Yaşadığımız həyatda elə insanlar da var ki, ömürləri qısa olsa da, xeyirxah əməlləri, igidlik və qəhrəmanlıqları ilə xalqının yaddaşında pozulmaz izlər qoyaraq əbədiyyətə qovuşur, göstərdikləri cəsarətləri ilə özlərindən sonrakı nəsillərə örnək olur, vətəni, torpağı qorumağın, xalqı insanlara sevdirməyin nümunəsini yaradırlar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Kərimov Ceyhun Allahverdi oğlu da belə cəsur oğullardan idi.
O, 14 sentyabr 1973-cü ildə Ağdamda dünyaya göz açıb. 7 yaşına çatanda valideynlərinin əlindən tutaraq sevinə-sevinə şəhərdəki 6 nömrəli məktəbə gedib, dərslərindən yüksək qiymətlər alaraq atası Allahverdini, anası Rəxşəndəni sevindirib. Beləcə, xoşbəxtliklə dolu günlər, həftələr, aylar, illər bir-birinin ardınca düzülərək keçib. Hiss olunmadan keçən bu illər ərzində Ceyhun yavaş-yavaş böyüyüb, böyüdükcə həyatı daha dərindən anlayıb. Hələ kiçik yaşlarından mühəndis olmaq istəyib. Arzusuna qovuşmaq üçün orta təhsilini başa vurduqdan sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə üz tutub, tələbə adı qazanıb. Universitetdə biliklərə yiyələndikcə oxumağa həvəsi daha da artıb. Özünü gələcəkdə savadlı, bacarıqlı mühəndis kimi görüb. Amma erməni işğalçılarının Qarabağa hücumu bu arzunun üstündən xətt çəkib. Qarabağda müharibə getdiyi bir vaxtda o, Bakıda rahat yaşamağı, arın-arxayın oturub təhsil almağı özünə sıxışdırmayıb. Buna görə də 3-cü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb.
Ceyhunun Qarabağa döyüşə getdiyini görən böyük qardaşı Hilal da ona qoşulur. Beləcə, Ceyhun və Hilal qol-qola verərək könüllü olaraq döyüşlərə atılırlar. Ceyhunun döyüş yolu daha çox Ağdamın kəndlərindən başlayır. O, Abdal-Gülablı, Sırxavənd, Qazançı, Əmrallar, Mərzili kəndləri, həmçinin başı buludlara söykənən Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak edir.
Vətəni canından da çox sevən Ceyhun Kərimov cəsur döyüşçü olmaqla bərabər, həm də nümunəvi əsgər kimi silahdaşlarına dayaq duran, onları qələbəyə ruhlandıran bacarıqlı kəşfiyyatçı idi. Qorxmaz döyüşçü düşmənin mövqelərini nəzarətdə saxlayır, işğalçıların bütün hərəkətlərini diqqətlə izləyir, qələbəyə xidmət edən zəruri məlumatları vaxtlı-vaxtında komandanlığa çatdırırdı. Çox keçmirdi ki, onun verdiyi kəşfiyyat məlumatları əsasında işğalçıların döyüş maşınları və canlı qüvvəsi məhv edilirdi.
Gərgin keçən əməliyyatların birində - düşmən Mərzili kəndini ələ keçirməyə çalışanda Ceyhun Kərimov 12 hərbçi ilə çiyin-çiyinə verərək kömək gələnə qədər 4 saat ərzində bu yaşayış məntəqəsini işğalçılardan qorumuşdu. Ağır yaralanmış komandirini xilas edərkən özü də düşmən gülləsinə tuş gəlmişdi.
1993-cü il yanvarın sonları idi. Erməni işğalçılarının Ağdam istiqamətindəki hücumları daha da güclənmişdi. Düşmən rayonun kəndlərini işğal edə-edə irəliləyirdi. Yurdumuzun keşiyində dayanan oğullar isə bütün qüvvələrini səfərbər edərək işğalçıların hücumlarının qarşısını almağa, yurdumuzu müdafiə etməyə çalışırdılar. Bir dəqiqə də olsun silahlar susmur, atəş səsləri kəsilmirdi. Düşmənin qarşısı bir istiqamətdə alınanda, başqa səmtdən hücuma keçirdi. Gündən-günə vəziyyət gərginləşirdi.
1993-cü il yanvarın 24-də Qaraqaya uğrunda ağır döyüşlər gedirdi. İşğalçılar addım-addım irəliləməyə can atırdılar. Döyüşçülərimiz mövqelərində möhkəmlənərək onlara ciddi müqavimət göstərirdilər. Ceyhun həmişəki kimi ön sıralarda idi. Döyüşlərin qızğın çağında işğalçılar onların mövqeyini minaatanlardan atəşə tutdular. Mərmilərdən biri Ceyhunun yaxınlığına düşdü. O, cəld hərəkətlə yerə uzanıb qəlpələrdən yayınmağa çalışdı. Amma mümkün olmadı, qəlpələr onu haqladı.
20 yaşlı əsgər Ceyhun Kərimov şəhid oldu. Ertəsi gün - yanvarın 25-də yaxınlarının, doğmalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ağdamdakı Şəhidlər xiyabanında torpağa tapşırıldı.
Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan oğullar heç vaxt unudulmur, həmişə ehtiramla xatırlanır, adları əbədiləşdirilir. Şəhid Ceyhun Kərimovun da adı əbədiləşdirilib. Bir vaxtlar oxuduğu Ağdam şəhər 6 nömrəli orta məktəb indi onun adını daşıyır.
Qardaşı şəhid olandan sonra Hilal Kərimov silahını yerə qoymadı, döyüş yolunu davam etdirdi. Təəssüflər olsun ki, 1996-cı ildə o da baş verən qəza nəticəsində dünyasını dəyişdi. İki şəhid anası Rəxşəndə xanım deyir ki, torpaqlarımızın azadlığı uğrunda döyüşmüş övladları ilə fəxr edir, qürur duyur: "Şükürlər olsun ki, bu gün Qarabağ, Ağdam azaddır. Uzun illərdən sonra Ceyhunumun məzarını ziyarət etdim, ürəyim rahatlandı. İndi bütün şəhidlərimizin ruhu şaddır".
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"