25 Noyabr 2026 08:00
86
CƏMİYYƏT
A- A+
Kəlbəcər Zəfərin işığında yenidən qurulur

Kəlbəcər Zəfərin işığında yenidən qurulur


Prezident İlham Əliyev bu qədim diyarı cənnətə çevirir


Əsrarəngiz təbiəti, zəngin təbii sərvətləri, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər bu gün öz tarixinin yeni inkişaf mərhələsini yaşayır. Uzun illər işğal altında qalan, dağıntılara və talanlara məruz qoyulan bu qədim yurdda hazırda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Müasir yaşayış komplekslərinin, sosial obyektlərin, avtomobil yollarının, enerji infrastrukturlarının yaradılması, iqtisadi potensialın hərəkətə gətirilməsi Kəlbəcərin gələcək inkişafının möhkəm təməllərini formalaşdırır. Doğma torpaqlarına qayıdan rayon sakinlərinin sevinci, illərlə həsrətində olduqları yurdlarında yeni həyata başlamaları Azərbaycanın tarixi Zəfərinin ən mühüm nəticələrindən biridir. Bu baxımdan 25 Noyabr - Kəlbəcər Şəhəri Günü xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyır.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun dinc əhalisi ağır faciələrlə üzləşmiş, 511 nəfər öldürülmüş, 321 nəfər əsir götürülmüş və ya itkin düşmüşdür. On minlərlə insan öz doğma yurdundan didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məhkum olunmuşdur. İşğal illərində rayonun tarixi-mədəniyyət abidələri, təhsil və səhiyyə müəssisələri, kitabxanaları, muzeyləri, mədəniyyət evləri, inzibati binaları və minlərlə yaşayış evi dağıdılmış, təbii sərvətləri qanunsuz istismar edilmişdir. Kəlbəcərin zəngin flora və faunasına, meşə örtüyünə, su ehtiyatlarına ciddi ziyan vurulmuşdur. Bütün bunlar işğalın yalnız humanitar deyil, həm də iqtisadi, ekoloji və mədəni nəticələrinin nə qədər ağır olduğunu göstərir.

Kəlbəcərin işğalından sonra - 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdir. Sənəddə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb edilirdi. Lakin uzun illər ərzində qətnamənin tələbləri yerinə yetirilməmiş, onun icrasını təmin edəcək təsirli beynəlxalq mexanizmlər işə salınmamışdır. Üstəlik, 1999-cu ildən etibarən Kəlbəcər ərazisində qanunsuz məskunlaşdırma siyasətinə başlanılmışdır. Bu proses işğal olunmuş ərazilərin demoqrafik mənzərəsinin dəyişdirilməsinə yönəlmişdi. Azərbaycan isə bütün bu illər ərzində öz ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasi və diplomatik fəaliyyət göstərmiş, beynəlxalq hüquqa əsaslanan mövqeyindən geri çəkilməmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Kəlbəcərin də işğaldan azad edilməsini təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi hərbi əməliyyatların sonrakı gedişinə mühüm təsir göstərdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər".

Vətən müharibəsində əldə olunan Qələbənin nəticəsi olaraq imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Rayonun hərbi əməliyyatların davam etdirilməsinə ehtiyac qalmadan geri qaytarılması əlavə insan itkilərinin qarşısının alınması baxımından da mühüm əhəmiyyət daşıdı. Bununla belə, ərazini tərk edən qanunsuz məskunlaşdırılmış şəxslərin evləri yandırması, ağacları kəsməsi və müxtəlif mülki obyektləri dağıtması işğalın son günlərində də bölgənin maddi və təbii sərvətlərinə ziyan vurulduğunu göstərdi. Bu əməllər beynəlxalq humanitar hüquq normaları baxımından ciddi məsuliyyət doğuran hallardır.

Kəlbəcərin azad olunması Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq hadisələrdən biridir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi bu tarixi hadisələrin əbədiləşdirilməsinə xidmət edir. Sərəncama əsasən, 25 Noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunmuşdur. Bu əlamətdar gün yalnız torpaqlarımızın işğaldan azad edilməsinin ildönümü deyil, həm də milli birliyimizin, dövlətimizin qüdrətinin, xalqımızın sarsılmaz iradəsinin və doğma yurda bağlılığının təcəssümüdür.

Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafına yönəlmiş dövlət siyasətinin mühüm tərkib hissəsidir. Qarşıya qoyulan əsas məqsəd təkcə dağıdılmış yaşayış məntəqələrinin bərpası deyil, həm də müasir şəhərsalma prinsiplərinə əsaslanan, dayanıqlı iqtisadiyyata, inkişaf etmiş infrastruktura və yüksək sosial rifaha malik yaşayış mühitinin yaradılmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiqlənmiş "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən, 2040-cı ilədək şəhərin ərazisinin 290 hektara yaxın, əhalisinin sayının isə 17 min nəfər olması planlaşdırılır. Şəhər ərazisinin təxminən 22 faizini yaşıllıqlar təşkil edəcək, 60 hektar sahədə müxtəlif yaş və sosial qrupların istirahəti üçün yaşıllıq zolaqları yaradılacaq. Ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 kvadratmetr nəzərdə tutulduğu halda Kəlbəcərdə bu göstəricinin 33 kvadratmetrə çatdırılması planlaşdırılır.

"Böyük qayıdış" proqramı çərçivəsində Kəlbəcərdə məskunlaşma prosesi də mərhələli şəkildə davam etdirilir. Bu rayonda artıq 162 ailə, yəni 681 nəfər məskunlaşıb. Doğma torpaqlarına qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi, onların müasir sosial xidmətlərdən yararlanması və iqtisadi fəaliyyətə cəlb olunması bölgədə dayanıqlı məskunlaşmanın əsas şərtlərindəndir.

Kəlbəcərin sosial-iqtisadi inkişafını sürətləndirən ən mühüm amillərdən biri müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bu baxımdan ümumi uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi xüsusi strateji əhəmiyyətə malikdir. Müxtəlif texniki dərəcələrə uyğun inşa edilən yolun üzərində ümumi uzunluğu 25,9 kilometr olan beş tunel yerləşir. Layihənin 56 kilometrini Toğanalı-Kəlbəcər, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun tikintisinin 89 faizi tamamlanmışdır. Yolun üzərində inşa edilmiş 11,7 kilometr uzunluğundakı Murovdağ tunelinin texniki açılışı da Azərbaycanın mühəndislik və infra-struktur quruculuğu sahəsində mühüm nailiyyətlərindən biridir. Dünyanın ən uzun avtomobil tunellərindən biri olan dördzolaqlı Murovdağ tuneli mürəkkəb dağlıq relyef şəraitində nəqliyyat əlaqələrinin daha təhlükəsiz və əlverişli təşkilinə imkan verəcək.

Kəlbəcərin zəngin su ehtiyatları rayonun "yaşıl enerji" potensialının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Meydan çayı üzərində yerləşən 3,4 meqavat gücündə kiçik su-elektrik stansiyası tamamilə yenidən qurulub. Bununla yanaşı, 8,33 meqavat gücündə "Çıraq-1", 5,3 meqavat gücündə "Soyuqbulaq" və 3,6 meqavat gücündə "Çıraq-2" kiçik su-elektrik stansiyaları bərpa edilib. Rayonda həmçinin 8,6 meqavat gücündə "Aşağı Vəng", 8,8 meqavat gücündə "Nadirxanlı" və 5 meqavat gücündə "Çaykənd" kiçik su-elektrik stansiyaları tikilib. Bu layihələr bölgənin enerji təminatının gücləndirilməsi ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsinə və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsinə mühüm töhfə verir.

