Rusiyalı arxeoloqlar Altay Respublikasında köçəri Pazırık mədəniyyətindən əvvəl mövcud olmuş, erkən dəmir dövrünə aid, əvvəllər məlum olmayan mədəniyyətin izlərini aşkar ediblər. Bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun paleometal arxeologiyası şöbəsinin müdiri, akademik Vyaçeslav Molodin TASS-ın mətbuat mərkəzində məlumat verib.
Pazırık mədəniyyəti eramızdan əvvəl VI–III əsrlərdə Altay dağlarında mövcud olmuş skif mənşəli arxeoloji mədəniyyətdir. Bu mədəniyyət donmuş torpaq qatında yerləşən kurqan tipli dəfn abidələri ilə səciyyələnir. Məhz donmuş torpaq sayəsində üzvi materiallardan hazırlanmış nadir əşyalar günümüzədək qorunub saxlanılıb. Pazırık mədəniyyətinin incəsənətində “heyvan üslubu” geniş yayılıb. Bu mədəniyyətin nümayəndələri köçəri həyat tərzi sürür, maldarlıqla məşğul olur və qonşu regionlarla geniş mədəni əlaqələr saxlayırdılar.
“İşlərə başlayanda bunun erkən dəmir dövrünün yaxşı məlum olan Pazırık mədəniyyətinə aid ola biləcəyini düşünürdük. Lakin məlum oldu ki, bu, hələ də tanınmayan və Pazırık mədəniyyətindən əvvəl mövcud olmuş başqa bir mədəniyyətdir. Təəssüf ki, əsas dəfn yeri, mərkəzi qəbir, qarətçi tərəfindən ciddi şəkildə dağıdılıb”, – deyə alim bildirib.
Onun sözlərinə görə, ərazidə at dəfnləri, eləcə də heyvan təsvirləri formasında hazırlanmış tunc bəzək əşyaları aşkar edilib. Arxeoloji abidə Altay Respublikasının Ust-Koks rayonunda, Katanda vadisində tapılıb. Kurqanın diametri təxminən 50 metr olub. Molodinin sözlərinə görə, bu, abidənin olduqca böyük ölçülərə malik olduğunu göstərir.
“Bu iş çox mürəkkəbdir və ciddi səylər tələb edir, çünki özünüz də görürsünüz, ərazinin ölçüsü nə qədər böyükdür”, – deyə o əlavə edib.
Alim bildirib ki, mütəxəssislər genetik materialı paleogenetik tədqiqatlar aparan alimlərə təqdim ediblər. Nümunələr Pazırık mədəniyyətinə aid genetik məlumatlarla müqayisə ediləcək. Akademikin sözlərinə görə, aşkar edilmiş tapıntılarda Pazırık mədəniyyətinə xas olan “heyvan üslubunun” təsiri də hiss olunur. Bu üslubda heyvanlar hərəkətli, dinamik təsvir olunurdu.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”