Günlər bir-birini əvəz etdikcə macəralarla dolu qış fəsli yaxınlaşır. Çoxları bu fəslin ləzzətini evdə divanda uzanıb televizoru izləməklə keçirmək istəmir. Ölkəmizdə yaradılmış qış turizminin geniş imkanlarından yararlanaraq istirahət etməyi düşünür, soyuq qış günlərini həm şən, həm də insana sağlamlıq gətirən istirahətlə keçirməyə üstünlük verir.
Dünyanın bir çox ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul olunsa da, müşahidələr göstərir ki, qış aylarında istirahətə yollanmaq istəyənlərin də sayı kifayət qədərdir. Dünya Turizm Təşkilatının yaydığı statistik məlumatlarda qeyd edilir ki, hər il səyahət etmək istəyənlərin təxminən 30-35 faizi istirahət vaxtını qış aylarına salır. Yayılan məlumatlarda o da bildirilir ki, İsveçrə, Skandinaviya ölkələri, Çexiya, ABŞ, Kanada qış turizminin inkişaf etdiyi ölkələrdəndir.
Dünyanın başqa ölkələrində olduğu kimi, ötən illər ərzində Azərbaycanda da müasir standartlara cavab verən qış turizm infrastruktur və kompleksləri yaradılmışdır. Buna görə də qış aylarında ölkəmizə üz tutan turistlərin sayı ildən-ilə artır. Azərbaycanda qış turizmindən bəhs edərkən təbiidir ki, yada ilk olaraq Qəbələ "Tufandağ" və Qusar "Şahdağ" Qış-Yay Turizm kompleksləri və Şahbuzun "Ağbulaq İstirahət Mərkəzi" düşür. Qış aylarında bu kompleks və mərkəzlərə üz tutan turistlər burada rahat dincəlir və istirahət edirlər. Peşəkar xizəkçilər üçün "Şahdağ" Qış-Yay Turizm Kompleksi daha cəlbedicidir. Çünki "Şahdağ" mükəmməl yaradılmış qış istirahət zonasıdır. Hava şəraiti ilə əlaqədar burada süni qar yağdıran qurğular işə salınır. Bu qurğular Qusarçaydan götürdüyü suyu qara çevirib əraziyə püskürür və qısa müddət ərzində kömpleksin ərazisi qar örtüyünə bürünür. Püskürülən süni qar üçzolaqlı yolda xizəklə sürüşməyə şərait yaradır. Xizək sürməyə maraq göstərməyən turistlər də unudulmayıb. Onlar üçün də cürbəcür əyləncələr nəzərdə tutulub. Həmin turistlərə motorlu xizək, asma kanat, snoubord, dağ yolları ilə turlar, velosiped gəzintisi, trottinet, yamac paraşütçülüyü təklif edilir. Bu əyləncələr turistlərin ürəyincə olur. Onlar burada vaxtlarını şən keçirir, necə deyərlər, qış fəslinin dadını çıxarırlar.
Görənləri elə ilk dəqiqədən bənzərsiz gözəlliyi ilə heyran edən Qəbələ rayonundakı "Tufandağ" Dağ-Xizək Kompleksi də maraqlı qış gəzintilərinin məkanlarından biridir. Bura yalnız yerli deyil, xaricdən ölkəmizə gəlmiş turistlərin də ən sevimli istirahət məkanıdır. Kompleksdə buz üstündə xizək sürməkdən tutmuş qar maşınları ilə adrenalin dolu istirahət etmək üçün şərait yaradılıb. Xüsusi olaraq kilometrlərlə uzanan yamaclarda snoubordinq və xizəklə sürüşmək buraya üz tutan turistlərə böyük zövq verir. Xizək sürməyi bacarmayanları öyrətmək üçün istirahət kompleksində xizəksürmə məktəbi də fəaliyyət göstərir.
Bənzərsiz təbiəti, eləcə də tarixi memarlıq və təbiət abidələri ilə gələn qonaqları özünə cəlb edən bölgələrimizdən biri də Qubadır. Qış turizmi, dağ-xizək xidmətlərinə tələbatın artması, eləcə də təmiz havası və Bakıya yaxınlığı Qubanını ölkənin əsas istirahət zonalarından birinə çevirib. İstər qış, istərsə də yay aylarında bölgəyə gələn turistləri qəbul etmək üçün son illər Qubada istirahət və mehmanxanaların sayı artıb. Hərtərəfli şəraiti olan bu mərkəzlər turistlərin yalnız yay deyil, qış istirahətini də təmin edir.
Ölkəmizin başqa bölgələrində olduğu kimi, turistlər qış fəslində bir tərəfdən dağlar, digər tərəfdən isə Xəzər dənizi ilə əhatə olunmuş Lənkərana da böyük maraq göstərirlər. Bu da səbəbsiz deyil. Çünki Lənkəranda qış turizmi üçün hər cür şərait yaradılıb. Qış fəslində dağlıq ərazilərə yağan qarın hündürlüyü bəzi yerlərdə bir metrdən də yuxarı olur. Qış istirahətini maraqlı keçirməyə çalışan turistlər təbiətin yaratdığı gözəlliyə tamaşa etməkdən böyük zövq alırlar. Lənkərana gələn turistlər həm də zəngin folklorumuzla, mətbəximizlə, tarixi abidələrimizlə də yaxından tanış olurlar.
Yay ayları ilə bərabər, qış fəslində də turist axını müşahidə olunan bölgələrdən biri də Şamaxıdır. Turistlər rayonun Pirqulu qəsəbəsinə daha çox üz tuturlar. Qəsəbənin təmiz havası, təbiətin bənzərsiz mənzərələri, tarixi keçmişimizdən soraq verən qədim abidələr turistlərin diqqətini daha çox özünə çəkir. Rayon ərazisində fəaliyyət göstərən hotellər qış mövsümündə bölgəyə gələn turistlər üçün olduqca maraqlı, yaddaqalan əyləncələr təqdim edir.
Bu gün qarşıda dayanan ən mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərdə də qış turizm mərkəzlərinin yaradılmasıdır. Mütəxəssislərin fikrincə, qış turizmi üçün ən əlverişli ərazi Kəlbəcər rayonudur. Çünki burada xizək marşrutları, kanat xətləri yaratmaq üçün əlverişli coğrafi şərait var. Bircə qalır, bu şəraitdən istifadə edib qış turizmini təşkil etmək. Kəlbəcərlə yanaşı, Laçında, Şuşada, Hadrutda, Xankəndidə, Suqovuşanda da qış turizmi üçün əlverişli şərait var.
Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi layihələr, dövlət proqramları ölkəmizdə turizmin də inkişafını sürətləndirir. Dövlət başçısının sərəncamları ilə reallaşan proqramlar, layihələr bu sahənin inkişafına böyük təkan verir, qarşısında yeni perspektivlər açır.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"