“Fitch Ratings” beynəlxalq reytinq agentliyi qlobal iqtisadi artımın sabit qalacağı və inflyasiya təzyiqlərinin azalacağı gözləntiləri fonunda 2027-ci il üçün ölkələrin suveren kredit reytinqləri üzrə proqnozunu “neytral” səviyyədə müəyyən edib.
AZƏRTAC xəbər verir ki, agentlik neft tədarükündə fasilələrin yaranması və süni intellektlə əlaqəli bazarlarda kəskin korreksiya ehtimalı kimi risklərə də diqqət çəkib. Bildirilib ki, qiymətləndirmə ABŞ ilə İran arasında hərbi gərginliyin və münaqişələrin müvəqqəti səngiyəcəyi fərziyyəsinə əsaslanır.
Qeyd olunub ki, dünya üzrə ümumi daxili məhsulun artım tempinin, əsasən, sabit qalacağı gözlənilir. Neft qiymətlərinin azalmasının isə cari ilin ikinci yarısında yaranmış inflyasiya təzyiqlərini müəyyən qədər zəiflədəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, istiqraz faizlərinin bu ilin orta göstəricisindən yüksək səviyyədə qalması borclanma yükü ağır olan ölkələrdə maliyyə təzyiqlərini artıracaq.
“Fitch Ratings” 2027-ci ildə qlobal iqtisadiyyatın təxminən 2,5 faiz artacağını proqnozlaşdırır. Bununla belə, səhm bazarlarında və ya kapital xərclərində süni intellektlə əlaqəli kəskin korreksiya riskinin mövcud olduğu vurğulanır.
Açıqlamada Körfəz regionundan neft tədarükündə yenidən ciddi fasilələrin yaranması ehtimalına da diqqət çəkilir. Belə bir vəziyyətin neft qiymətlərinin, inflyasiyanın, uçot faizlərinin və istiqraz gəlirliliyinin daha uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola biləcəyi bildirilir.
Agentliyin qiymətləndirməsinə görə, hökumətlərin müddəti başa çatan borclarını mövcud bazar faizləri ilə yenidən maliyyələşdirməsi dövlət borcunun orta effektiv faiz dərəcəsini yüksəldəcək. Bu isə büdcə kəsirlərinin artmasına, xüsusilə borc yükü yüksək və borclarının orta ödəmə müddəti qısa olan ölkələrdə dövlət borcunun ÜDM-ə nisbətinin sabitləşdirilməsinin və ya azaldılmasının çətinləşməsinə gətirib çıxara bilər.
Bildirilib ki, bir sıra ölkələrdə siyasi qütbləşmə və ictimai təzyiqlər uzunmüddətli sabitliyi və rifahı dəstəkləyən siyasətlərin həyata keçirilməsinə mane olmaqda davam edəcək. Bu amillər etirazlara və daha genişmiqyaslı ictimai-siyasi qarşıdurmalara səbəb ola bilər.
Həllini tapmamış münaqişələr, böyük dövlətlər arasında rəqabət, eləcə də daha millətçi və proqnozlaşdırılması çətin xarici siyasət kursları səbəbindən geosiyasi risklərin yüksək səviyyədə qalacağı gözlənilir.
Qeyd olunub ki, 2027-ci ilə daxil olarkən ölkələrin suveren kredit reytinqləri üzrə proqnozlar, ümumilikdə, sabitdir. Belə ki, 13 ölkə üzrə proqnoz müsbət, 12 ölkə üzrə isə mənfidir.
Bildirilib ki, cari ildə ölkələrin kredit reytinqləri üzrə xalis 12 yüksəliş qeydə alınıb. Onlardan 7-si inkişaf etməkdə olan bazar ölkələrinin payına düşüb.