28 Noyabr 2026 08:40
115
Mədəniyyət
A- A+
Əqidəsi təmizlik və xeyirxahlıq idi

Əqidəsi təmizlik və xeyirxahlıq idi


Tarix boyu xalqın yaddaşında silinməz iz qoyan şəxsiyyətlər təkcə tutduqları yüksək vəzifələrlə deyil, həm də keçdikləri həyat yolu, prinsiplərə sadiqlikləri və dövlətçilik ənənələrinə verdikləri töhfələrlə xatırlanırlar. XX əsr Azərbaycanının ictimai-siyasi və iqtisadi həyatında özünəməxsus yeri olan belə dövlət xadimlərindən biri də Qurban Əli oğlu Xəlilovdur. Onun ömür yolu əzmkarlıq, vətənpərvərlik və xalqa sədaqət nümunəsidir. Anadan olmasının 120 illiyi qeyd edilən bu böyük şəxsiyyətin həyat salnaməsinə nəzər saldıqda, onun Azərbaycanın iqtisadi və ictimai-siyasi inkişafına verdiyi əvəzsiz töhfələrin şahidi oluruq.

Qurban Xəlilov 1906-cı ilin noyabrında Cənubi Azərbaycanın Ərdəbil yaxınlığındakı Kəlxoran kəndində sadə fəhlə ailəsində anadan olmuşdur. Ailəsi 1908-ci ildə yaxşı güzəran axtarışı ilə Bakıya köçmüşdür. Erkən yaşlarından həyatın çətinlikləri ilə üzləşən Qurban artıq 1920-ci ildə Keşlədə əmək fəaliyyətinə başlamışdır. Biliyə və sənətə olan böyük marağı onu 1923-cü ildə fabrik-zavod məktəbinə gətirib çıxarır. Məktəbi bitirdikdən sonra Montin adına zavodda tornaçı köməkçisi kimi çalışır və eyni zamanda istehsalatdan ayrılmadan təhsilini davam etdirir. O, 1933-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirərək mühəndis ixtisasına yiyələnir.

Ali təhsil aldıqdan sonra Qurban Xəlilovun təşkilatçılıq bacarığı tezliklə özünü büruzə verir. O, Bakının iri maşınqayırma zavodlarında - S.M.Kirov, leytenant Şmidt və F.E.Dzerjinski adına zavodlarda mühəndis, sex rəisi və direktor vəzifələrində çalışaraq respublikanın sənaye potensialının güclənməsində iştirak edir. İkinci Dünya müharibəsinin ağır illərində Bakı Şəhər Partiya Komitəsinin katibi vəzifəsində çalışır və arxa cəbhənin fasiləsiz işləməsi, cəbhənin neft məhsulları, silah-sursatla təmin olunmasına böyük əmək sərf edir. Müharibədən sonrakı illərdə isə "Azneft" və "Azərneftkəşfiyyat" birliklərində rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi kimi məsul vəzifələrdə çalışır. 1956-1958-ci illərdə Azərbaycan SSR yerli sənaye naziri vəzifəsində işləmiş Qurban Xəlilov harada çalışırdısa, orada intizam, halallıq və yaradıcı əmək mühiti formalaşırdı. 


11 il maliyyə naziri 


1958-ci ildə Qurban Xəlilov Azərbaycan SSR-in maliyyə naziri təyin edilir və 1969-cu ilə qədər - düz 11 il bu strateji sahəyə rəhbərlik edir. Sənaye və tikinti sahəsini dərindən bilən təcrübəli istehsalatçı kimi onun maliyyə sisteminə gəlişi respublika büdcəsinin real iqtisadi sektorun ehtiyaclarına uyğun formalaşmasına təkan verir.

Q.Xəlilovun nazir olduğu dövr Azərbaycanda yeni sənaye müəssisələrinin, energetika obyektlərinin və yaşayış massivlərinin sürətlə tikildiyi illərə təsadüf edirdi. O, maliyyə intizamının möhkəmləndirilməsi, dövlət vəsaitlərinin məqsədyönlü xərclənməsi və büdcə gəlirlərinin artırılması istiqamətində ciddi nəzarət mexanizmləri qurmuşdur. Məhz bu dövrdə respublikanın sənaye və kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi sabit şəkildə təmin olunmuşdur.

Onun nazir kimi fəaliyyətinin əsas xüsusiyyətləri real iqtisadiyyatla büdcənin vəhdəti, sərt maliyyə intizamı və şəffaflıq, sosialyönümlü maliyyə siyasəti təşkil edirdi. Q.Xəlilov israfçılığa, kağız üzərində şişirdilmiş hesabatlara və büdcə vəsaitlərinin məqsədsiz xərclənməsinə qarşı barışmaz mövqe tutmuşdu. Onun rəhbərliyi dövründə maliyyə nəzarəti təkcə iqtisadi göstəricilərin yerinə yetirilməsinə deyil, həm də Bakıda və bölgələrdə yeni yaşayış massivlərinin salınmasına, məktəblərin, xəstəxanaların və mədəniyyət ocaqlarının maliyyələşdirilməsinə xidmət edirdi. İttifaq büdcəsindən Azərbaycanın inkişafı üçün əlavə vəsaitlərin ayrılması və respublikanın maliyyə maraqlarının qorunması məsələlərində Qurban Xəlilov hər zaman qətiyyətli və arqumentli mövqeyi ilə seçilirdi.


