Dünyada metala və strateji minerallara tələbatın sürətlə artdığı bir zamanda ölkəmizin dağ-mədən yataqlarının öyrənilməsi və işə salınması böyük önəm daşıyır. Bu sərvətin bir hissəsi də Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşir.
Cari ilin sentyabr ayında Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nda, eləcə də bu mövzu ilə bağlı keçirdiyi müşavirədə ölkəmizin, o cümlədən Naxçıvanın bu xəzinəsinin dərindən öyrənilməsi və istismara verilməsi məsələləri öz geniş əksini tapıb.
Əvvəla qeyd edək ki, Naxçıvan MR 10-dan çox əsas metal filiz yatağı ("Göydağ", "Parağaçay", "Gümüşlü", "Qapıcıq", "Piazbaşı", "Diaxçay", "Misdağ-Şəlalə", "Ağyurd" və s.) var. Bu yataqlarda, əsasən, mis, molibden, qızıl, sink və qurğuşun ehtiyatları cəmlənib. Məsələn, "Parağaçay" molibden-mis filizləri ilə seçilən iri yataqlardan biridir. "Göydağ" Culfa rayonunda yerləşən mis-porfir yatağıdır. Orada geofiziki araşdırmalar, buruq-qazma və mineral resursların qiymətləndirilməsi aparılıb. "Gümüşlü "polimetal filiz yatağıdır, qurğuşun, sink və digər metallarla zəngindir. "Qapıcıq" isə filiz yatağı kimi beynəlxalq və geoloji qiymətləndirmə işlərinə cəlb olunan əsas sahələrdəndir. "Piazbaşı" Ordubad ərazisində yerləşən qızıl və əlaqəli filiz mineralları (pirit, xalkopirit, molibden, mis) ilə tanınır.
"Diaxçay" və "Misdağ-Şəlalə", "Ağyurd", "Nəsirvaz-Ağdərə", "Xalxal" kimi əhəmiyyətli yataq və sahələr də var.
Sözügedən müşavirədə Prezident İlham Əliyev dağ-mədən sənayesinin inkişafı baxımından Naxçıvan Muxtar Respublikasının da perspektivli bölgə olduğunu vurğulayaraq deyib: "Orada da vaxtilə - sovet dövrünü nəzərdə tuturam - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq".
Naxçıvanın bu və digər yataqlarının sahə iqtisadiyyatının xammal bazasına sanballı töhfə verəcəyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramında da mineral xammal ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər öz əksini tapıb. Bu istiqamətlərdən biri filiz və qeyri-filiz yataqlarının beynəlxalq qiymətləndiricilərin iştirakı ilə qiymətləndirilməsi və investisiya üçün açılmasıdır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmisinin bildirdiyinə görə, bu məqsədlə 2024-cü ildə Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi ilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində "Parağaçay-molibden", "Qapıcıq-molibden" və "Gümüşlü" yataqlarında geoloji tədqiqat işlərinə başlanıb. Ümumilikdə layihə üzrə 3800 poqonometr həcmində buruq-qazma işləri aparılıb, 4 mindən çox sınaqlaşdırma həyata keçirilib, eləcə də digər kompleks geoloji tədqiqat işləri yerinə yetirilib. Aparılmış işlərin nəticələri əsasında yekun hesabatlar hazırlanıb. Qiymətləndirmənin nəticələrinə əsasən, hər üç yatağın perspektivli olduğu müəyyənləşdirilib. Növbəti mərhələdə daha dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması və yataqlardakı resursların tam və dəqiq hesablanması məqsədəuyğun hesab edilir.
Nəzərdə tutulan digər mühüm istiqamət isə qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi layihəsidir. Bununla bağlı 2023-2024-cü illərdə Ordubad rayonunun "Nəsirvaz-Ağdərə" sahəsində kompleks geoloji tədqiqat işləri aparılıb. Burada buruq quyuları, yerüstü dağ qazmaları və kompleks sınaqlaşdırma işləri həyata keçirilib, nəticədə ərazidə geoloji tədqiqatlar yekunlaşdırılıb. 2025-2026-cı illərdə isə həmin bəndin icrası ilə əlaqədar Babək rayonunun "Xalxal" sahəsində qara, əlvan və nəcib metallar üzrə geoloji qiymətləndirmə işlərinə başlanıb. Hazırda burada yerüstü dağ qazmaları, buruq quyuları və kompleks sınaqlaşdırma işləri ilə müşayiət olunan geoloji tədqiqatlar davam etdirilir.
Muxtar respublikada son dövrlərdə kəşf olunmuş və ehtiyatları hesablanmış mənbələrdən biri də "Ortakənd" qızıl yatağıdır. "AzerGold" QSC tərəfindən yataqda kompleks geoloji-kəşfiyyat işləri aparılıb. Hesablanmış ehtiyatlar yatağın iqtisadi baxımdan səmərəli və əlverişli olduğunu göstərir. Belə ki, yataqda 246 min unsiya çıxarıla bilən qızıl ehtiyatının olduğu hesablanıb.
Deyilənlərə onu da əlavə edək ki, son 50 il ərzində muxtar respublikada zəngin ehtiyatlara malik filiz - mis, sink, əlvan və nəcib metal yataqları ilə yanaşı, 70 qeyri-filiz inşaat materialı və tikinti materialları kəşf edilib.
"Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" çərçivəsində görüləcək işlər çoxdur. Bunlar respublikamızda dağ-mədən yataqları yerləşən bütün rayonları əhatə edir. Əsas məqsəd təkcə daha çox xammal hasil etmək deyil, həm də bu xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır. Proqram bu məqsədə çatmaq üçün əsas istiqamətləri müəyyən edir.
Flora SADIQLI,
"Azərbaycan"