Hərbçi olmaq uşaqlıq arzusu idi. İstəyirdi ki, böyüyüb tankçı olsun, qəhrəmanlıq göstərsin, Vətən torpaqlarını düşməndən azad etsin.
Elçin Süleymanov 1991-ci il noyabrın 29-da Füzulinin Böyük Bəhmənli kəndində dünyaya göz açıb. Elçin ağlı kəsəndən Şərqi Zəngəzuru, Qarabağı yağıların işğalında görmüşdü, Vətən torpaqlarının nisgili, həsrəti ilə böyümüşdü.
Birinci Qarabağ müharibəsi Elçin Süleymanovun elindən, ata ocağından yan keçməmişdi. Elçin kiçik yaşlarından böyüklərin Qarabağ müharibəsi barədə söhbətlərini dinləmişdi. Bilirdi ki, doğma kəndi uğrunda da qızğın döyüşlər getmişdi. Erməni silahlıları tərəfindən ələ keçirilən kənd 1993-1994-cü illərdə işğal altında olub. Böyük Bəhmənli kəndinə də divan tutan işğalçılar tərəfindən 80-dən artıq ev, xəstəxana və məktəb binası dağıdılıb, yandırılıb. Böyük Bəhmənli 52 şəhid verib. Onlardan 25 nəfəri mülki, 27 nəfəri hərbçi olub.
1993-cü ilin dekabrında Böyük Bəhmənli kəndi uğrunda gedən şüddətli müdafiə döyüşlərində düşmən tankı ilə əlbəyaxa döyüşə atılan Daxili Qoşunların 5 əsgəri mövqelərindən geri çəkilməyib. Onlar son nəfəslərinədək vuruşublar.
Həmyaşıdları kimi Elçinin də uşaqlıq nağılları, dastanları, əfsanələri o dövrün qəhrəmanları olub. Odur ki, Elçin Süleymanov hərbçi sənətini seçmək, tankçı olmaq arzusuna düşəndə Azərbaycan xalqının o igid övladlarını özünə nümunə hesab edib.
Böyük Bəhmənlidəki Allahyar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan Elçin müddətli həqiqi hərbi xidmətə yollanıb və qəti qərarını verib: bundan sonra da Azərbaycan Ordusunun sıralarında xidmət edəcək. Uşaqlıq arzusuna çatan Elçin Süleymanov peşəkar tankçı olub.
O, 2016-cı ilin aprelində baş verən döyüşlərdə iştirak edib. Üç gün davam edən döyüşlərdə Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirib. Əsgər və zabitlərimiz Azərbaycanın bir sıra ərazilərini, strateji yüksəkliklərini düşmən işğalından azad ediblər. Həmin döyüşlərdə igidlik göstərən hərbçilərimizdən biri də Elçin Süleymanov olub. O, Aprel döyüşlərində göstərdiyi şücaətə görə, Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Elçin Süleymanov da silahdaşları ilə birlikdə döyüş meydanına yollanıb. Müharibənin ilk günündən Ermənistan silahlı qüvvələrinin alınmaz hesab edilən sədlərin yarılmasında böyük şücaət, fədakarlıq göstərib. Elçin Süleymanov Cəbrayıl və Füzuli uğrunda gedən qızğın döyüşlərdə tankçı kimi iştirak edib. Bu da onun və döyüş yoldaşlarının üzərinə böyük məsuliyyət qoyub.
Döyüşlərin birində onların tankı vurulsa da, dayanmayıblar. Heyət üzvləri cəsarətlə irəliləyiblər. Düşmənin növbəti atəşi nəticəsində tank yararsız hala düşüb. Elçin yaralanmış döyüş yoldaşlarını xilas edib.
Vətən torpaqlarının azadlığı uğrunda qəhrəmanlıq nümayiş etdirən Elçin Süleymanov böyük Zəfərin yaxın olduğuna bütün varlığı ilə inanırdı. Ona görə qardaşı ilə sonuncu telefon söhbətində demişdi: "Qələbə bizimlədir, hər şey yaxşı olacaq. Artıq Vətən həsrətinə son qoyulacaq".
Elçin Süleymanov sentyabrın 30-da ağır döyüşlərin birində şəhid oldu. Ölümündən sonra igid döyüşçü "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"