Noyabrın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və dövlət bayrağına həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.
Konfransın açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, cəmiyyətlərin yenilənməsi çox zaman qadınların təhsil, maarifçilik, mədəniyyət və ictimai fikir müstəvisində fəallığı ilə müşayiət olunur. Azərbaycanda qadınların ictimai fəallığının dərin tarixi köklərə malik olduğunu deyən Komitə sədri 1901-ci ildə Bakıda qızlar üçün ilk dünyəvi məktəbin açılmasını və 1918-ci ildə qadınlara seçki hüququnun verilməsini xatırladıb.
Ramin Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində insan hüquqları və sosial ədalətlə vəhdətdə müəyyənləşən qadın hüquqları 1995-ci il Konstitusiyası ilə daha da möhkəmləndirilib. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətdə qadın hüquqlarının etibarlı təminatı, onların ictimai-siyasi həyatda və dövlət idarəçiliyində təmsilçiliyinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda dövlət qadın siyasətinin ardıcıl inkişafına diqqət çəkib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın tarixi maarifçilik ənənələrinə söykənən çoxşaxəli fəaliyyəti isə qadınların ictimai fəallığının, təşəbbüskarlığının və liderlik imkanlarının genişləndirilməsinə, humanitar dəyərlərin təşviqinə mühüm töhfə verir.
Bahar Muradova bildirib ki, təmsil etdiyi Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini qadınların və qızların potensialının üzə çıxarılması, təhsili, məşğulluğu və sahibkarlıq imkanlarının genişləndirilməsi, o cümlədən iqtisadi müstəqilliyinin və ictimai fəallığının artırılmasıdır. Bu istiqamətdəki çoxsaylı layihələr, proqramlar, təşəbbüslər getdikcə daha geniş populyarlıq qazanır. Komitə sədri dünyəvi təhsil almış, müasir çağırışları anlayan və dayanıqlı fəaliyyət göstərmək potensialına malik qadınların dini maarifləndirmə prosesində də mühüm rol oynaya biləcəyini vurğulayıb. Bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin və gələcəkdə belə müzakirə platformalarının daha geniş müstəvidə keçirilməsinin əhəmiyyətini qeyd edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadının cəmiyyətdəki rolunun müzakirəsini bugünkü cəmiyyət üçün ən vacib məsələ kimi qiymətləndirib. O, ideologiyanın formalaşmasında ailə və məktəb olmaqla iki əsas institutun rolunu önə çəkərək, uşaqların tərbiyəsində qadınların və anaların xüsusi payı olduğunu bildirib.
Tədbir panel müzakirələrlə davam edib.
“Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” mövzusunda panel müzakirəsində qadınların sosial statusunun və cəmiyyətdəki rolunun qiymətləndirilməsinə hüquqi, sosial və ictimai münasibətlər kontekstindən yanaşmanın zəruriliyi vurğulanıb. Qadınların təhsil, elm və maarifləndirmə sahələrində rolu, intellektual bacarıqlarının cəmiyyətin inkişafına təsiri, gender bərabərliyi və tolerantlıq dəyərlərinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın yekun panel sessiyası “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzusuna həsr edilib. Sessiyada qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, gender bərabərliyinin təşviqi, dayanıqlı inkişafda qadınların iştirakının artırılması, eləcə də bu istiqamətdə dövlət qurumları və müxtəlif tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.