Tarixi qərarların imzası 


1969-cu ildən etibarən Qurban Xəlilovun həyatında daha məsuliyyətli bir mərhələ başladı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük yüksəliş dövründə o, 16 il (1969-1985) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, eyni zamanda SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini kimi məsuliyyətli bir missiyanı yerinə yetirdi. Onun parlamentə rəhbərlik etdiyi bu illər Azərbaycan tarixinə qızıl hərflərlə yazılan mühüm hadisələrlə zəngindir.

1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması böyük və əlamətdar nailiyyət idi. Heydər Əliyevin siyasi iradəsi ilə ərsəyə gələn bu ali sənədin qəbul olunduğu tarixi sessiyaya məhz Qurban Xəlilov sədrlik etmişdir. Eyni zamanda həmin Konstitusiyaya əsasən Ali Sovetin Rəyasət Heyətinin səlahiyyətləri və tərkibi genişləndirilmişdir.

Bu dövrdə qanunvericilik sisteminin yenilənməsi xüsusi vurğulanmalıdır. Onun rəhbərliyi illərində respublikanın qanunvericilik bazası yeniləndi, insan hüquqlarının, ailə və əmək münasibətlərinin qorunmasına xidmət edən mühüm qanunlar qəbul edildi. Respublikanın mülki, cinayət, əmək, ailə, torpaq və su məcəllələri qəbul edilərək təkmilləşdirildi, xalq deputatları sovetlərinin yerlərdə sosial-iqtisadi məsələlərin həllində rolu artırıldı.

1978-ci ilin yanvarında Qəbələ şəhərinin xarabalıqları ərazisində hərbi obyekt tikintisi adı altında tarixi abidələrimizə zərər vurulmasının qarşısını almaq üçün Heydər Əliyev xüsusi dövlət komissiyası yaratdıqda, bu həssas və prinsipial missiyanı həvalə etdiyi əsas dövlət xadimlərindən biri məhz Qurban Xəlilov oldu. Bundan başqa, Qurban Xəlilov SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini kimi bir çox xarici ölkədə yüksəksəviyyəli dövlət nümayəndə heyətlərinə rəhbərlik edərək Azərbaycanı beynəlxalq müstəvidə ləyaqətlə təmsil edirdi. 

Vətəndaş müraciətlərinə həssaslıq onun iş prinsipində mühüm yer tuturdu. O, vətəndaşların ərizə və şikayətlərinin şəxsən araşdırılmasına, fəhlə və kəndlilərin, ziyalıların problemlərinin yerində həllinə operativ diqqət yetirir, fəxri adların və dövlət mükafatlarının ən layiqli insanlara təqdim olunmasına nəzarət edirdi.

Heydər Əliyevin böyük etimad göstərdiyi, saflığına və dövlətçilik səriştəsinə dərindən inandığı nadir şəxsiyyətlərdən biri məhz Qurban Xəlilov idi. Bu səmimi dostluq və mənəvi bağlar bu gün də dövlət səviyyəsində böyük ehtiramla xatırlanır. 2026-cı il oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli fırça ustası, Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə ali dövlət mükafatını - "İstiqlal" ordenini təqdim edərkən ataları Heydər Əliyev və Qurban Xəlilovun uzun illər Azərbaycana çiyin-çiyinə rəhbərlik etmələrini, aralarındakı dərin dostluq münasibətlərini xüsusi məhəbbətlə yad etdi. Dövlətimizin başçısı o illərin gənclik xatirələrini bölüşərək vurğuladı ki, bu gün müstəqil, torpaqları azad edilmiş Azərbaycanda övladların öz sahələrində ən uca zirvələrə çatmasına görə onların hər ikisinin ruhu şaddır. "Böyük rəhbərlərimizə sədaqət, onların işini davam etdirmək böyük şərəfdir", - dedi Prezident İlham Əliyev. İki böyük şəxsiyyətin münasibətlərdəki bu səmimi etimad və qarşılıqlı hörmət Azərbaycanın milli maraqlarının qorunduğu bir çox taleyüklü məsələdə özünü parlaq şəkildə göstərmişdi.

