Könüllü olaraq İkinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşmək üçün yola düşəndə Muradın 24 yaşı var idi. Binə ticarət mərkəzində uşaq geyimləri mağazasında işləyirdi. Yenicə nişanlanmışdı, toy tədarükü görürdü. Bir sözlə, ürəyi arzu və istəklərlə aşıb-daşırdı.
Gələcək həyat yoldaşı olacaq qızı da elə ilk dəfə işlədiyi mağazada görmüşdü. Murad qarabuğdayı, uzunsaçlı, üz-gözündən həya yağan Nəzrini görəndə ürəyinə qarşı çıxa bilmədi. Deyəsən, vurulmuşdu. Sonra bacısının vasitəsilə qızla tanış oldu, söhbət etdilər, könül verib könül aldılar.
Günlərin birində Muradın anası Mehriban xanım, bacısı İlahə Nəzrinin ailəsi ilə tanış olmaq üçün onların qapısını döydülər. Tanış olarkən öyrənmişdilər ki, ailələrin sosial durumu bir-birinə çox bənzəyir. Murad kiçik yaşlarından atasız böyümüşdü, Nəzrin də atasını çox erkən itirmişdi. Eyni tale yaşamışdılar, ikisi də ata həsrəti ilə böyümüşdü.
Qarşılıqlı razılaşmadan sonra Muradgil el adəti ilə Nəzringilə elçi getmişdilər. Qızın ağbirçəklərindən, ağsaqqallarından "hə" cavabı aldıqdan sonra - 2020-ci il avqustu 20-də nişan mərasimi keçirilmişdi. Həmin gün hər iki gəncin valideynlərinin də, sevib-sevilənlərin də üzü gülürdü. Nişan günü Murad Nəzrinə 101 ədəd qızılgül almışdı.
Beləcə, ailələr böyük sevinc içində toy tədarükü görməyə başladılar. Amma İkinci Qarabağ müharibəsi bir çoxları kimi Muradın da planlarını pozdu. Toy təxirə salındı. Doğma yurda düşmən hücumunun başladığı bir vaxtda toy eləməyi Murad özünə sığışdırmadı.
Muradın anası Mehriban Qurbanova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində işləyirdi. Murad da döyüşə getmək istəyi ilə həmin idarəyə müraciət etdi. Onun döyüşə getməklə bağlı müraciətinə hörmətlə yanaşdılar. Mehriban xanım nigarançılıq içində öz əli ilə oğlunu cəbhəyə - Qarabağa yola saldı. Murad istəyinə 2020-ci il sentyabrın 29-da çatdı. Həmin gün sevincini yaşadığı nişan mərasimindən 39 gün keçirdi. Onun nişanlısı Nəzrinə aldığı qızılgüllər hələ heç solmamışdı.
Əvvəlcə döyüşmək üçün Muradgili Füzuli istiqamətində gedən gərgin döyüşlərə göndərdilər. Zəfər ovqatı ilə silaha sarılan M.Qurbanov daim ön sıralarda vuruşur, düşmən mövqelərini atəşə tururdu. Dəqiq atəşlə işğalçıların canlı qüvvəsini, zirehli texnikasını məhv edir, irəliləmələrinin qarşısını alırdı. Bir neçə gündən sonra Muradı və döyüş yoldaşlarını Cəbrayıl istiqamətində gedən döyüşlərə cəlb etdilər.
Murad Qurbanov əsgər kimi Tərtər istiqamətində yerləşən hərbi hissədə xidmət etmişdi. Tovuz döyüşləri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polkovnik İlqar Mirzəyevin tabeliyində olmuşdu. 2016-cı ildə dörd gün davam edən Aprel döyüşlərində vuruşmuşdu.
Oktyabrın 7-də Muradın döyüşdüyü bölüyü Xocavəndə göndərdilər. Həmin günlər bu istiqamətdə də ağır döyüşlər gedirdi. Ordumuzun hücumları qarşısında dayana bilməyib geri çəkilən düşmən bacardıqca müqavimət göstərir, itirdikləri mövqeləri geri qaytarmağa çalışırdılar. Azərbaycan Ordusunun zabit və əsgərləri isə düşmənə sarsıdıcı zərbələr vururdu, mövqelərindən qovub çıxarırdılar.
Oktyabrın 8-də əsgər Murad Qurbanov Hadrut qəsəbəsinin azadlığı uğrunda vuruşurdu. Həmin günlər ordumuzun bölmələri düşməni geri sıxışdıra-sıxışdıra addım-addım torpaqlarımızı azad edirdi. Başı nə qədər döyüşlərə qarışsa da, Murad arada evə zəng vurub hal-əhval tutur, anasına, bacısına sağ-salamat olduğunu deyir, onları nigaran qoymurdu.
Oktyabrın 10-dan sonra Muradın zənglərinin arası kəsilir. Ayın 12-də isə doğmaları onun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğunu eşidirlər. Oktyabrın 13-də Murad doğmalarının, yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Səbail rayon Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılır.
Şəhid Murad Qurbanov qısa, amma mənalı, şərəfli bir ömür yaşayıb. O, 23 mart 1996-cı ildə Salyanda dünyaya göz açıb. Amma ailə sonradan Bakıya köçüb. Murad orta təhsilini başa vurduqdan sonra Bakı Maliyyə-İqtisad Kollecinə qəbul olub. 2015-ci ildə ordu sıralarına yollanıb. Qismətinə cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etmək düşüb. Sonrasını isə bilirik.
İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə əsgər Murad Qurbanov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"