Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi də belə tarixi hadisələrdəndir. Həmin gün Naxçıvanda qəbul edilən qərar yalnız yeni siyasi təşkilatın yaradılması deyildi. Bu, böhran və qeyri-müəyyənlik şəraitində ölkənin gələcəyinə inamın, milli məsuliyyətin və dövlətçilik iradəsinin siyasi ifadəsi idi.
O dövrdə Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Lakin dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin olunması, idarəçilikdəki pərakəndəliyin aradan qaldırılması və cəmiyyətin vahid məqsəd ətrafında birləşdirilməsi ciddi zərurətə çevrilmişdi. Belə bir şəraitdə Azərbaycanın taleyini düşünən ziyalıların yeni siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etməsi təsadüfi deyildi. Bu seçim xalqın böyük etimad bəslədiyi Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında gerçəkləşdi. Beləliklə, YAP-ın yaranması ayrı-ayrı şəxslərin və ya siyasi qrupun maraqlarından doğan təşəbbüs deyil, cəmiyyətin obyektiv ehtiyacından irəli gələn tarixi zərurət idi.
Partiyanın yaradılmasına aparan yolun mühüm mərhələsi 1992-ci il oktyabrın 16-da ölkənin bir qrup tanınmış ziyalısının Heydər Əliyevə ünvanladığı müraciət oldu. Azərbaycanın siyasi tarixində mühüm əhəmiyyət kəsb edən bu müraciət ölkədəki vəziyyətdən narahat olan geniş ictimai təbəqələrin arzu və gözləntilərini ifadə edirdi. Ulu Öndərin buna cavabında yeni partiyanın yaradılması müstəqil Azərbaycanın gələcək həyatının əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində obyektiv zərurət kimi dəyərləndirilirdi. Bu yanaşma YAP-ın siyasi mahiyyətini və məqsədini aydın göstərirdi. Siyasi mübarizə qanun çərçivəsində aparılmalı, fərqli mövqelərə hörmət edilməli, əsas hədəf isə milli maraqlara xidmət olmalı idi.
1992-ci il noyabrın 21-də Naxçıvanda Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında partiyanın yaradılması haqqında qərar qəbul edildi, təşkilatın Nizamnamə və Proqramı təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiya sədri seçildi. YAP müxalifət partiyası kimi fəaliyyətə başlasa da, onun mövqeyi qarşıdurma üzərində qurulmamışdı. Partiya konstruktiv siyasi mübarizəni, qanunçuluğu və ölkənin gələcəyi naminə məsuliyyətli yanaşmanı əsas götürürdü. Heydər Əliyevin rəhbərliyi ilə YAP qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Ulu Öndərin "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" fikri təşkilatın tarixi missiyasını ifadə edən prinsipə çevrildi. Partiyanın gücü yalnız üzvlərinin sayı ilə deyil, cəmiyyətin inkişafına verdiyi töhfə, dövrün çağırışlarına cavab vermək bacarığı və gələcəyə dair aydın baxışı ilə ölçülürdü. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qələbələrimizin başlanğıcı da məhz YAP-ın təsis qurultayına gedib çıxır.
2005-ci il martın 26-da keçirilən III Qurultayda Prezident İlham Əliyevin YAP Sədri seçilməsi partiyanın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun müasir dövrün tələblərinə uyğun davam etdirilməsi əsas istiqamətə çevrildi.
Prezident İlham Əliyev partiyanın VIII Qurultayındakı çıxışında Ulu Öndərin siyasi xəttinin dəyişməz qaldığını vurğuladı. Dövlət başçısı ölkənin son illərdə keçdiyi uğurlu və şərəfli yolda partiya fəallarının böyük payı və töhfəsi olduğunu qeyd etdi. Prezidentin partiyanı Azərbaycanın və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi səciyyələndirməsi onun ictimai-siyasi çəkisinin göstəricisidir.
