Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Xarici siyasət kursunu milli maraqlar və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində quran Azərbaycan bu gün təkcə yaxın coğrafiyada deyil, Asiyanın dinamik inkişaf edən regionları ilə də əlaqələrini ardıcıl şəkildə dərinləşdirir. Uzaq məsafələrə baxmayaraq, ortaq tarixi yaddaş, səmimi dostluq ənənələri və praqmatik iqtisadi maraqlar üzərində formalaşan Azərbaycan-Vyetnam münasibətləri Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya arasında uğurlu əməkdaşlıq modelinin parlaq təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə yola düşməsi və Hanoyda ali səviyyəli görüşlər keçirməsi, o cümlədən noyabrın 20-də Vyetnamın Baş naziri Le Minh Hunq və Milli Assambleyasının Sədri Çan Tan Man ilə apardığı danışıqlar ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının səfər ərəfəsində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibədə səsləndirdiyi fikirlər də təsdiqləyir ki, tərəflər əməkdaşlığı yalnız siyasi dialoqla məhdudlaşdırmır, onu konkret iqtisadi layihələr, enerji təşəbbüsləri və logistik bağlantılar vasitəsilə daha da möhkəmləndirmək əzmindədirlər.
Bakı ilə Hanoy arasında qarşılıqlı əlaqələrin kökləri diplomatik münasibətlərin rəsmiləşdiyi 1992-ci ildən xeyli əvvələ gedib çıxır. Hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya gəlişi və Azərbaycanın dənizdə neft hasilatı təcrübəsi ilə yaxından tanış olması iki xalq arasında dostluğun ilk möhkəm dayağını yaradıb. Sonrakı onilliklərdə iki minədək azərbaycanlı mütəxəssisin Vyetnamın neft-qaz sənayesinin qurulmasına və inkişafına verdiyi töhfələr, 1981-ci ildə yaradılan "Vietsovpetro" birgə müəssisəsinin ilk baş direktorunun azərbaycanlı Cəlal Məmmədov olması münasibətlərə dərin praktiki məzmun qazandırıb. Həmin illərdə Bakının ali təhsil müəssisələrində 5 minə yaxın vyetnamlı gəncin biliklərə yiyələnməsi isə xalqlar arasında sarsılmaz mənəvi körpülər formalaşdırıb.
1981-ci ilin martında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Le Zuanın Bakıya səfəri və Ulu Öndər Heydər Əliyevlə keçirdiyi səmimi görüşlər, ardınca 1983-cü ilin payızında Heydər Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Vyetnama səkkizgünlük səfəri bu dostluq salnaməsinin unudulmaz mərhələləri olub.
Tarixi ənənələrin müasir dövrün çağırışlarına uyğunlaşdırılması baxımından Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri müasir ikitərəfli dialoq üçün yüksək standartlar müəyyənləşdirib. Münasibətlərin keyfiyyətcə yeni pilləyə qalxmasında isə ötən ilin mayında imzalanan mühüm siyasi sənəd həlledici rol oynayıb. Dövlətimizin başçısı Vyetnam Xəbər Agentliyinə müsahibəsində bu tarixi dönüş nöqtəsini belə xarakterizə edib: "Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi".
Strateji tərəfdaşlığın möhkəmləndirilməsi və dialoqun dərinləşdirilməsi sonrakı mərhələdə də ardıcıl xarakter alıb. 2025-ci ilin iyulunda Hanoyda hökumətlərarası komissiyanın üçüncü iclasının, eləcə də Azərbaycan-Vyetnam Biznes Şurasının ilk toplantısının və biznes-forumunun keçirilməsi siyasi razılaşmaların iqtisadi müstəviyə daşınması baxımından mühüm platforma yaradıb. 2026-cı ilin oktyabrında Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuanın Azərbaycana səfəri və bu səfər çərçivəsində aparılan yüksəksəviyyəli müzakirələr zamanı ticarət, investisiyalar, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, birbaşa aviareyslərin təşviqi və adi pasport sahibləri üçün vizasız rejimin tətbiqi perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda tərəflər müdafiə sənayesi, hərbi-texniki təminat və mina təmizlənməsi kimi sahələrdə də təcrübə mübadiləsi və birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirərək tərəfdaşlığın spektrini daha da genişləndiriblər.
