Bakının dar, daş döşəməli küçələrində külək əsdikcə pəncərə şüşələrinin titrədiyi, çörəyin qramla bölündüyü, lakin qonşuluq və insanlıq dəyərlərinin heç bir tərəziyə sığmadığı illər idi... İkinci Dünya müharibəsinin sərt nəfəsi cəbhədən min kilometrlərlə uzaqda yerləşən bu şəhərin hər bir həyətində, hər bir ocağında hiss olunurdu.
Kişilərin cəbhəyə yollandığı, qadınların və uşaqların isə ağır zəhmətə qatlaşdığı o sınaq dövründə insanların ən böyük imtahanı təkcə aclıq və soyuq deyildi, əsl imtahan mənəviyyatı qoruyub saxlamaq idi. Məhz bu tarixi həqiqətlərin işığında 1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında ərsəyə gələn "Bizim Cəbiş müəllim" ekran əsəri respublikamızın kino salnaməsinə qızıl hərflərlə yazıldı. Yazıçı Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı bu film üstündən yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, bu gün də öz təravətini və aktuallığını itirməyib.
Filmin mərkəzində dayanan Cəbiş müəllim obrazı böyük aktyor Süleyman Ələsgərovun təqdimatında təkcə bir məktəb müəllimi deyil, həm də bütöv bir nəslin vicdan rəmzidir. O, kimya fənnini tədris edir, lakin şagirdlərinə və ətrafındakılara həyatın ən ali dəyərini - dürüstlüyü və ləyaqəti aşılayır. Müharibənin gətirdiyi səfalət içərisində ailəsinin ehtiyaclarını qarşılamaq üçün sabun bişirmək məcburiyyətində qalan Cəbiş müəllim bu işi belə alverə çevirməyi özünə sığışdırmır. Onun üçün sabunu satıb pul qazanmaqdansa, insanları təmizliyə, xəstəliklərdən qorunmağa səsləmək daha vacibdir. Həyat yoldaşının (Şəfiqə Məmmədova) haqlı gileyləri ilə özünün sarsılmaz prinsipləri arasında qalan bu ziyalı nə qədər çətin olsa da, düz yolundan dönmür.
Xalq artisti Şəfiqə Məmmədovanın canlandırdığı Cəbiş müəllimin ömür-gün yoldaşı obrazı filmdə idealizm ilə sərt həyat reallıqlarının toqquşma nöqtəsidir. O, pis insan deyil, sadəcə, ac qalan uşaqlarını doyurmağa çalışan, qonşuların nisbətən firavan yaşayışını görüb ərinin həddindən artıq düzlüyünə üsyan edən bir anadır. Onun gileyləri mənfi xüsusiyyət kimi deyil, müharibə dövrünün qadın çiyinlərinə yüklədiyi ağır məsuliyyətin təbii reaksiyası kimi təqdim olunur. Lakin ən kritik məqamlarda o, yenə də ərinin ləyaqətinə hörmətlə yanaşır, onun böyüklüyünü daxilən qəbul edir.
Suğra xalanı bir məhəllənin böyük ürəyi adlandırırlar. Nəsibə Zeynalovanın yaratdığı Suğra xala obrazı öz şirin Bakı ləhcəsi, həm deyingən, həm də son dərəcə mehriban təbiəti ilə o dövrün fədakar analarının ümumiləşdirilmiş portretidir. O, həyətin bütün dərd-sərinə şərik olan, kimin evində nə bişdiyini bilən, çətin gündə son tikəsini qonşusu ilə bölüşən xanımdır. Suğra xalanın zarafatları və həyat eşqi müharibənin yaratdığı boz və ağır ab-havanı yumşaldır, tamaşaçıya ümid verir.
Və nəhayət, Nəcəfov və Əbülfəz obrazları - dövrün ziddiyyətli simaları. Onların Cəbiş müəllimlə olan dialoqları iki fərqli dünyagörüşünün - maddiyyatla mənəviyyatın açıq mübarizəsidir. Əliağa Ağayevin canlandırdığı Əbülfəz daha çox hiyləgər, özünü qorumağa çalışan, fürsətcil bir obrazdır.