YAP-ın siyasi dəyərlər sistemində vətənə sədaqət, ümummilli maraqlara bağlılıq, müstəqillik, dövlətçilik və qanunun aliliyi xüsusi yer tutur. Partiyanın Proqramında əksini tapan 10 strateji prinsip - Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı - təşkilatın ideoloji istiqamətini sistemli şəkildə ifadə edir. 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayında yeni Nizamnamənin qəbul edilməsi, İdarə Heyətinin 40, Təftiş Komissiyasının 13 nəfərdən ibarət tərkibinin təsdiqlənməsi və Veteranlar Şurasının yaradılması partiyanın təşkilati yenilənməsində mühüm addımlar oldu. Həmin gün Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi də ictimai-siyasi fəaliyyətdə qadınların roluna verilən önəmin və yüksək etimadın ifadəsi idi. Sonradan təsdiq edilən Proqramda partiyadaxili münasibətlərin meyarları - peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, innovativlik, elmlilik və müasirlik müəyyənləşdirildi. Sənəddə yer alan 11 strateji hədəf isə iqtisadi inkişafdan sosial təminata, milli-mənəvi dəyərlərin qorunmasından ordu quruculuğuna, xarici siyasətdən işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa qədər geniş sahələri əhatə edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası YAP-ın fəaliyyətində yeni tarixi mərhələ açmışdır. Prezident İlham Əliyev qurultayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildikdən sonra keçirildiyini xüsusi vurğuladı. İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük qayıdışın təmin olunması və həmin torpaqlarda dayanıqlı həyatın qurulması isə ümummilli əhəmiyyət daşıyır. Bu baxımdan konstruktiv siyasi dialoqun təşviqi xüsusi əhəmiyyət kəsb edir. Prezidentin "Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz" mövqeyi siyasi rəqabətin milli maraqlar çərçivəsində aparılmasının vacibliyini ifadə edir. İqtidar-müxalifət münasibətlərində sağlam əməkdaşlıq, fərqli baxışların qanun və qarşılıqlı hörmət əsasında ifadəsi demokratik siyasi mədəniyyətin inkişafına xidmət edir.
Seçkilərin nəticələri YAP-ın cəmiyyətdəki mövqeyini və seçicilərin partiyaya etimadını göstərən amillərdəndir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində partiyanın namizədi İlham Əliyevin 92,12 faiz səs qazanması, həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində YAP-ın 68 mandat əldə etməsi, 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində partiyadan 5855 nəfərin üzv seçilməsi bu etimadın siyasi göstəriciləridir. 2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultay bu baxımdan növbəti mühüm mərhələ oldu. Prezident İlham Əliyevin proqram xarakterli çıxışı yeni ictimai-siyasi və geosiyasi şəraitdə partiyanın qarşısında duran vəzifələri və strateji hədəfləri müəyyənləşdirdi. Qurultayda Nizamnaməyə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyən edildi və üzvləri seçildi.
Yeni Azərbaycan Partiyasının tarixi missiyasına nəzər saldıqda onun yaranma səbəbləri ilə müasir Azərbaycanın nailiyyətləri arasında aydın bağlılıq görürük. 1992-ci ilin mürəkkəb şəraitində milli məsuliyyət hissindən doğan təşəbbüs zamanın sınağından keçərək ölkənin aparıcı siyasi təşkilatına çevrilmişdir. Bu yolun başlanğıcında Heydər Əliyevin müdrikliyi, qətiyyəti və xalqla birliyi dayanırdısa, bu gün həmin siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə davam etdirilir. Partiyanın gələcək nüfuzu keçmiş xidmətləri ilə yanaşı, cəmiyyətin etimadını əməli fəaliyyətlə doğrultmaq, dəyişən çağırışlara çevik cavab vermək və milli məqsədlərə xidmət etmək bacarığından asılı olacaq. YAP-ın keçdiyi yol təsdiq edir ki, onun əsas dayağı xalqın iradəsi, ideoloji təməli dövlətçilik, strateji istiqaməti isə müstəqil Azərbaycanın davamlı inkişafıdır. Bu mənada Yeni Azərbaycan Partiyası dünənin tarixi hadisəsi, bu günün aparıcı siyasi qüvvəsi olmaqla yanaşı, sabahın məsuliyyətini daşıyan və milli birliyə xidmət edən siyasi institutdur.
Natiq QULUZADƏ,
YAP Zəngilan rayon təşkilatının sədri