konsepsiyası kimi nəzərdən keçirilməlidir. Çünki müstəqilliyin qorunması qədər onun yaratdığı imkanlardan səmərəli yararlanmaq, ölkənin gələcək nəsillər üçün daha rəqabətqabiliyyətli və dayanıqlı olmasını təmin etmək də vacibdir.

Prezident İlham Əliyevin 8 noyabr 2026-cı il tarixində Xankəndidən Azərbaycan xalqına müraciəti də bir neçə mühüm ideyanı vahid məntiqi xətt üzrə birləşdirirdi: tarixi yaddaş, dövlət suverenliyi, milli birlik, quruculuq və güclü gələcək. Zəfər tarixi bir hadisədir, onun nəticələrini qorumaq və gələcək nəsillərə daha güclü Azərbaycan dövlətini miras qoymaq isə davamlı dövlətçilik missiyasıdır. Xankəndidən səslənən müraciətin əsas ideya xətti də məhz bu yanaşma idi.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP31: İqlim böhranına qarşı qlobal həmrəylik

08:25
18 Noyabr

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

08:20
18 Noyabr

İlham Əliyevin güclü Azərbaycan strategiyası

08:15
18 Noyabr

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

08:10
18 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

08:05
18 Noyabr

Çoxqütblü dünyada müstəqil siyasət

08:00
18 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:18
18 Noyabr

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:16
18 Noyabr

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

00:14
18 Noyabr

“Bir pəncərə” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:13
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:11
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

00:10
18 Noyabr

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

21:11
17 Noyabr

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

20:58
17 Noyabr

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib  

20:36
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edildi 

20:12
17 Noyabr

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir  

20:04
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!