Kəlbəcərin iqtisadi inkişaf perspektivləri sırasında sağlamlıq turizmi xüsusi yer tutur. Rayonun füsunkar dağ mənzərələri, zəngin mineral və termal su ehtiyatları burada beynəlxalq səviyyəli turizm infrastrukturunun yaradılmasına əlverişli şərait formalaşdırır. Bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biri ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək "İstisu" Müalicə-İstirahət Kompleksidir. Kompleksin ərazisində 145 nömrəsi olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikintisi nəzərdə tutulur. Müasir SPA mərkəzində mineral sularla və palçıqla müalicə və klimatoterapiya xidmətlərinin göstərilməsi planlaşdırılır. Kompleksin fəaliyyəti Kəlbəcərin sağlamlıq turizmi məkanı kimi beynəlxalq səviyyədə tanıdılmasına, yeni iş yerlərinin açılmasına və bölgənin iqtisadi potensialının genişləndirilməsinə xidmət edəcək.

Kəlbəcərin iqtisadi həyatının canlanmasının digər mühüm göstəricisi "İstisu" mineral su zavodunun fəaliyyətə başlamasıdır. Dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından çıxan, təbii temperaturu 60 dərəcədən yüksək olan "İstisu" mineral suyu zəngin mineral tərkibi ilə seçilir. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan zavodun tikintisi 2024-cü ildə başa çatdırılıb. Müəssisənin illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. İkinövbəli iş rejimində fəaliyyət göstərən zavodda təxminən 100 nəfər işlə təmin olunub. İşçilərin əksəriyyətinin Kəlbəcər və Laçın rayonlarının sakinləri olması müəssisənin yerli əhalinin məşğulluğuna verdiyi töhfəni nümayiş etdirir. "İstisu" brendinin yenidən istehlakçılara təqdim olunması həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal ənənələrinin bərpasının rəmzi ifadəsidir.

25 Noyabr - Kəlbəcər Şəhəri Günü tarixi ədalətin bərpasının, milli həmrəyliyin və Azərbaycanın yenilməz iradəsinin təntənəsidir. Vaxtilə həsrətin, ayrılığın və məcburi köçkünlüyün ünvanına çevrilmiş Kəlbəcər bu gün qayıdışın, quruculuğun və tərəqqinin rəmzidir. Zəfərimizin açdığı yeni tarixi mərhələdə Kəlbəcər öz təbii gözəllikləri, iqtisadi imkanları və müasir infrastrukturu ilə Azərbaycanın ən perspektivli bölgələrindən birinə çevrilməkdədir. Bu torpaqların dirçəlişi Azərbaycanın Zəfərlə yazdığı tarixinin quruculuqla davam etdirilən şanlı səhifəsidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

08:10
25 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı 

08:05
25 Noyabr

Kəlbəcər Zəfərin işığında yenidən qurulur

08:00
25 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:38
25 Noyabr

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə 

00:37
25 Noyabr

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

22:49
24 Noyabr

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub 

22:38
24 Noyabr

İngiltərədə 3,8 milyon nəfər ifrat yoxsulluq şəraitində yaşayır

21:39
24 Noyabr

“Fitch Ratings” 2027-ci il üçün qlobal kredit reytinqləri üzrə proqnozunu “neytral” müəyyənləşdirib

21:25
24 Noyabr

Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib  

20:48
24 Noyabr

Ceyhun Bayramov: TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır 

19:41
24 Noyabr

Gürcüstanın Baş nazirinin müavini: Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır

19:31
24 Noyabr

Gürcüstanın xarici işlər nazirinə Ermənistanla sülh prosesinin gedişi barədə məlumat verilib  

19:23
24 Noyabr

Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafında mühüm mərhələ olub 

19:09
24 Noyabr

Nazir: Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir

19:01
24 Noyabr

İspaniyada Roma dövrünə aid yaxşı qorunmuş divar rəsmləri aşkarlanıb  

18:51
24 Noyabr

Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 4 milyard dollar investisiya yatırıb 

18:47
24 Noyabr

Ceyhun Bayramov: Gürcüstan Azərbaycan üçün dost və strateji tərəfdaş ölkədir 

18:37
24 Noyabr

Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  

18:22
24 Noyabr

Zelenski: ABŞ sülh sazişinin yanvar ayına qədər imzalanmasını istəyir

18:21
24 Noyabr

Gürcüstanın Baş nazirinin müavini Bakıda Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib  

18:20
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!