21 Noyabr 2026 08:15
156
SİYASƏT
A- A+
Şərəfli siyasi yol

Şərəfli siyasi yol


Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb  günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır vəziyyətdən nəinki qurtara bilməmiş, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı bu durumu daha da ağırlaşdıraraq təhlükəli hala çatdırmışdılar. 

Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis olunması Ulu Öndər Heydər Əliyevə olan dərin inamın və etimadın təcəssümü kimi tarixə yazıldı. 

Lakin bir məqamı da vurğulamaq lazımdır ki, o dövrdə bir çox qüvvə, xüsusilə də  xalqın heç bir problemini həll edə bilməyən, sadəcə, öz himayədarlarının  tapşırıqlarını yerinə yetirən qruplar Yeni Azərbaycan Partiyasının fəaliyyətinə maneə olur,  onu nüfuzdan salmağa çalışırdılar. Lakin Ulu Öndərin nüfuzu, müdrikliyi və siyasi təcrübəsi qarşısında onların planları iflasa uğradı. YAP qarşısında dayanan məqsədlərə doğru addım-addım irəlilədi. 

Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi və bir gündən də az davam edən antiterror əməliyyatı ilə Azərbaycan 30 ilə yaxın erməni işğalına son qoymaqla,  öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, həm  Cənubi Qafqazda, həm də dünyada yeni reallıq yaratdı. Prezident İlham Əliyevin dediyi kimi: "Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir". 

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bir çox  hədəfimiz öz həllini tapıb.  Azərbaycan bütün sahələr üzrə inkişaf edir, davamlı iqtisadi, sosial islahatlar keçirilir. Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli şəkildə proqramlar həyata keçirilir.  Ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsi üzrə mühüm işlər görülür.  Azərbaycanın  beynəlxalq nüfuzu gündən-günə artır. Və əlbəttə ki,  yeni dövrün yeni hədəfləri də var. Bu baxımdan dövlətimizin hərbi qüdrətinin daha da artırılması, "Böyük qayıdış" proqramının icrası, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması və digər hədəflər xüsusi əhəmiyyət kəsb edir.

YAP-ın VII və VIII qurultayları partiya fəaliyyəti baxımından xüsusilə seçilir. Təşkilatın VII Qurultayı tarixi Zəfərdən (2021-ci il 5 mart),  VIII Qurultayı (2026-cı il, 2 oktyabr) isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirildi. Onların hər ikisi özünəməxsusluğu ilə fərqlənir. VIII Qurultayda partiyamızın Sədri, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz əhatəli, dolğun nitqi ilə ölkəmizin keçdiyi tarixi dövrə nəzər saldı, eyni zamanda partiyanın gələcək fəaliyyət istiqamətlərini  müəyyənləşdirdi. 

Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən cəmiyyətdə baş verən proseslərə çevik münasibət göstərən, zamanın tələblərinə uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirən siyasi təşkilat kimi formalaşıb. Partiyanın keçdiyi tarixi inkişaf yolu göstərir ki, YAP ölkədə baş verən siyasi, sosial və ictimai proseslərdən kənarda qalmayıb, yeni çağırışlara uyğun olaraq fəaliyyətini daim təkmilləşdirib. VII və VIII qurultaylarda müəyyənləşdirilən prioritetlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi dialoqun inkişafına öz töhfəsini verir. Bütün bunlar partiyanın yalnız siyasi proseslərin iştirakçısı deyil, həm də cəmiyyətin inkişafına istiqamət verən mühüm siyasi qüvvə olduğunu təsdiqləyir. 

Yeni Azərbaycan Partiyasının Proqramında sosial ədalətə, vətəndaş rifahına, insan amilinə verilən üstünlük fundamental prinsiplər kimi müəyyən edilib. Bu prinsiplər dövlət siyasətinin əsas prioritetləri ilə uzlaşır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu yanaşma cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə yanaşı, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaqların müdafiəsi kimi mühüm məsələləri də özündə birləşdirir. Təsadüfi deyil ki, ölkəmizdə bu istiqamətdə mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Bu sahədə Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr, irəli sürdüyü təşəbbüslər, eləcə də sosial-humanitar sahədə gördüyü işlər ailə, qadın və uşaq hüquqlarının qorunmasına, cəmiyyətdə humanizm dəyərlərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Seçkilər hər bir ölkənin demokratik inkişafı üçün vacibdir. Eyni zamanda seçkilərdə iştirak siyasi partiyaların fəaliyyətinin əsas istiqamətlərindən biridir.  Qürurla deyə bilərik ki, ölkəmizdə keçirilən bütün seçkilərin qalibləri məhz Yeni Azərbaycan Partiyasının namizədləridir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir. Bütün bunlar  xalqımızın YAP-a, onun namizədlərinə inamının, yüksək etimadının nəticəsidir. 

Bu gün Yeni Azərbaycan Partiyasının 34-cü ildönümünü böyük qürur və fəxarət ilə qeyd edirik! YAP hər zaman cəmiyyətimizdə müsbət dəyişikliklərin baş verməsində, dövlətimizin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynayıb. Partiyanın fəaliyyəti həm keçmişin dəyərlərini qorumaq, həm də gələcəyə doğru inamla addımlamaq prinsipləri ilə daim zənginləşib. Bu gün Ümummilli Lider Heydər Əliyevin ideyaları Azərbaycanın inkişafı üçün ilhamverici bir mənbə olaraq yaşayır və bu dəyərlər əsasında partiyamız daha da güclənir. Qarabağ Zəfəri ilə yaranan  yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyası Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru inamla irəliləyir. 


Hicran HÜSEYNOVA,  

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır

08:35
21 Noyabr

Brüsseldə Pan-Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib

08:30
21 Noyabr

Ermənistanın cavab verməli olduğu insan taleləri

08:25
21 Noyabr

"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

08:20
21 Noyabr

Şərəfli siyasi yol

08:15
21 Noyabr

Milli iradə və dövlətçilik yolunda

08:10
21 Noyabr

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi

08:05
21 Noyabr

Tarixi dostluqdan strateji tərəfdaşlığa

08:00
21 Noyabr

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

01:52
21 Noyabr

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

22:47
20 Noyabr

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

21:49
20 Noyabr

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb

21:42
20 Noyabr

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

21:39
20 Noyabr

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

19:53
20 Noyabr

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

19:31
20 Noyabr

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

18:59
20 Noyabr

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb

18:57
20 Noyabr

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

18:09
20 Noyabr

2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub  

17:44
20 Noyabr

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

17:23
20 Noyabr

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

17:21
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!