Həyatda elə seçimlər var ki, onların əsl mənası yalnız illər keçdikdən sonra özünü göstərir. Uşaqlıqda yaranan kiçik bir maraq insanın bütün ömrünü müəyyənləşdirir, onu heç kimin getmədiyi yollara aparır, adı bütöv bir sənət tarixinin yaddaşına həkk olunur. Tofiq Axundovun həyat hekayəsi məhz belə bir taleyin nümunəsidir.
O, uşaqlıqdan sevdiyi sirk sənətinə ömrünü bağlamaqla kifayətlənməyib, bu sənətin imkanlarını genişləndirən, dünyanın ən çətin əhliləşdirilən heyvanlarından sayılan begemotlarla işləməyi bacaran nadir sənətkarlardan birinə çevrilib. Onun yaradıcılıq yolu insan iradəsinin, peşəyə sədaqətin və daim yenilik axtarışının ifadəsidir.
Tofiq Hüseyn oğlu Axundov 1941-ci il noyabrın 28-də Bakıda dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik illəri qədim Bakının özünəməxsus mühitində keçib. Müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığı bu şəhər mühiti gələcək sənətkarın dünyagörüşünün formalaşmasında da müəyyən rol oynayıb. Uşaqlıqdan idmana, səhnəyə maraq göstərən Tofiq əvvəlcə idman gimnastikası və akrobatika ilə məşğul olub. Bakıdakı "Burevestnik" İdman Cəmiyyətinin gimnastika qrupunda qazandığı bacarıq sonralar onun peşəkar sənət fəaliyyətinin möhkəm təməlini təşkil edib.
Onun həyat yolunu dəyişən əsas hadisələrdən biri keçmiş sirk ustasının rəhbərlik etdiyi dərnəklə tanışlığı olub. Burada sirk sənətinin sirlərinə yiyələnən gənc Tofiq səhnənin sehrinə düşüb. Müəlliminin köməyi ilə akrobatik-ekvilibristik nömrə hazırlayan gənc sənətkar Azərbaycan Dövlət Filarmoniyasının estrada proqramlarında çıxış etməyə başlayıb. Rayonlara, kəndlərə səfərlər, müxtəlif tamaşaçı auditoriyaları qarşısında çıxışlar onun səhnə təcrübəsini zənginləşdirib.
Sözsüz ki, peşəkar sənətə gedən yol ciddi hazırlıq tələb edirdi. Tofiq Axundov 1965-ci ildə Moskvada Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirib. Həmin ildən "Soyuzqossirk", sonralar isə "Rosqossirk" sistemində fəaliyyət göstərən sənətkar uzun illər ekvilibrist kimi çıxış edib. Onun nömrələri yüksək fiziki hazırlıq, mükəmməl tarazlıq hissi, dəqiqlik və böyük cəsarət tələb edirdi. Bir tərəfdən insan bədəninin imkanlarını nümayiş etdirən çıxışlar, digər tərəfdən də sənətkarın səhnədəki özünəməxsus dəst-xətini formalaşdırırdı.
Ekvilibrist kimi yaradıcılığında xüsusi yer tutan nömrələrdən biri də iki akrobatın əlləri üzərində dayanaraq aralarındakı məsafədə fırlatdıqları kəndirin üzərindən üçüncü iştirakçının tullanması idi. Tofiq Axundov bu nömrə ilə kollektiv Ümumittifaq Sirk Sənəti Müsabiqəsinin laureatı adına layiq görülüb. O, təxminən 15 il bu janrda çalışıb, müxtəlif ölkələrdə qastrol səfərlərində olub. Əldə etdiyi uğurlar onun sənət axtarışlarını dayandırmayıb, əksinə, daha çətin və fərqli heyvanlarla işləməyi qarşısına məqsəd qoyub.
Sirk ənənələrində heyvan təlimçiliyi xüsusi təcrübə və nəsildən-nəslə ötürülən peşə vərdişləri tələb edən sahə hesab olunur. Tofiq Axundov isə bu istiqamətdə hazır bir yol seçmədi, öz bacarığına və iradəsinə güvənərək yeni sahəyə qədəm qoydu. Üstəlik, adi və nisbətən asan öyrədilən heyvanlarla deyil, iri bədən quruluşu, gücü, sərbəst xarakteri və gözlənilməz davranışları ilə seçilən begemotlarla işləməyi qarşısına məqsəd qoydu.
