Yazıçı-hüquqşünas Əlisəfa Azayev "Əlfi Qasımov fenomeni" kitabında yazıçı Əlfi Qasımovun yaradıcılığından, səmimiyyətindən, alicənablığından ətraflı söhbət açır. Görkəmli yazıçının gələcək nəsillərə nümunə olacaq şərəfli ömür yolu ilə oxucuları yaxından tanış edir. Onun həyatına, yaradıcılığına geniş yol açır.
Kitabı vərəqlədikcə öyrənirik ki, Əlisəfa Azayev yaradıcılığa yenicə başladığı çağlarda Əlfi Qasımov gənc ədibin istedadını görüb məqalələrini və digər yazılarını dərc edib. Məhz yazıçı Əlfi Qasımovun diqqət və qayğısı sayəsində gənc Əlisəfa Azayevin hekayələri "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" qəzetlərində və "Azərbaycan qadını" jurnallarında işıq üzü görüb.
Kitabın ilk səhifələrində görkəmli ədəbiyyatşünas alim Əkbər Ağayevin "Dostlardan biri" məqaləsinə yer verilib. Alim yazıçı Əlfi Qasımovla bağlı xatirələrini oxucularla bölüşüb, onu yazıçı, insan, dost kimi oxucalara təqdim edib.
"Əlfi Qasımov fenomeni" kitabını vərəqləyən oxucular yazıçını daha da yaxından tanıyırlar. Kitabın "Azərbaycan Sovet Yazıçıları kitabından: Əlfi Qasımov" bölməsi də maraqla oxunur. Burada yazıçının həyatı oxuculara geniş təqdim olunur.
Haqqında yazılanları oxuduqca böyük ürək sahibi olan Əlfi Qasımovun zamanında insanlara göstərdiyi diqqət və qayğıya, xeyirxahlığa şahidlik edirik. Müəllif "O, əsl insan idi" məqaləsində Əlfi Qasımovun xeyirxahlığını, yaxşılığını dönə-dönə xatırlayır. Ötüb arxada qalan o illərə qayıdan müəllif yazır: "1970-ci ildə yazıçı Əlfi Qasımovun ön sözü ilə mənim "Yeddi il sonra" hekayələr kitabım "Gənclik" nəşriyyatında işıq üzü gördü. Bəlkə də o günlər məndən çox Əlfi Qasımov sevinirdi. O, dəfələrlə üzümə demişdi ki, yaradıcılığıma ümidlə yanaşır, mənimlə fəxr edir. Bunu mənə olan münasibətdən də hiss edirdim..."
Kitabda həmçinin Əlfi Qasımovu zamanında yaxından tanıyan qələm dostlarının xatirələri də geniş yer alıb. Bu xatirələri oxuduqca yazıçı gözlərimiz qarşısında istedadlı və qayğıkeş bir insan kimi canlanır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"