Hər bir insanın davranışında müəyyən hərəkətlər var ki, biz onlara etiket qaydaları deyirik. Bu söz birləşməsi nəzakət qaydaları mənasında işlədilir. Əslində isə az qala hər etiket qaydası insanın mənəviyyatından qaynaqlanan bir hərəkətdir.
Hələ uşaqlıqdan eşitmişik ki, zərif cinsin nümayəndələrinə birinci yol vermək, yer göstərmək kişilərin alicənablığı və mənəvi borcudur. Lakin bundan istisnalar da az deyil. Məsələn, teatr, yaxud konsert salonunda kişi əlində bilet irəlidə getməli və orada göstərilən cərgəni taparaq onun ardınca addımlayan xanımına əyləşəcəyi yeri göstərməlidir.
Bəzən yanlış düşünürük ki, bu qaydalar bizə Avropadan, yaxud hansısa bir məmləkətdən keçib. Ancaq gəlin görək hansı Azərbaycan oğlu qaranlıq bir küçədən, dalandan keçəndə, yaxud nabələd olduğu bir məkanda anasını, bacısını, həyat yoldaşını qabağa buraxar? Bu, qadınla kişinin izdiham arasından keçərkən də mümkün olan hərəkət deyil. Belə hallarda nə qadın qabağa yeriyər, nə də yanındakı əri, oğlu, qardaşı onun əvvəlcə irəliyə addımlamasına imkan və icazə verər. Dağlarda, meşələrdə istər ailəvi istirahət vaxtı olsun, istərsə də qrup halında turizm səyahəti zamanı - bu nəciblik özünü hər yerdə göstərir. Yerüstü ictimai nəqliyyatda dəfələrlə ədəb-ərkanlı cütlüklərin avtobusa minib-düşməklərini müşahidə etmişik. Avtobusa qalxarkən kişi qadını irəli buraxır, düşərkən isə özü əvvəlcə düşüb xanımına enməyə kömək edir.
Budur bizim mentalitetimiz, milli-mənəvi dəyərimiz - mənəviyyatımızdan qaynaqlanan addımlar.
Böyük içəriyə daxil olanda ayağa qalxmaq cavanlarımızın mənəviyyatından irəli gəlmirmi?
Rastlaşarkən qadına birinci əl uzatmamaq, əgər qız, yaxud xanım əl uzatmırsa, bundan, ümumiyyətlə, vaz keçmək, sadəcə sözlə, yaxud kiçik bir jestlə salamlaşmaq kişilərimizin saf mənəviyyatından xəbər vermirmi?
Evimizə qonaq gələrkən birinci xoş reaksiyanı özümüzün göstərməyimiz də nəzakət qaydasından daha çox xalqımızın adət-ənənəsindən, qonaqsevərliyindən, yüksək mənəviyyatından irəli gəlir.
Müdirin birinci əl uzadaraq öz işçisi ilə salamlaşması bəlkə başqa bir ölkədə yalnız etiket qaydaları çərçivəsində olan hərəkətdir. Bizdə isə bu, təkcə etiket deyil, yüksək mənəviyyatdan irəli gələn təvazökarlıq, alicənablıqdır. Çünki vəzifəli şəxsin yanına hansı bir xahişlə gələn insanın, xüsusilə ixtiyar yaşlı insanın ayaqüstə qalmaması, probleminin həll olunub-olunmamasına baxmayaraq, ona ilk növbədə oturmağın təklif olunması da azərbaycanlı mədəniyyətinin və mənəviyyatının əlamətidir…
Və nə xoş ki, bu və digər dəyərlərimiz yaşayır, nəsildən-nəslə ötürülür. Bunları bilməyənlər az olsa da, ətrafında onlara örnək, nümunə olanların çoxluğu ürəkaçandır. Həm də o səbəbdən ki, yaxşı nümunədən bəhrələnmək də bizim insanların mənəvi, əxlaqi dəyərləri sırasındadır.
Flora SADIQLI,
"Azərbaycan"