Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncamın imzalanmasından 3 il ötür
Bir zamanlar müharibənin ağrı-acısını yaşamış, taleyində ağır sınaqların izləri qalmış Xankəndidə bu gün tamam başqa bir həyat yaşanır. Yenidən qurularaq dirçələn şəhərin küçələrindən gənclərin gülüşü, auditoriyalardan bilik soraqlı səsi eşidilir. Qarabağ Universiteti Xankəndiyə, sadəcə, ali təhsil ocağı kimi deyil, gələcəyə inamın, intellektual dirçəlişin və sülhə əsaslanan yeni həyatın rəmzi kimi gəlib.
2023-cü il noyabrın 28-də Prezident İlham Əliyevin "Qarabağ Universitetinin yaradılması haqqında" sərəncamı ilə əsası qoyulan bu təhsil müəssisəsi Qarabağın inkişaf tarixində yeni səhifə açdı. Sərəncamın mahiyyəti ali təhsil müəssisəsinin yaradılması ilə məhdudlaşmırdı. Əsas məqsəd azad edilmiş torpaqlarda elmin və təhsilin inkişafına təkan vermək, regionun gələcək ehtiyaclarını qarşılamaq, tarixən mövcud olmuş təhsil ənənələrini yaşatmaq idi.
Böyük qayıdışın mahiyyəti də məhz bu əhatəli yanaşmada özünü göstərir. Doğma yurda qayıdış yalnız yaşayış evlərinin tikilməsi, yolların çəkilməsi, sosial infrastrukturun qurulması ilə müşayiət olunmur. Həm də bu torpaqlarda intellektual həyat qaynayır, yeni nəsil yetişir, elmi və mədəni mühit formalaşır. Axı şəhərləri yaşadan, düşünən, yaradan, gələcək quran insanlardır. Bu baxımdan, Qarabağ Universiteti Xankəndinin yeni inkişaf mərhələsinin simvoludur. Universitetin fəaliyyətə başlaması şəhərin sosial, iqtisadi və mədəni həyatına yeni dinamika gətirib. Tələbələrin, müəllimlərin və elm adamlarının burada bir araya gəlməsi Xankəndidə fərqli ictimai mühit formalaşdırıb. Auditoriyalarda aparılan mühazirələr, elmi müzakirələr, səslənən tələbə təşəbbüsləri şəhərin gündəlik həyatına yeni məzmun və ritm verib. Xankəndi quruculuq şəhəri olmaqla yanaşı, bilik və təhsil məkanına çevrilib.
Universitetin şəhərin iqtisadi həyatına təsiri də xüsusi əhəmiyyət daşıyır. Təhsil müəssisəsinin ətrafında formalaşan sosial xidmət sahələrinin inkişafı, məşğulluq imkanlarının genişlənməsi və sahibkarlıq fəaliyyətinin canlanması üçün zəmin yaradıb. Tələbələrin və müəllimlərin gündəlik ehtiyacları, mədəni tədbirlər, elmi görüşlər və müxtəlif ictimai təşəbbüslər şəhərin həyatına hərəkətlilik gətirib. Bu baxımdan, universitet Xankəndinin inkişafında təhsil funksiyası ilə deyil, həm də sosial-iqtisadi canlanmaya verdiyi töhfə ilə seçilir.
Qarabağ Universitetinin qarşısında duran əsas vəzifələrdən biri regionun gələcək inkişafı üçün yüksəkixtisaslı kadrlar yetişdirməkdir. Burada təhsil alan gənclər gələcəkdə ilk növbədə Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatında, səhiyyəsində, mədəniyyətində və idarəetmə sahəsində çalışacaqlar. Onların bilik və bacarıqları azad edilmiş ərazilərdə qurulan yeni həyata təkan verəcək.
Müasir dünyada inkişafın əsas meyarlarından biri insan kapitalıdır. Təbii sərvətlər və iqtisadi imkanlar mühüm üstünlük təşkil etsə də, cəmiyyətin tərəqqisini təmin edən başlıca qüvvə bilikli, yaradıcı və yeniliklərə açıq insanlardır. Qarabağ Universiteti məhz belə bir potensialın formalaşmasına xidmət edir. Bu ali təhsil ocağı elmə açılan böyük bir pəncərədir. Bu pəncərədən regiona müasir biliklər, innovasiyalar, yeni texnologiyalar və beynəlxalq elmi əməkdaşlıq imkanları daxil olur. Bu mənada universitetin missiyası təkcə diplomlu mütəxəssislər yetişdirmək deyil, həm də müstəqil düşünən, araşdıran, yenilik yaradan və bilikləri ilə cəmiyyətə fayda verən şəxsiyyətlər formalaşdırmaqdır.
Qarabağ Universitetinin əhəmiyyəti təhsil və iqtisadiyyatla da bitmir. Onun yaradılması Azərbaycan dövlətinin quruculuq iradəsinin, gələcəyə inamının və sülhə əsaslanan inkişaf siyasətinin mühüm ifadəsidir. Uzun illər separatizmin əsiri olmuş bir şəhərdə elmin və təhsilin inkişafına belə böyük önəm verilməsi yeni həyatın hansı dəyərlər üzərində qurulduğunu göstərir. Burada əsas olan keçmiş şeytan yuvalarının yerində yeni binalar ucaltmaqla bərabər, həm də gələcək nəsillər üçün tərəqqi və qarşılıqlı anlaşma mühiti yaratmaqdır. Başqa sözlə, Qarabağ Universiteti sülhə uzanan əldir. O sülh ki, yalnız siyasi sənədlərlə təsbit olunmur, onu yaşadan insanların birgə fəaliyyəti, inkişaf naminə əməkdaşlığı və gələcəyə ortaq baxışı ilə bərqərar edilir. Elm isə xalqları birləşdirən, sərhədləri aşan, qarşılıqlı anlaşmanı gücləndirən mühüm vasitələrdən biridir. Qarabağ Universitetinin formalaşdırdığı akademik mühit gələcəkdə beynəlxalq elmi əlaqələrin genişlənməsinə, regionun dünya təhsil məkanına inteqrasiyasına da xidmət edə bilən təhsil müəssisəsi olacağı şübhə doğurmur.
Bu gün Qarabağ Universitetinə baxarkən həm də Xankəndinin yenilənən həyatını, gənclərin ümidlərini və Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda qurduğu gələcəyin intellektual əsaslarını görürük. Universitetin auditoriyalarında təhsil alan hər bir gənc bu torpaqların sabahına bilik və zəhməti ilə töhfə verəcək. 2023-cü il noyabrın 28-də imzalanan tarixi sərəncamın əsl mahiyyəti də məhz bu böyük məqsədə xidmət edir.
Elşən QƏNİYEV,
"Azərbaycan"