İkitərəfli siyasi dialoqla yanaşı, çoxtərəfli beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik Azərbaycan-Vyetnam münasibətlərinin etibarlılığını daha da artırır. Vyetnamın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ardıcıl hörmətlə yanaşması münasibətlərin beynəlxalq hüququn fundamental prinsiplərinə söykəndiyini göstərir. BMT, Qoşulmama Hərəkatı və Azərbaycanın sədrlik etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı dəstək hər iki ölkənin ortaq mövqeyini əks etdirir.
Humanitar sahədə də əlaqələr dinamik inkişaf edir. Azərbaycanın 2024-cü ildə "Yaqi" fırtınasının və 2025-ci ildə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün göstərdiyi maliyyə yardımı, dördüncü "Vyetnam Günləri" çərçivəsində Bakı və Qəbələdə təşkil olunan mədəni tədbirlər, eləcə də Heydər Əliyev Fondunun Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə verdiyi dəstək və fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci il Vyetnama səfəri xalqlar arasındakı mənəvi bağları daha da möhkəmləndirir.
İqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi və yeni sahələrə şaxələndirilməsi isə strateji tərəfdaşlığın praktik ölçüsünü müəyyənləşdirir. Rəsmi statistik məlumatlara görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 153,4 milyon dollar təşkil edərək 150 milyon dollar həddini ötüb. Lakin mövcud iqtisadi potensial bu göstəricinin daha da artırılmasına və qeyri-neft məhsullarının qarşılıqlı ixracının genişləndirilməsinə imkan verir. Energetika sektorunda tarixi əməkdaşlıq bu gün SOCAR ilə "PetroVietnam" arasında imzalanmış Anlaşma Memorandumu və 2023-cü ildən bəri Vyetnama 1,1 milyon tondan çox Azərbaycan xam neftinin tədarükü ilə davam edir. Üstəlik, 2026-cı ilin sentyabrında imzalanmış memorandum çərçivəsində Vyetnamın "ROX Group" şirkətinin Bakıda külək və Naxçıvanda günəş-elektrik stansiyaları layihələrinə sərmayə qoymaq imkanlarını araşdırması əməkdaşlığı müasir "yaşıl enerji" istiqamətinə yönəldir.
Nəqliyyat-logistika əlaqələri də iki ölkə arasında əməkdaşlığın əsas dayaqlarından birinə çevrilir. Cənub-Şərqi Asiyanın mühüm istehsal və ixrac mərkəzi olan Vyetnamın Avropa və Avrasiya bazarlarına çıxışında Azərbaycanın ərazisindən keçən Orta dəhliz və "Şimal-Cənub" nəqliyyat marşrutları mühüm rol oynayır. Təsadüfi deyil ki, Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi 2026-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçib. Prezident İlham Əliyev VNA-ya müsahibəsində bu qarşılıqlı tamamlayıcı üstünlükləri və gələcək perspektivləri belə ifadə edib: "Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir".
Bütün bu amillər göstərir ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və Hanoyda keçirdiyi görüşlər onilliklər boyu sınaqlardan çıxmış dostluq ənənələrinin yeni dövrün praqmatik reallıqları ilə uyğunlaşdığını bir daha ortaya qoyur. Keçmişin ortaq tarixi yaddaşı, təhsil və energetika sahəsindəki təcrübə bu gün strateji tərəfdaşlıq sənədləri, bərpaolunan enerji təşəbbüsləri, tranzit həcmləri və genişlənən siyasi dialoqla tamamlanır. İki dövlətin milli maraqlarına, Avrasiya və Cənub-Şərqi Asiya arasında iqtisadi-nəqliyyat bağlantılarının möhkəmlənməsinə xidmət edən bu əməkdaşlıq qarşıdakı dövrdə yeni layihələr və daha dərin praktiki nəticələrlə özünü doğruldacaq.
İsmayıl QOCAYEV,
"Azərbaycan"