Rayonda ikinci dəfə “Hindquşu festivalı” keçirilib
Biləsuvardakı Mərkəzi parkda rayon icra hakimiyyətinin, "Azər Home Chef" şirkətinin, "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə “Hindquşu festivalı” keçirilib.
Festivalda Biləsuvarın və qonşu rayonların icra hakimiyyətləri başçıları, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Jalə Əhmədova, rayonun huquq-mühafizə orqanlarının rəhbərləri, tədbirin təşkilatçıları, rayon sakinləri, yerli və xarici qonaqlar, respublikanın məşhur aşpaz və dequstatorları iştirak ediblər.
İştirakçıları salamlayan rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov festivalın Biləsuvarda artıq ikinci dəfə keçirildiyini qeyd edərək bildirib ki, bu tədbir rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, həm də milli mətbəximizin təbliğinə xidmət göstərir.
Festival zamanı hindquşundan hazırlanmış onlarla müxtəlif çeşidli yeməklər iştirakçılara təqdim olunub.
Festivalın rəngarəng olması üçün həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub. Ən dadlı yemək hazırlayan aşpazlar qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbirin ən maraqlı hissələrindən biri isə qədim toy adətlərimizi əks etdirən simvolik toy mərasimi olub.
Festival boyu müsiqiçilər geniş konsert proqramı təqdim ediblər. Tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Seyran CAVADOV,
“Azərbaycan”