Güclü özəl sektor və sağlam rəqabət
Danılmaz gerçəklikdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biri azad sahibkarlığın inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artırılması və liberal bazar iqtisadiyyatı prinsiplərinin genişləndirilməsidir. Bu məqsədlə son illər biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinə inzibati müdaxilələrin azaldılması, yoxlamaların məhdudlaşdırılması, lisenziya və icazə prosedurlarının sadələşdirilməsi istiqamətində islahatlar həyata keçirilib.
2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsi isə bazarda sağlam rəqabətin qorunması, inhisarçılığın qarşısının alınması və sahibkarlıq subyektləri üçün bərabər rəqabət imkanlarının yaradılması istiqamətində hüquqi addım olub. Sahibkarlığın maliyyə imkanlarının genişləndirilməsi üçün güzəştli kreditlər, dövlət zəmanətləri, investisiya təşviqi sənədləri və vergi-gömrük güzəştləri tətbiq olunması da məhz həmin islahatların nəticəsidir. Sənaye parklarının və məhəllələrinin, eləcə də aqroparkların və Ələt Azad İqtisadi Zonasının yaradılması, qeyri-neft ixracının təşviqi, KOBİA vasitəsilə kiçik və orta biznesə dəstəyin gücləndirilməsi də iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bütün bunlar Azərbaycanda sahibkarlığın inkişafı və iqtisadiyyatın şaxələndirilməsi üçün yaradılan imkanları aydın göstərir.
Bəs həyata keçirilən islahatlar iqtisadi göstəricilərdə öz əksini necə tapır? Özəl sektorun iqtisadiyyatda çəkisi hansı səviyyəyə çatıb və liberal bazar prinsiplərinin inkişafı baxımından qarşıda hansı vəzifələr dayanır? Bu suallara 2025-ci ilin yekunları və 2026-cı ilin ilk doqquz ayının statistik göstəriciləri əsasında nəzər salaq. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki illə müqayisədə real ifadədə 1,4 faiz artım deməkdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 2,7 faizlik artım qeydə alınıb. İlin yekununda qeyri-neft-qaz sektorunda ümumi daxili məhsul 92,3 milyard manata çatıb.
Rəqəmlər iqtisadiyyatın neftrdənkənar istiqamətdə genişlənməsinin davam etdiyini göstərsə də, artım tempinin bir qədər də sürətləndirilməsinə ehtiyac olduğunu ortaya qoyur. Bu o deməkdir ki, Azərbaycanın iqtisadi potensialından daha səmərəli istifadə etmək üçün yeni biznes təşəbbüslərinin dəstəklənməsi, innovativ müəssisələrin yaradılması və sahibkarlığın inkişafı vacibdir. 2025-ci ildə qeyri-neft-qaz sənayesində 5,5 faizlik artım qeydə alınması bu baxımdan müsbət göstəricidir. Bununla yanaşı, əsas kapitala qoyulan investisiyaların ümumi həcmi 21,2 milyard manat təşkil edib.
2026-cı ilin ilk doqquz ayının nəticələri də iqtisadiyyatın ayrı-ayrı istiqamətlərində fərqli inkişaf dinamikasının olduğunu göstərir. Yenə də DSK-nın açıqladığı məlumatlara görə, yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatda 1,5 faiz, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artım qeydə alınıb. Həmin dövrdə qeyri-neft-qaz sənayesində istehsal 5,4 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətləri 10 faiz, informasiya və rabitə xidmətləri isə 11,1 faiz artımla diqqət çəkib.
Bununla belə, statistik göstəricilərə yalnız artım rəqəmləri prizmasından yanaşmaq doğru olmaz. Əsas məsələ həmin artımın hansı iqtisadi subyektlərin hesabına formalaşması, özəl sektorun bu prosesdə iştirak səviyyəsi və yaradılan əlavə dəyərin iqtisadiyyatın müxtəlif iştirakçıları arasında necə bölüşdürülməsidir. Çünki liberal iqtisadiyyatın mahiyyəti yalnız istehsal və xidmət həcminin yüksəlməsində deyil, iqtisadi imkanların genişlənməsində, sahibkarların sərbəst fəaliyyətində və bazarda bərabər rəqabət şəraitinin təmin olunmasındadır.
Bu mənada kiçik və orta sahibkarlığın inkişafı ayrıca diqqət tələb edir. Həmin biznes iqtisadiyyatın çevikliyini artıran, yeni iş yerləri yaradan, regionlarda iqtisadi fəallığı genişləndirən, bazara yeni məhsul və xidmətlər gətirən vacib qüvvədir. Azərbaycanda bu sahənin inkişafı üçün son illər müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edilib. KOBİA-nın fəaliyyəti, KOB evlərinin yaradılması, güzəştli maliyyə dəstəyi, sahibkarların maarifləndirilməsi və biznes xidmətlərinin elektronlaşdırılması həmin tədbirlər sırasındadır. Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta biznesin səmərəli fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi-texniki tərəqqidə uğurların istehsala tətbiqinin 80 faizi, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür.
Əslində iqtisadiyyatın liberallaşdırılması dövlətin iqtisadi proseslərdə rolunun tamamilə aradan qaldırılması kimi başa düşülməməlidir. Dövlətin əsas vəzifəsi şəffaf və sabit hüquqi mühit yaratmaq, mülkiyyət hüquqlarını qorumaq, inhisarçılığın qarşısını almaq, ictimai maraqları təmin etmək və bazarda ədalətli rəqabət qaydalarının işləməsinə nəzarət etməkdir. Xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlarda dövlətin tənzimləyici və təşviqedici funksiyası ilə özəl sektorun təşəbbüskarlığı arasında düzgün tarazlığın yaradılması çox önəm daşıyır.
Bu gün sahibkarlığın inkişafı həm də cəmiyyətdə təşəbbüskarlıq mədəniyyətinin formalaşması deməkdir. İnsanların öz ideyalarını biznesə çevirmək, risk etmək, investisiya qoymaq və yaratdıqları məhsul və xidmətlərlə bazarda mövqe qazanmaq imkanları nə qədər geniş olarsa, iqtisadiyyatın daxili potensialı da bir o qədər güclü olar. Belə bir mühitdə Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş iqtisadi nəticələri daha rəqabətli, şaxələndirilmiş və özəl təşəbbüslərə əsaslanan inkişaf modelinə çevirməkdir. Çünki güclü özəl sektor və sağlam rəqabət dayanıqlı inkişafın ən mühüm şərtlərindəndir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"