Aqil Ağacanovun oynadığı "Makedon" ləqəbli yeniyetmə və Cəbiş müəllimin şagirdləri isə filmin ən təsirli xətlərindən birini təşkil edir. Dəcəl, çılğın, lakin qəlbi təmiz olan Makedonun öz müəlliminə olan sonsuz sevgisi, böyüklərə bənzəmək və cəbhəyə getmək arzusu o dövrün gəncliyinin psixologiyasını dəqiqliklə əks etdirir. Cəbiş müəllimin onun kimi yeniyetmələri həm qorumaq, həm də onlara düzgün tərbiyə vermək cəhdləri filmin pedaqoji və insani yükünü daha da artırır. Bir sözlə, ssenarist və rejissor filmdə tək bir qəhrəmanın deyil, bütöv bir Bakı məhəlləsinin canlı nəfəsini yaratmağa müvəffəq olublar.
Filmin uğurunda bəstəkar Emin Sabitoğlunun əvəzsiz musiqiləri və operator Arif Nərimanbəyovun ağ-qara lentin imkanlarından ustalıqla istifadə etməsi mühüm rol oynayıb. Bakının "Sovetski", Bayıl, "Qaraşəhər" məhəllələrində və "Səadət" sarayının ətrafında lentə alınan kadrlar tamaşaçını birbaşa 1940-cı illərin ab-havasına aparır.
Görkəmli bəstəkar Emin Sabitoğlu müharibə mövzulu bir filmdə pafoslu və təntənəli hərbi marşlardan qaçaraq, insanın daxili dünyasına, kövrək hisslərinə və ümidlərinə toxunan lirik melodiyalara üstünlük verib. Ağ-qara lentdə təsvir olunan aclıq, soyuq və narahatlıq səhnələri fonunda səslənən həzin və səmimi musiqi tamaşaçıda həm kədər, həm də sabaha inam hissi oyadır. Musiqidə köhnə Bakı məhəllələrinin özünəməxsus ruhu, həyətlərdəki səmimiyyət və nostalgiya incə şəkildə hiss olunur.
Filmin ən yaddaqalan və dillər əzbəri olan musiqi parçası Emin Sabitoğlunun bəstələdiyi məşhur valsdır. Bu vals həm kövrək, həm də zərif ritmi ilə Cəbiş müəllimin saf mənəviyyatını və müharibədən əvvəlki dinc, xoşbəxt günlərin xatirəsini simvolizə edir. Bu musiqi parçası zamanla ekrandan ayrılaraq müstəqil konsert nömrəsinə çevrilib, xüsusilə Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqovun və müxtəlif kamera orkestrlərinin ifasında bu gün də böyük sevgi ilə dinlənilir.
Bu film rejissor Həsən Seyidbəyli ilə bəstəkar Emin Sabitoğlunun kino sahəsindəki ən uğurlu yaradıcı birliklərindən biridir. Bəstəkarın musiqisi kadrların ritmi və aktyorların (xüsusilə Süleyman Ələsgərovun) səssiz mimikaları ilə tam vəhdət təşkil edərək, sözlərin demədiyini melodiyalar vasitəsilə tamaşaçıya çatdırır. 1970-ci ildə Minskdə keçirilən IV Ümumittifaq Kinofestivalında Süleyman Ələsgərovun bu rola görə yüksək aktyor sənətkarlığı diplomuna layiq görülməsi də filmin sənət gücünün beynəlxalq səviyyədə etirafı idi.
Bu gün ekran qarşısına keçib "Bizim Cəbiş müəllim"ə baxarkən, sadəcə, köhnə Bakının mənzərələrini izləmirik. Biz həm də özümüzə sual veririk: ən çətin məqamlarda insanlığımızı, təmiz adımızı necə qoruya bilərik? Cəbiş müəllim isə hər dəfə eyni səssiz təbəssümlə cavab verir ki, zaman dəyişsə də, vicdanın dəyəri heç vaxt ucuzlaşmır.
İradə ƏLİYEVA,
"Azərbaycan"