Gəncə İdman Sarayında Qərb regionunda ilk “REGİONAL EXPO GƏNCƏ 2026” – Sahibkarların Təqdimat Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, “TECHERA” şirkətinin təsisçisi Tariyel Dövlətov, direktoru Ramil İsmayılov, “OVERMETAL” şirkətinin direktoru Kənan Bəşirov, idarə, müəssisə, təşkilat rəhbərləri, özəl sektor nümayəndələri, sahibkarlar, iş adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Açılış mərasimində çıxış edənlər sərginin əhəmiyyətindən, onun sahibkarlığın inkişafı, regionlararası iqtisadi əməkdaşlığın gücləndirilməsi və biznes əlaqələrinin genişləndirilməsi baxımından yaratdığı imkanlardan danışmışlar. Sonra qonaqlar sərgi zonası ilə tanış olmuş, iştirakçı müəssisələrin məhsul və xidmətlərinə baxış keçirmiş, sahibkarlarla görüşmüşlər.
Tədbir çərçivəsində sərginin təşkilinə və keçirilməsinə göstərilən dəstəyə görə bir qrup nümayəndəyə “Təşəkkürnamə” təqdim olunmuşdur.
Qeyd edək ki, “REGİONAL EXPO GƏNCƏ 2026” çərçivəsində 112 müəssisə öz məhsul və xidmətlərini təqdim etmişdir. Sərgi sahibkarlar arasında yeni əməkdaşlıqların qurulması, investisiya imkanlarının müzakirəsi və biznes əlaqələrinin inkişafı üçün geniş platforma yaratmışdır.
Sərginin keçirilməsində əsas məqsəd region sahibkarlarının potensialını nümayiş etdirmək, yerli istehsalçı və xidmət təminatçılarını bir araya gətirmək, yeni tərəfdaşlıqların və kommersiya əlaqələrinin formalaşmasına dəstək vermək olmuşdur.
Tədbirin təşkilatçıları Gəncə Şəhər İcra Hakimiyyəti, TECHERA və GBARU-dur. Sərginin baş sponsoru “OVERMETAL”, qızıl sponsoru “Buta” Estetik Mərkəzi, promo tərəfdaşı isə” MK Group Reklam” şirkətləridir.
Sabir ƏLİYEV,
“Azərbaycan”