Bu seçim, sadəcə, yeni nömrə hazırlamaq cəhdi deyildi, eyni zamanda dünya sirk sənətində az öyrənilmiş bir istiqamətə də üz tuturdu. Begemotun davranışını anlamaq, onun etimadını qazanmaq, insanla heyvan arasında qarşılıqlı ünsiyyət yaratmaq uzunmüddətli zəhmət və səbir tələb edirdi. Tofiq Axundov heyvanlarla münasibətdə gücə deyil, etimada, gündəlik qayğıya və ardıcıl məşqlərə üstünlük verirdi. O, balaca yaşlarından bəslədiyi begemotlarla tədricən yaxınlıq yaradaraq onların hər birinin xarakterini, davranış xüsusiyyətlərini öyrənirdi. Nəticədə onun adı dünya sirk sənətində begemotlarla qrup halında işləyən ilk təlimçilərdən biri kimi tanındı.
Tofiq Axundovun meymunlarla hazırladığı nömrələr də sənətkarın repertuarında xüsusi yer tutur. Müxtəlif növlərə mənsub meymunların xaltasız tramplinlərdən tullanması, salto-mortale və qrup akrobatik hərəkətləri yerinə yetirməsi onun peşəkarlığının başqa bir göstəricisidir. Belə nömrələr heyvanların təbii davranışlarını öyrənməklə yanaşı, onların hər biri ilə fərdi münasibət qurmağı da tələb edir. Deməli, T.Axundovun sənətində təkcə fiziki hazırlıq deyil, müşahidə qabiliyyəti, səbir və psixoloji yanaşma da mühüm yer tutur.
T.Axundovun hazırladığı "Hipopotamus şousu" müxtəlif ölkələrdə nümayiş etdirilərək geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib. Avropa və Asiyanın bir çox ölkəsində keçirilən qastrol səfərləri sənətkarın adını beynəlxalq sirk aləmində tanıdıb. Tofiq Axundovun təcrübəsindən keçən begemotların sayı illər ərzində 13-ə çatıb. Bu fakt onun heyvan təlimçiliyi sahəsindəki uzunmüddətli fəaliyyətinin miqyasını aydın göstərir.
Sənətkar 1977-ci ildə "Azərbaycan SSR-in Əməkdar artisti", 1989-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Sonralar Rusiya Federasiyasında da sənət xidmətləri yüksək qiymətləndirilərək 2001-ci ildə "Əməkdar artist", 2012-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Bu təltiflər uzun illər ərzində göstərdiyi fədakarlığın, peşəkar fəaliyyətinin və sirk sənətinə verdiyi töhfələrin rəsmi təsdiqidir.
Tofiq Axundovun həyatında Bakı xüsusi yer tutur. O, dünyanın müxtəlif şəhərlərində çıxış etsə də, doğma şəhərinə bağlılığını heç vaxt gizlətməyib. 2022-ci ildə "Bakı" jurnalına verdiyi müsahibəsində uşaqlıq xatirələrini, qədim Bakının ab-havasını və bu şəhərin onun həyatındakı əhəmiyyətini səmimiyyətlə bölüşüb. Onun sözlərindən aydın olur ki, sənətkarın dünyagörüşündə Bakı doğulduğu məkan deyil, həm də xarakterinin, həyat duyumunun və mənəvi yaddaşının ayrılmaz hissəsidir.
Bu gün Tofiq Axundovun sənət yolu bir sirk artistinin uğurları ilə məhdudlaşmır. Onun fəaliyyəti Azərbaycan sirk məktəbinin beynəlxalq miqyasda tanıdılmasının maraqlı nümunəsidir. O, illərlə formalaşdırdığı təcrübə ilə sübut edib ki, sənətdə yenilik yaratmaq üçün təkcə istedad deyil, cəsarət, zəhmət və başladığın işə sonsuz sədaqət də lazımdır. 2026-cı ildə onun həyat və yaradıcılığına həsr olunmuş "Begemotların atası. Təlimçilik və həyat haqqında hekayə" adlı kitabın təqdimatının keçirilməsi də sənətkarın keçdiyi yolun və topladığı təcrübənin yeni nəsillər üçün maraq doğurduğunu göstərir.
Tofiq Axundovun ömür salnaməsi bir həqiqəti təsdiqləyir - böyük sənətkarlar özlərinə ayrılmış səhnədə çıxış etməklə kifayətlənmirlər, bəzən həmin səhnənin sərhədlərini də dəyişirlər. O, bir vaxtlar akrobatika ilə başladığı sənət yolunda qarşısına çıxan çətinliklərdən çəkinməyərək dünya sirkində özünəməxsus yer qazanıb. Onun adı bu gün həm Azərbaycan, həm də beynəlxalq sirk sənətinin yaddaşında yaşayır. Çünki əsl sənət tamaşaçını heyrətləndirmək deyil, mümkünsüz görünəni mümkün etmək üçün ömür sərf etməkdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"