İnsanın əsl böyüklüyü qəlbinin təmizliyi, saflığı və keçdiyi yola sədaqətilə ölçülür. Qurban Xəlilov vəzifə pillələri ilə yuxarı qalxdıqca keçmişini, fəhlə köynəyinin təmizliyini dövlət adamının rəsmi libasından uca tutan nadir şəxsiyyət idi. Onun mənəvi dünyası sanki iki qütbün - polad kimi əyilməz iradənin və ipək kimi yumşaq insanlığın heyrətamiz vəhdətindən yoğrulmuşdu. Gəncliyində torna dəzgahı arxasında qazandığı o zərgər dəqiqliyi bütün ömrü boyu onun həyat prinsipinə çevrilmişdi. 11 il ölkənin maliyyə naziri, 16 il isə parlament sədri olmasına baxmayaraq, o, ömrünün axırına qədər son dərəcə təvazökar, dəbdəbədən uzaq həyat sürmüşdü. Dövlət malına xəyanəti bağışlamayan, hər qəpiyin hesabını dəqiqliyi ilə aparan bu insan şəxsi həyatında yalnız halal zəhmətinə güvənmişdi. 

İlk baxışdan ciddi, tələbkar və zəhmli görünən Qurban müəllim, əslində, kövrək qəlbli bir ziyalı idi. O, iclaslarda məsuliyyətsiz məmurlara qarşı nə qədər sərt olurdusa, qapısına ümidlə gələn sadə bir kəndlinin, fəhlənin və ya kimsəsizin qarşısında bir o qədər həssas və qayğıkeş idi. Məktubların arasındakı insan fəryadını duyar, bəzən heç kimin bilmədiyi bir səssizliklə neçə-neçə ailənin taleyinə işıq yandırardı. Boş vədlər verməyi sevməzdi, hamını dinləyər, bircə kəlmə ilə ən dolaşıq düyünü açardı. Onun "olar" deməsi artıq imzalanmış bir sənəd qədər etibarlı idi.

Sənaye və maliyyə kimi sərt sahələrin adamı olsa da, daxilində gözəlliyə vurğun, incə bir ruh yaşayırdı. Oğlu Fərhad Xəlilovun rəssamlıq sənətinə olan sevgisini duyması, onu dəstəkləməsi və evində hər zaman ədəbiyyata, rəngkarlığa, musiqiyə yer ayırması onun nə qədər zərif və işıqlı daxili aləmə sahib olduğunu göstərirdi.

Çoxillik fəaliyyətinə görə 5 "Lenin" ordeni daxil olmaqla, yüksək dövlət mükafatlarına layiq görülsə də, Qurban Xəlilovun ən böyük mükafatı insanların ona olan səmimi sevgisi və hörməti idi. Onu tanıyanların xatirəsində Qurban müəllim təkcə böyük dövlət xadimi deyil, həm də hər kəsin dərdinə şərik olmağı bacaran mehriban, qayğıkeş bir ağsaqqal kimi qalıb.

2000-ci ilin martında, Novruz nəfəsli bir bahar günündə Bakıda dünyasını dəyişən Qurban Xəlilov Fəxri xiyabanda dəfn olunub. Fəhlə dəzgahından başlanan o sadə, amma şərəfli yol bu gün də bizə bir həqiqəti pıçıldayır: insanı ucaldan tutduğu vəzifə deyil, arxasınca qoyduğu xoş sözlər, gördüyü xeyirxah işlər və Vətənə bəslədiyi sədaqət,  təmiz məhəbbətdir. Qurban Xəlilovun işıqlı xatirəsi məhz bu keyfiyyətlərinə görə xalqımızın qəlbində daim yaşayacaq.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:00
28 Noyabr

Aİ liderləri yeni büdcə ilə bağlı razılığa gələ bilmədilər

08:55
28 Noyabr

TRIPP: Ermənistan üçün geriyə yol yoxdur

08:50
28 Noyabr

Xankəndidən elmə və təhsilə açılan qapı

08:45
28 Noyabr

Əqidəsi təmizlik və xeyirxahlıq idi

08:40
28 Noyabr

"Sülh körpüsü" praktiki müstəviyə keçir

08:35
28 Noyabr

Dayanıqlı iqtisadi inkişafın dəyişməz şərtləri

08:30
28 Noyabr

Naxçıvan dağ-mədən yataqları ilə də zəngindir

08:25
28 Noyabr

Albaniya Azərbaycanın Balkan yarımadasında etibarlı tərəfdaşıdır

08:20
28 Noyabr

Prezident İlham Əliyevin formalaşdırdığı təkmil siyasi konfiqurasiya

08:15
28 Noyabr

Büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə edildi

08:10
28 Noyabr

Parlament yeni enerji sazişini təsdiq etdi

08:05
28 Noyabr

Dünyanın diqqəti Azərbaycandadır

08:00
28 Noyabr

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC InternationalProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:19
28 Noyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda, 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda və 2025-ci il 19 dekabr tarixli 404 nömrəli Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:05
28 Noyabr

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:58
28 Noyabr

İndoneziya numayendeler  

23:07
27 Noyabr

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib

21:19
27 Noyabr

Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

20:22
27 Noyabr

Rusiyada “İskəndər” ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirilib  

19:59
27 Noyabr

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar  

19:23
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!