2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun
işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan
Ordusunun qazandığı qələbə Ağdam, Kəlbəcər və Laçının döyüşsüz Azərbaycana
qaytarılmasına zəmin yaratdı.
Kəlbəcərin bir güllə atılmadan azad olunması,
heç şübhəsiz, Azərbaycanın həm hərbi, həm də diplomatik uğuru idi. Prezident
İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər sakinləri ilə görüşündə bu məsələyə
toxunaraq bildirmişdi ki, rayonun mürəkkəb relyefi, qış mövsümünün yaxınlaşması
və Ermənistan ordusunun qurduğu istehkamlar nəzərə alınarsa, Kəlbəcərin hərbi
yolla azad edilməsi böyük itkilərlə nəticələnə bilərdi. Dövlət başçısının
vurğuladığı kimi, Azərbaycan Ordusu istənilən halda bu torpaqları azad edəcəkdi.
Lakin hərbi qələbənin yaratdığı siyasi reallıq Kəlbəcərin itkisiz
qaytarılmasına imkan verdi.
Kəlbəcərin 1992-ci ilin aprelində işğalına gəlincə,
cənab Prezidentin bəyan etdiyi kimi, “bunun günahkarı
Azərbaycan Xalq Cəbhəsidir”.
Belə ki, 1992-ci ildəki daxili siyasi çəkişmələr,
hakimiyyət uğrunda mübarizə Ermənistanın işğalına yol açdı.
“O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar
cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır
idi, bunu da etdi” deyən dövlət başçımızın da söylədiyi kimi, yarıtmaz iqtidar
ordu quruculuğuna və bölgədə yaşayan insanların təhlükəsizliyinə diqqət
yetirmirdi. Kəlbəcərin işğalı isə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında
coğrafi bağlantı yaratdı və bu, sonrakı işğallar üçün əlverişli şərait
formalaşdırdı.
Xatırladaq ki, Kəlbəcərin işğalından sonra BMT
Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnamə qəbul etmiş,
Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın işğal olunmuş digər
ərazilərindən çıxarılmasını tələb etmişdi. Lakin bu qətnamənin icrası uzun illər
təmin olunmadı. Beynəlxalq vasitəçilik mexanizmləri münaqişənin həllilə bağlı nəticə
vermədi. Azərbaycan isə öz hərbi-siyasi gücü hesabına ərazi bütövlüyünü bərpa
edərək BMT qətnamələrinin tələblərinin həyata keçirilməsinə nail oldu. Bu, beynəlxalq
münasibətlər sistemində dövlətin öz suveren hüquqlarını təmin etmək əzminin
göstəricisi idi.
Ermənistanın işğal dövründə və geri çəkilərkən
törətdiyi dağıntılar Kəlbəcərin tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və
təbiətinə ağır zərbə vurdu. Rayon tərk edilərkən evlərin yandırılması, ərazilərin
minalanması və mülki infrastrukturun məhv edilməsi erməni vəhşiliyinin növbəti
təzahürü idi.
Prezident İlham Əliyev 2025-ci ildə Kəlbəcər
sakinləri ilə görüşündə şəhərin dağıdılmış vəziyyətini xatırladaraq bildirdi
ki, “Kəlbəcər şəhərində, heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik
idi”. Bu gün Azərbaycan həmin dağıntıların yerində yeni şəhər və kəndlər qurur.
Artıq Kəlbəcərdə Böyük Qayıdışın real nəticələri
görünür. 2025-ci il avqustun 20-dən etibarən şəhərə keçmiş məcburi köçkünlərin
qayıdışı başlayıb. 2026-cı ilin sentyabrında Kəlbəcər şəhərində 162 ailənin
yaşadığı açıqlanıb. Bu, illərlə doğma yurda qayıtmaq arzusu ilə yaşayan
insanlar üçün tarixi mərhələdir. Burada təhlükəsiz yaşayış, məşğulluq və sosial
ehtiyacların təmin olunması da əsas
prioritetlərdəndir.
Kəlbəcərin gələcək inkişafı 2040-cı ilədək nəzərdə
tutulan Baş Plan əsasında həyata keçirilir. Plana görə, şəhərin ərazisi təxminən
290 hektara, əhalisinin sayı isə 17 min nəfərə çatdırılacaq.
Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə
görüşündə səsləndirdiyi “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” fikri
bu gün bölgədə görülən işlərin mahiyyətini ifadə edir.
Altı il əvvəl hərbi və diplomatik qələbə ilə azad
edilən bu qədim diyar bu gün dövlətimizin gücü, xalqımızın iradəsi ilə yenidən
dirçəlir. Kəlbəcər öz doğma sakinləri ilə birlikdə yeni tarixini yazır, inkişaf
mərhələsini yaşayır.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı