“Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunun 11-ci maddəsində məhkəmə ekspertinə qoyulan ixtisas tələbləri dəqiqləşdirilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin noyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qüvvədə olan qanunda məhkəmə ekspertinə ali təhsil və xüsusi biliklərə malik olmaq tələbi qoyulsa da, şəxsin ali təhsil ixtisasının fəaliyyət göstərəcəyi məhkəmə eksperti ixtisasına uyğunluğu məsələsi tənzimlənmir.
Layihəyə əsasən, məhkəmə eksperti olmaq istəyən şəxsin xüsusi bilikləri müvafiq məhkəmə eksperti ixtisası üzrə olmalıdır. Həmçinin hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət göstərmək üçün tələb olunan ali təhsil ixtisasları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən siyahı ilə normativ qaydada müəyyən edilir.
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 dekabr tarixli 844 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya"da da (6.4.2.2-ci yarımbənd və Tədbirlər Planının 8.4.2-ci bəndi) öz əksini tapıb.
Bundan başqa, Qanunun 11-ci maddəsində "məhkəmə ekspertizası ixtisası" anlayışı əvəzinə “məhkəmə eksperti ixtisası" anlayışından istifadə edilməklə maddədə işlədilən terminologiya dəqiqləşdirilir.
Təklif olunan dəyişikliklər məhkəmə ekspertlərinin fəaliyyət göstərdikləri sahəyə uyğun ali təhsilə malik olmasının təmin edilməsinə, şəhadətnamələrin verilməsində vahid meyarların tətbiqinə və ekspert rəylərinin keyfiyyətinin artırılmasına xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.